“İran prezidenti Məsud Pezeşkianın ölkəmiz səfəri tarixi xarakter daşıyır. Çünki, Tehranda yerləşən səfirliyimizə qarşı baş vermiş terror hadisəsindən sonra Azərbaycanla İran arasında münasibətlərdə bir soyuqluq yaşanırdı. İran prezidentinin səfəri çərçivəsində ölkələrimiz arasında münasibətlər üzrə bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq”.
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, İran yaxın qonşumuzdur, İranda 35 milyondan çox azərbaycanlı yaşayır və xalqlarımız oxşar dini-mədəni adət-ənənələrə malikdirlər.

“Siyasi müstəvidə ölkələrimiz arasındakı münasibətlərdə mövqelərimizin yaxınlaşması beynəlxalq platformalarda sözümüzün gücünü artırır, regionumuza sülh və əməkdaşlığın gəlməsinə töhfə verir. Azərbaycanla İran arasında iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir. Belə ki, ölkəmizin ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizi Hindistandan İranın dəniz limanlarına gələn yüklərin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə şaxələndiririk. Bu dəhlizə beynəlxalq maraq günü-gündən artmaqdadır. O cümlədən, Naxçıvana İran üzərindən yeni yol çəkilir və bu yol Araz dəhlizi adlanır. Araz dəhlizinin açılması Naxçıvanla birləşməyimizlə yanaşı, İrana da yeni imkanlar qazandıracaqdır. Həm də ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq dərinləşməkdədir”-deyən Azər Badamov qeyd edib ki, İran prezidentinin ölkəmizə səfəri çərçivəsində ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə oluna bilər.
Deputat hesab edir ki, ümumiyyətlə prezident Məsud Pezeşkianın ölkəmizə səfəri Azərbaycan-İran arası münasibətlərdə yeni bir səhifənin başlanğıcı olacaq.
İradə Cəlil, Bizimyol.info