ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair saziş imzalanıb və bu saziş çərçivəsində investisiya fondu yaradılacaq. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bloomberg-in məlumatına görə, saziş imzalandıqdan sonra Vaşinqton Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın inkişafı üçün investisiya layihələrinə çıxış əldə edəcək. ABŞ prezidenti Donald Tramp Kiyevlə yerin təki sazişinə münasibət bildirib və bəyan edib ki, Amerika mədən sənayesinin Ukrayna ərazisində olması ölkənin təhlükəsizliyini təmin edəcək.
Ukrayna Amerika ilə bu sazişi imzalamaqla nə qazandı və ya nə itirdi?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məhz Ukraynanın yeraltı zənginliklərinin birgə işlədilməsi ilə bağlı təklif Ukrayna tərəfinə məxsusdur: Hələ keçən il Ukrayna tərəfi Bayden administrasiyası ilə danışıqlarda belə bir təkliflə çıxış edib və bunun qarşılığında Amerikadan Ukraynanın təhlükəsizliyi üçün ciddi zəmanətlər almağı planlaşdırıb. O zaman bu məsələ tam şəkildə həllini tapmasa da, Bayden administrasiyasından sonra hakimiyyətə gələn Donald Tramp bu məsələnin üzərinə ciddi şəkildə getdi və Ukraynanın bu sənədi imzalamağa faktiki olaraq məcbur etdi.

Politoloqun fikrincə, Ukraynanın düşündüyü ilə Trampın düşüncələri arasında ciddi bir fərq var.
“Ukrayna bu sazişi imzalamaqla gələcəkdə özünün təhlükəsizlik təminatlarını almaq və Amerika investisiyalarını Ukraynaya cəlb etməyi düşünürdü. Tramp isə Ukraynanın bu yeraltı zənginliklərin işlədilməsinin qarşılığında Ukraynaya hansısa bir təhlükəsizlik təminatlarının verilməyəcəyini bəyan edirdi. Amerika bu sazişlə əldə olunan gəlirlərin idarə olunmasını faktiki olaraq, Ukraynanın əlindən alır və bu gəlirlərin əksər hissəsi Amerika Birləşmiş Ştatlarının Ukraynaya savaş zamanı etdiyi yardımların əvəzində Amerikaya çatmalı idi. Edilən yardımın rəqəmi də Tramp tərəfindən şişirdilərək 3,5 dəfə artırılıb. Ukraynaya edilən 100 milyardlıq dollar yardımın əvəzinə 350 milyard rəqəmini səsləndirməklə, həm də Ukraynaya təzyiq etməklə ona yardımı dayandırmaq təhdidi ilə belə bir saziş imzaladı”-deyən Oqtay Qasımov bildirib ki, Ukraynanın hazırda seçim imkanları məhduddur.
Oqtay Qasımov hesab edir ki, hansısa bir formada bu anlaşmanı imzalamaq əslində Ukraynanın zərərinə deyil: “Məhz bu mineral ehtiyatların istismarı üçün yeni texnologiyaların əldə olunması üzrə ciddi maliyyə mənbələri lazımdır və bu maliyyə vəsaitləri Ukraynada yoxdur.
Ukrayna bu anlaşma ilə özünün təhlükəsizlik məsələlərini də həll etməyə çalışırdı. Fond yaradılacaq və bu fonddan Ukraynanın savaşdan sonra qurulması üçün istifadə olunacaq.
Ukraynanın itirdiyini və ya qazandığını indidən demək çox çətindir. Hər halda bunu gələcək göstərər. İlk baxışda görünən odur ki, Ukrayna məhz bu anlaşmanı Amerikanın şərtləri ilə və onun təzyiqi altında imzaladı. Yəni Ukraynanın düşündüyü formada bu proses gerçəkləşmədi. Bütün hallarda Ukrayna hesab edir ki, Amerika Birləşmiş Ştatları prosesdə iştirak edərsə, ən azı dolayı yolla təhlükəsizlik zəmanəti almış olar. Və digər tərəfdən düşünür ki, bu anlaşma imzalanandan sonra məhz Rusiyanın işğalı altında olan və hələ də tanınmayan ərazilərdə gələcəkdə Amerika Birləşmiş Ştatları vasitəsilə həmin zənginlikdən istifadə istismarına imkan yarana bilər”.
Politoloq qeyd edib ki, Ukraynanın yeraltı zənginlikərinin əhəmiyyətli hissəsi məhz hazırda Rusiyanın işğalı altında olan ərazilərdədir və bu məsələdə Ukraynanın atdığı addımı anlamaq olar: “Ukrayna hazırda çox çətin vəziyyətdə olduğu üçün ABŞ-nın və digər ölkələrin təzyiqləri qarşısında müəyyən məcburi addımlar atmaq zərurətindədir”.
İradə Cəlil, Bizimyol.info