Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərini güzəştə getməyə razıdır. Bunu “Fox News” telekanalına Trampın xüsusi nümayəndəsi Kit Kelloq deyib. Kelloqun sözlərinə görə, ABŞ da Rusiyanın bəzi ərazi tələbləri ilə qismən razılaşmağa hazırdır. Kelloq bildirib ki, ABŞ Londonda keçirilən görüşdə Ukraynada sülhün bərpa olunması üçün 22 konkret şərt irəli sürüb və Kiyev bu şərtlərlə razılaşıb.
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukrayna ərazilərinin itirilməsinə razı olsa, bu razılıq ən azı Zelenski siyasətinin iflası deməkdir.

“Bu qədər qan bu qədər itki, bu qədər dağıntı, o qədər göz yaşı və sonda ərazilərin itkisinə razılıq verilsin? 2014-cü ildə ruslar Krımı ilhaq edəndə Krımı bazarlığa görə ilhaq etmişdilər. Ukrayna buna doğru gedirsə, bunu Paraşenko da, elə Zelenski də edə bilərdi. O zaman bu müharibə nəyə lazım idi? Ukraynanı nə NATO-ya qəbul etdilər, nə Avropa Birliyinə qəbul etdilər. Ukrayna ərazilərindən imtina edərsə, bu zaman sual yaranacaq, nəyə görə? O zaman biz bunu deyəndə "divan politoloqları", burnundan o yanı görə bilməyənlər bizə qarşı çıxırdılar. Real siyasət başqa sahədir. Real siyasət "divan ekspertliyi" deyil. Real siyasət hər situasiyanı doğru qiymətləndirmək bacarığı və analiz etmək qabiliyyətidir. Bu da təəssüf olsun ki, Azərbaycanda qiymətləndirilmir. Azərbaycanda kütləyə oynayan artistlər göz önündədir. Siyasətçi, siyasi şərhçi adı ilə danışsınlar, kütlə əl çalsın və bundan da hər kəs xoş hal alsın. İndi belədir. Bundan sonra da təəssüf ki, belə olacaq. Amma düz söz deyən qəbul edilmir”-deyə Əhəd Məmmədli qeyd edib.
Politoloq vurğulayıb ki, Ukrayna gec-tez Rusiyanın işğalı altında olan ərazilərindən imtina edəcək.
“Ukrayna 2014-cü ildən Yanıkoviçin devrilməsi səhv siyasət idi. Prezident seçkilərində ikinci turda qalib gələn adamı meydanda, küçədə devirirlər. Niyə adamı devirdilər? Bir az dözərdilər prezident seçkiləri vaxtı gəlirdi. Seçkidə səs verməzdilər, klouna və ya konfet satana səs verərdilər. Seçərdilər. Rusiyanın əlinə niyə bəhanə verilməli idi axı? Bunu düşünmək o qədərmi çətin idi? Bu suallar Kriçkoya da aiddir. Bu suallaır hamıya Timaşenkoya, meydanlarda qəhrəmanlıq edən hamıya aid etmək lazımdır. Meydanları maliyyələşdirən Paraşenkoya aiddir. Hamıya aiddir. Niyə bunu etdiniz? Niyə dövlətinizi bu vəziyyətə saldınız? Sabah Zelenski və ya bir başqası ərazi itkisinə imza etsə, müxalifət Zelenskini və ya imza atan şəxsi ittiham edəcək. Amma Ukraynanın bu vəziyyətə düşməyində Zelenski kimi onlarında günahı var. 2014-cü il “Maydan” avantürasında kim iştirak edibsə, hamısının günahı var. Bu gün Ukraynanın bu günə düşməsində hamının günahı var”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info