ABŞ Hökumətinin Səmərəliliyin Artırılması İdarəsinə (DOGE) nəzarət edən İlon Mask siyasi solun hücumlarından yorulan ABŞ administrasiyasını tərk etməyə hazırdır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Maskın gedişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun xüsusi dövlət işçisi statusunun mayın sonunda başa çatacağı gözlənilir. Nəşrin adını açıqlamayan mənbəsinin sözlərinə görə, milyarder “solçu siyasətçilərin xoşagəlməz və qeyri-etik hücumlarına qarşı durmaqdan yorulub”.
Nəşrin mənbəsinin qeyd etdiyi kimi, Mask hesab edir ki, onun yoxluğu DOGE-nin işinin səmərəliliyinə mənfi təsir göstərməyəcək, çünki departamentin əməkdaşları prosesi artıq qurublar.
Amerikanın “Politico” qəzetinin aprelin 2-də verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp yaxın adamlarına Maskın oynadığı siyasi rolun yaxın həftələrdə azalacağını bildirib. Nəşrin mənbələri bildirirlər ki, Mask ilk növbədə biznesə diqqət yetirəcək və "dəstəkləyici siyasi rol olaraq", ehtimal ki, Trampın "qeyri-rəsmi məsləhətçisi mövqeyini qoruyub saxlayacaq".
Aprelin 3-də Ağ Evin rəhbəri Maskın Vaşinqton administrasiyasında ən azı daha bir neçə ay işləyəcəyini açıqlamışdı.
Bundan əvvəl Tramp şişmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər görəcəyini açıqlamışdı. Bu məqsədlə o, milyarderə hökumətin səmərəliliyini artırmaq üçün agentliyin işinə nəzarət etməyi tapşırıb. Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini bildirib. DOGE-nin hərəkətləri hakimiyyət orqanlarında minlərlə əməkdaşının işdən çıxarılması və bir çox maliyyə yardımı proqramlarının dayandırılması ilə nəticələnib.
Qadir, Bizimyol.info