Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran Azərbaycanla münasibətlərdə yeni bir səhifə açmaq istəyir, amma həll olunmamış məsələlər var"
"İran Azərbaycanla münasibətlərdə yeni bir səhifə açmaq istəyir, amma həll olunmamış məsələlər var"

“İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və yüksək səviyyədə qarşılanması, eyni zamanda prezident İlham Əliyevlə apardıqları danışıqlar, həm də çoxtərəfli söhbətlər və imzalanan bir sıra sənədlər onu göstərir ki, artıq İran Azərbaycanın yeni reallığını görmək məcburiyyətində qalıb. Və sözsüz ki, bu yeni reallığa uyğun da davranmalıdır. Gərgin münasibətlərin dəyişdirilməsi və yaxud normallaşdırılması bir neçə əsas prinsipə əsaslanır. Bu prinsip beynəlxalq hüquq normalarına və diplomatik münasibətə söykənir. Tərəflər birbaşa dialoq və danışıqlar yolu ilə münasibətlər qurarlarsa, bir çox məsələləri müzakirələr və danışıqlar yolu ilə həll etmək mümkün ola bilər. Eyni hal beynəlxalq hüquqa hörmət məsələsi üçün də keçərlidir. İran Azərbaycanın suverenliyini, sərhədlərinin toxunulmazlığını və onun daxili işlərinə qarışmamaq prinsipinə sayğı göstərməli və beynəlxalq hüquqa hörmət etməlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, belə olan təqdirdə qarşılıqlı münasibətlərin yaradılması üçün zəmin hazırlanmış olur.

Sadiq İsabəyli Sadiq İsabəyli

“Burada İranın Azərbaycana münasibəti şəffaf olmalıdır. Onun yanaşması iki ölkə arasında münasibətlərin yaxşılaşması istiqamətində formalaşdırılmalıdır. Bu səfərdə biz gördük ki, bir sıra iqtisadi əməkdaşlıqdan söhbət getdi. Ortaq layihələr və ticarətin qurulması danışıldı. Bu da o deməkdir ki, Azərbaycanla münasibətlərdə yeni bir səhifə açmaq istəyirlər. Bu da əslində bir çox reallıqları ortaya qoyur və bu reallıqlar Azərbaycan dövlətinin yaratdığı reallıqlardır. Qarabağ savaşından sonra Azərbaycanın yaratdığı yeni reallıq, geopolitik və strateji münasibətlərin yeni formasında inkişafı məsələsi sırf Azərbaycanın qələbəsi ilə ortaya qoyulan bir məsələdir. Bu reallığın dəyişdirilməsində İran hər hansı bir təşəbbüs göstərmədi, əksinə bir çox təxribatlara əl atdı. Yəni İkinci Qarabağ savaşında İranın Ermənistana verdiyi həm diplomatik, həm siyasi, həm də hərbi dəstək onu göstərirdi ki, İran Azərbaycan torpaqlarının işğal probleminin həll edilməsini və regionda yeni reallığın yaranmasını istəmirdi. Bu vəziyyət balanslaşdırılmış bir şəraitin ortaya çıxmasına səbəb olacaqdı. Bunun da mahiyyətində Azərbaycanın güclənməsi dururdu. Biz o zamanlar görürdük ki, İran Azərbaycana qarşı münasibətdə zaman-zaman həm media üzərindən, həm də rəsmi açıqlamaların vasitəsilə basqılar edirdi”-deyən Sadiq İsabəyli qeyd edib ki, İranın mövqeyi dəyişmədikcə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsindən danışmaq bir az tezdir.

Siyasi şərhçi bildirib ki, ticari əlaqələr, ölkələrin suverenliyinin tanınması və ölkələr arasınd iqtisadi, enerji, nəqliyyat sahəsində münasibətlərin qurulması müsbət haldır.

“Siyasi münasibətlərin qurulmasında bir çox məsələlər həll olunmayıb. Azərbaycanın səfirliyinə İran rejiminin ünsürləri hücum ediblər, orada terror aktı törədilib və bu məsələ hələ də öz həllini tapmayıb. Azərbaycan dövlətinin də gözləntilərindən biri budur ki, bu məsələ ədalətli şəkildə həll edilsin. Bu prosesin həlli yönündə İran konkret siyasi iradə nümayiş etdirsə, qarşılıqlı etimadın qurulması məsələsi baş tutar və bu vəziyyət yeni bir prosesə, yeni bir dönüş mərhələsinə gətirib çıxara bilər. Amma biz görürük ki, bu məsələ öz həllini tapmayıb. İran rejimi dini və siyasi, ideoloji, təxribat xarakterli fəaliyyətini davam etdirməyəcəksə, son qoyacaqsa bu münasibətlərin qurulmasında, yəni siyasi münasibətlərin yaxşılaşdırılmasında da mühüm addım olacaq. Eyni zamanda Azərbaycan dövlətinin daxili və xarici siyasətinə qarışmamaq məsələsi və yaxud ona qarşı hər hansı birbaşa və ya dolayısı ilə təzyiq göstərmək məsələsi var. Yəni İran rejimi əgər fikirləşirsə ki, Azərbaycanın digər dövlətlərlə münasibəti onun siyasi, ideoloji və dini mahiyyətinə qarşı bir münasibətdir. Bu da o deməkdir ki, həmin dövlət artıq Azərbaycan dövlətinin həm daxili və həm də xarici siyasətinin müstəqilliyinə qarışmış olur. Təbii ki, İran bu mövqeyindən əl çəkilməlidir”-deyən Sadiq İsabəyli vurğulayıb ki, bu səfərin iki ölkə arasında olan gərginlikləri nə qədər aradan götürə bilmək məsələsi İran tərəfinin mövqeyindən asılıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »