Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Baş katibi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə bağlı əldə olunmuş nəticələrə görə təbriklərini çatdıraraq, iki ölkənin münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələrin aparıldığını qeyd edib. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Görüşdə Azərbaycan ilə ATƏT arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) məhkəmə islahatlarının aparılması, gender bərabərliyinin təmin olunması, transmilli cinayətkarlıqla mübarizə və sərhəd idarəçiliyi kimi məsələlərdə Azərbaycanın müvafiq strukturları ilə əməkdaşlıq həyata keçirir: Miqrasiya məsələləri, insan alveri ilə mübarizə, narkotik və silahın qanunsuz dövriyyəsi ilə mübarizə məsələləri və s. müxtəlif səpkidə gənclər üçün müxtəlif layihələr icra olunur. Müxtəlif universitetlərlə də ATƏT-in bu və ya digər formada əməkdaşlığı özünü göstərir. Su ehtiyatlarının dayanıqlı şəkildə idarə olunması ilə bağlı müxtəlif ekoloji monitorinqlərin və təbiətdə biruzə verən risklərin qarşısının alınması istiqamətində də ATƏT müxtəlif təşəbbüslərin həyata keçirilməsində bu və ya digər formada maraqlıdır.

Deputat qeyd edib ki, hər bir halda Azərbaycanın “Minsk” qrupu ilə bağlı mövqeyi birmənalı şəkildə sərgilənib və Azərbaycan mövqeyi tam şəkildə beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.
“Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hərbi və siyasi yollarla tam təmin edərkən, təbii ki,Helsinki yekun aktının təməl prinsiplərinə uyğun bir siyasət həyata keçirmişdir. Önəmli olan məsələ həm də ondan ibarətdir ki, ATƏT-in missiyası bütövlükdə sülh və təhlükəsizliyi bərqərar olmasına xidmət edən bir missiyanı özündə ehtiva edirsə, Azərbaycan faktiki olaraq ərazi bütövlüyünü təmin etməklə ölkə ərazisində separatçılığa son qoymaqla və dünyada gedən siyasi kataklizmalar fonunda, bir çox ölkələrdə separatçılığın hələ də tüğyan etdiyi bir şəraitdə ATƏT-in missiyasına uyğun olan təhlükəsizlik mühitinin yaradılmasına xidmət edən bir bir siyasət yürüdürsə, bu da təbii ki, BMT-nin Təhlükəsizlik Şurasının, BMT-nin nizamnaməsinə uyğun olan bir şəraitdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu kimi fəaliyyətləri yalnız alqışlamalı və sırf bölgədə sülh və təhlükəsizliyin təmin olmasına xidmət edən bir siyasət yürütməlidir”-deyə deputat bildirib.
Azər Allahverənov qeyd edib ki, keçirilən məlum görüşdən sonra ATƏT-in Cənubi Qafqazla bağlı gündəliyində sülh və təhlükəsizlik məsələləri, eyni zamanda sülhə və təhlükəsizliyə maneçilik törədən qüvvələr üzərində onun təzyiq mexanizmlərinin işə düşdüyünün şahidi ola bilərik.
“Cənab prezident ADA universitetində keçirilən görüş zamanı bu məsələyə də toxundu ki, zaman-zaman müxtəlif müstəvilərdən, ATƏT-in kluarlarında səslənən fikirlər olurdu ki, bu gün həmin bu kimi fikirlər, sülh və təhlükəsizliyə maneçilik törədən fikirlər birmənalı şəkildə Azərbaycanın maraqlarına cavab vermir, bu ölkənin daxili işlərinə qarışması kimi də dəyərləndirilir. Bu səbəbdən də, təbii ki, bu tipli fikirlər irəli sürən təşkilatlara artıq Azərbaycan cəmiyyəti trəfindən etibar olunmur. Ona görə də burada ATƏT özünün sülh gündəliyini bir daha yəqin ki, nəzərdən keçirməlidir. Və məlum görüşdə Azərbaycan tərəfinin ortaya qoyduğu mövqeyə uyğun olaraq öz siyasətini müəyyənləşdirməlidir. Azərbaycanın bu mövqeyi qeyd etdiyim kimi, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Kifayət qədər konstruktiv bir yanaşmanı özündə əks etdirir. İstənilən revanş, istənilən qisas, hansı ki, Ermənistanda kifayət qədər biruzə verən hisslərdən biridir. Bu tipli cəhdlərin qarşısının alınmasına hesablanmış bir siyasətdir ki, ATƏT əgər həqiqətən də Cənubi Qafqaz bölgəsinin sülh və təhlükəsizliyə maraqlıdırsa, buna uyğun siyasət və davranış sərgiləməlidir”-deyə Azər Allahverənov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.