Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Azərbaycan prezidenti görüş zamanı vurğulayıb ki, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Prezident deyib: Azərbaycanla Avropa İttifaqı arasında qazla yanaşı, nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. Məlumdur ki, artıq Aİ Azərbaycanın regional və geosiyasi əhəmiyyətini qəbul edir. Azərbaycanın Xəzər dənizi - Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirir. Kallasın səfəri deməyə əsas verir ki, Aİ-lə Azərbaycan arasında ikitərəfli əlaqələr yeni müstəviyə yüksəlir...
Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərində yeni bir səhifənin başlanğıcı kimi qeyd etmək olar.

“Aİ Azərbaycanla əməkdaşlığa böyük dəyər verir. Bu gün ölkəmiz Avropanın 10, Aİ-nın isə 8 ölkəsinə qaz ixrac edir. O cümlədən, Qara dənizin dibi vasitəsilə çəkiləcək kabel xətti ilə yaşıl enerji ilə Avropa İttifaqı ölkələri təmin edəcəyik. Bu da təbii ki, geniş miqyasda Azərbaycan Aİ-nın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun artmasının göstəricisidir”-deyən deputat vurğulayıb ki, Azərbaycan həm də beynəlxalq nəqliyyat dəhlizləri ilə Avropa ilə Asiya arasında körpü yaradıb, Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı qarşılıqlı fayda və hörmət əsasında davam etdirilməlidir.
Deputat bildirib ki, görüşdə Prezident İlham Əliyev Kaya Kalasla Azərbaycanın regional sülhlə bağlı baxışlarımızı və Aİ ilə əməkdaşlığın əhəmiyyəti haqqında məsələlər müzakirə edib.
Azər Badamov hesab edir ki, Avropa İttifaqı da yaratdığımız yeni reallıqlara və ölkəmizlə əməkdaşlığın dərinləşdirilməsinə böyük dəyər verir.
İradə Cəlil, Bizimyol.info