Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ürəyin nazını necə çəkək?
Statistikaya görə dünyada hər il 15 milyondan çox  insan ürək damar xəstəlikləri səbəbi ilə vəfat edir.Xəstəliyin yaşı cavanlaşmaqda, xəstələrin sayı isə artmaqdadır. Bunu insanın yaşam tərzinin dəyişməsi, stress hallarının artması ilə əlaqələndiriənlər çoxdur. Ürək damar xəstəlikləri ilə necə mübarizə aparmaq olar. Bu xəstəliyə tutulmuş insanların həyat tərzi necə olmalıdır? Ürəyimizin nazını necə çəkək? "Bizim Yol" qəzetinin bütün bu suallarına  kardioloq Rəşid Heybətov cavab verir.

-Həkim, çox vaxt deyirlər ki, fəsil dəyişməsi ilə, qanın qaynamağa başlaması ilə bəzi xəstəliklər də aktivləşir, oyanır. Bu ürək xəstəliklərinə də aid edilirmi?

- Bəli, iqlim dəyişkənliyinin  xəstəliklərin fəllaşmasında rolu var. Ürək çox həssas bir  orqan olduğu üçün o da fəsil dəyişkənliyinə reaksiya göstərir. Soyuq havalarda   sağlam ürək daha da aktivləşir və bədəni rahatlaşdırır. Xəstə ürək barəsində bunu deyə bilmərik. Xəstə ürək kifayət qədər aktiv ola bilmədiyi üçün ona kömək göstərmək lazım gəlir. Ürək xəstələri  mövsümi qaydalara əməl etməli və həyat tərzlərini buna əsasən proqramlaşdırmalıdırlar. Yaz aylarında su itkisinin qarşısını almaq üçün dərmanların dozalarını həkim nəzarəti ilə nizamlamaq lazımdır. Başqa sözlə desək avtomobili yaz- qış mövsümünə necə hazırlayırıqsa, ürəyimizi də o qaydada mövümə hazırlamalıyıq.

-Ürək damar xəstəliklərinin yaranmasına nələr səbəb olur?

-Hər zaman dədə-babalarımızdan bir söz qalıb, onun işlədildiyini eşidirik. “Arsız adam qocalmaz” deyərlər. Arsız deyərkən əslində abırsızlığı, həyasızlığı nəzərdə tutmayaq. Hər  xırda şeyi özünə dərd edən, özünə  fikirlərlə əzab verməyi xoşlayan insanlar var. Ürək xəstəliklərinin yaranmasının ilk səbəbi  güclü stress, fikir, qəmdir. Ürəyinizi sağlam saxlamaq üçün onu yükləməyin. Bu ilk şərtdir.

Ürək-damar xəstəliklərində işemik xəstəliklər – Miokard infarktı, Ateroskleroz, Stenokardiya (Döş inağı) daha çox yer tutur. Bu xəstəliklər əsasən irsi yolla ötürülür. Davamlı stres içində yaşanan bir ömür, əsəbilik, digər orqanların verdiyi zədələnmələr də bu xəstəliyin üzə çıxmasına səbəb ola bilir. İndi piylənmə qədər metabolik sindrom faktoruna da diqqət etmək lazımdır.

Metabolik sindrom- qarın çevrəsinin böyük olması, qanda triqiliseridlərin miqdarının 150 mg/dL və daha yüksək olması, yaxşı xolesterolun (HDL) miqdarının qadınlarda 50 mg/dL, kişilərdə isə 40 mg/dL-dən az olması, sistolik qan təzyiqinin 130 millimetr civə sütunu (mmHg) və daha çox olması, diastolik qan təzyiqinin 85 mmHg və daha çox olması, qanda qlükozanin 100 mg/dL və daha çox olması, insulinə rezistentlik və ya qlükoza intoleransi (bədən insulin və qan şəkərini uyğun olaraq istifadə edə bilmir) ilə xarakterikdir. Ürək damar xəstəliklərindən qorunmaq üçün ilk növbədə insan çəkisinə diqqət göstərməlidir.Ürək bir mühərrikdir. Kiçik həcmli mühərriklə böyük yük tutumuna malik avtomobili necə idarə etmək olar sizcə? Gücü yetməyəcək və sıradan çıxacaq. Bax bu kimi sadə bir misalla  ürəyimizlə bədən ölçümüz arasındakı asılılığı  anlaya bilərik.

-Həkim, deyirlər insan nə yeyirsə odur. Başqa sözlə sağlamlığımız qidalanmağımızdan çox asılıdır.Ürək- damar xəstələri necə qidalanmalıdırlar?

- Dənəli bitkilərdən, sarımsaq, limon, dəfnə yarpağı, qreyprfrut, güləm, yemişan meyvəsi və s. Bol-bol istifadə etmək lazımdır. Ürək xəstələri meyvə- tərəvəzə, ağartı məhsullarına üstünlük versələr daha yaxşı olar. Hər gün mütləq ən az bir dəfə nanə çayı için. Yaz fəslində qızılgül  ləzəklərindən dəmləmə çox faydalıdır. Qanduraldıcı  təbii vasitələr ən yaxşı köməkçilərdirlər. İlərdir ürək xəstələrinə yumurta qadağan edilirdi. Lakin aparılan son araşdırmalar sübut edib ki, yumurta yeməmək Omega-3 və Omega-6 tarazlığını pozur. Günaşırı səhər yeməyində qaynanmış 1-2 ədəd yumurta yemək məsləhətdir.

-Bu xəstəliyə tutulmuş insanların həyat tərzi necə olmalıdır? Ürək xəstələrinə nə məsləhət verərdiniz?

-Siqaret çəkən insanlar çəkməyənlərə nisbətən iki dəfə daha çox risk altındadırlar. Siqareti kəsin. Siqaret çəkən insanlarda  miokard (ürək əzələsi) infarktını siqaret çəkməyənlərə nisbətən daha ağır keçirir. Siqaret gənc yaşda infarkt keçirmə ehtimalı artırır. Alkoqollu  içkiləri azaldın. Lakin qırmızı şərabı miqdarını artıq etməmək şərti ilə içmək hətta faydalıdır. Gündə 1-2 qədəh qırmızı şərab içməyə icazə verilir. Xolesterol səviyyəsinə diqqət edilməlidir. Həddən artıq xolesterol ürəyi qidalandıran damarların iç səthini tutaraq, damarın vaxt keçdikcə daralmasına səbəb olur və ürəyin qidalanması pozulur. Təzyiqinizi kontrol edin. Hərəkətli insan olun. Sizə rahatlandıran, kədərləndirməyən şən musiqqilərə qulaq asın. Bacarın gülmək üçün səbəbləriniz olsun. Əhval ruhiyyənizi yüksək tutun ki, azar sizdən qorxsun, siz azardan deyil. Hər gün 6-8 saatlıq yuxu rejiminin olmasına diqqət edin, əsəb yaradan situasiyalardan uzaq durun. Qan şəkərinizin səviyyəsinə daima nəzarət edin.Fiziki aktivlik ürəyin sağlamlığı üçün çox vacibdir. Bütün digər əzələlər kimi, ürək də aktiv işləməlidir. Ürək üçün ən xeyirli fizki aktivlik üzgüçülük, qaçış və uzaq məsafələrə yerimə sayılır.Ürəyi xəstə adamlar qaçmamalıdırlar. Lakin hər gün mütləq şəkildə ən az 5 min addım atmağa  səy göstərməlidirlər. İnsan nəyi isə itirmədən onun dəyərini bilmir. Düşünün ki, yerimək qabiliyyətinizi itirmisiniz. Necə həsrətlə yerimək arzusunda olardınız. Bunu bu gün bacarırsınızsa niyə yeriməyəsiniz ki?! Hamımız qocalırıq. Qismət olub  qocalsaq yerimək, hərəkət etmək arzusunda olacağıq. Elə əl- ayağımız yer tuturkən bunu niyə etməyək?

-Həkim, ölkəmizdə ürək əməliyyatı olunmaq istəyən xəstələrin sayı çoxdur. Lakin hər kəsin buna maddi imkanı çatmır. Bu vəziyyətdən necə çıxmaq olar?

-Dünya Səhiyyə Təşkilatının statistikasına görə ürək-damar xəstəlikləri dünyadakı ölümlərin 1 nömrəli səbəbidir. Dövlət Statistika Komitəsindən 2014-cü ildəki məlumatına görə, Azərbaycanda  dünyasını dəyişmiş 55 648 nəfərdən 33 453 nəfərin ölüm səbəbi  qan dövranı sistemi xəstəlikləri olub. Yəni ölənlərin yarıdan çoxunun ölüm səbəbi ürək- damar xəstəlikləridir deyə bilərik. Bu çox ağır göstəricidir.Ürək xəstəliklərindən qorunmaq daha asan və ucuzdur. Dövlət səviyyəsində hansı tədbir görülə bilər? Dünya təcrübəsində belədir ki, Avropada, ABŞ-da diabet xəstələri kimi, ürək xəstələri də qeydiyyata alınırlar. Ürək xəstəliklərinin müalicəsi heç də ucuz deyil. Doğru buyurusunuz ki, bir çoxlarının buna imkanı çatmır. Amma məcburi tibbi sığorta ilə vəziyyətdən çıxış yolu tapmaq olar. Son olaraq hər kəsə demək istəyirəm ki, gözünüzdə böyütdüyünüz  gündəlik sosial problemlərin hamısını bir neçə il sonra təbəssümlə qarşılayacaqsınız, bəlkə də heç xatırlamayacaqsınız. Ona görə də ən xırda  problemləri özünüzə  dərd kimi yox, həyat mübarizənizdə növbəti dəf olunacaq bir pillə kimi görün. Özünüz özünüzə qalib gəlin. Mənəvi –psixoloji baxımdan güclü olsanız  xəstəliyinizi müalicə etmək asan olacaq. İnsan ilk növbədə özü- özünün həkimi olmalıdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »