Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkəmizin şəfalı təbii sərvətləri - Hər daşında min illərin sirri yatan Azərbaycan
Odlar yurdu deyiblər Azərbaycana ulularımız. Amma hər daşı, bir ovuc torpağı can dərmanıdır deməyiblər nədənsə?

Azərbaycan təbiəti dedikdə yadıma ilk növbədə Dədə Qorqud boyları əsasında yazılmış “Ana südü, dağ çiçəyi” hekayəsi düşür. Ana ox yarası ilə ölümcül hala düşmüş oğlunu dağlardan dərdiyi şəfalı otları öz südünə qataraq sağaldır.Bu əfsanədə əslində ana təbiətin şəfaverici gücünə, hər otun, hər çiçəyin bilmədiyimiz sirlərinə də diqqət çəkilir.

Azərbaycanın mövcud təbii-coğrafi şəraiti, zəngin təbii ehtiyatları ekoloji mühiti, təbiəti başdan başa şəfa mənbəyidir.

Son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli, təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazasının yaradılması istiqamətində respublikamızda çox işlər görülüb. Davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması istiqamətində müəyyən institusional tədbirlər həyata keçirilib. Azərbaycanda sağlamlıq və ekoturizm üzrə işçi qrupları yaradılıb

Bakıda Turizm Şurasının VI iclasında sağlamlıq turizmi üzrə işçi qrupu yaradılıb. Ölkədə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə bu sahə üzrə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi xüsusi önəm kəsb edir.

“Beynəlxalq səviyyədə tanınan həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq.Strateji Yol Xəritəsinə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub”

Ekoturizm və təbii sərvətlərimizdən istifadə üçün dövlət səviyyəsində işlər görülüb. Bu təqdirəlayiq haldır.

Maral buynuzunun möcüzəsi – Cavanlıq iksiri

Qədim dövrlərdən gələn metodlar bu gün də alternativ tibdə maraqla qarşılanır. Bunlardan biri də Altay maralının buynuzundan istifadə olunaraq aparılan müalicədir. Hələ e.ə. 168-ci ilə aid olan əlyazmada pant vannaları haqqında məlumat verilib. Maralın tam sümükləşməmiş buynuzu pant adlanır. Deyilənə görə, pant vannaları 52 xəstəliyin çarəsidir.

2015-ci ildə “Cənnətbağı Altıağac” istirahət mərkəzinin ərazisində maralçılıq təsərrüfatı yaradıldı. Burda “Altay Maralı ” sağlamlıq və müalicə mərkəzinin fəaliyyətə başladı.

"Altay Maralı" sağlamlıq və müalicə mərkəzinin pasiyentlərə Pant vannaları, pant maskaları, pant mikro imalələri, fito cəlləkdə buxar prosedurları və digər xidmətlər təklif olunur . Burada həmçinin maral buynuzundan hazırlanmış tibbi və kosmetoloji preparatları da burada əldə etmək mümkündür.Hazırda təsərrüfatda 120-ə yaxın maral saxlanılır.

Maral ilboyu böyüyən və ildə bir dəfə təbii şəkildə qırılıb düşən buynuza malik yeganə məməlidir. Maralın buynuzu baharda, aprel-may aylarında sümükləşməmiş şəkildə olanda kəsilir. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Buynuz müalicəsi 10 gün davam edir.

Maral buynuzundan hazırlanmış bulyonda 36, 37, hətta 40 dərəcəlik temperaturda 20 dəqiqə ərzində vanna qəbul edilir.

Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır. Pant vannaları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir, arterial təzyiqi tənzimləyir, varikoz genişlənmənin inkişafını zəiflədir, müxtəlif onurğa və oynaq xəstəlikləri zamanı effektivdir.

Travmalar və əməliyyatdan sonrakı bərpa dövründə sağalma prosesini sürətləndirir. Mədə-bağırsaq sistemi, bronxial astma, dermatoloji xəstəliklərin müalicəsində, hətta piylənmə zamanı pant vannası geniş istifadə olunur. Bu müalicə metodunun unikallığı xəstələrin heç bir ağrı hiss etməməsidir. Yalnız onkoloji problemlər zamanı pant vannası qəbul etmək məsləhət görülmür. Üstəlik, sübut olunub ki, pant vannası qəbul edən şəxs bir neçə il cavanlaşır.

Dünya şöhrətli Naftalan, Duzdağ və Qalaaltı kurortları

Azərbaycanın daha bir təbii sərvəti Naftalan yağıdır.

Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzləri ötən il 12 min turistə öz qapılarını açıb.

Sanatoriyanın baş həkimi Nəzakət Əhmədovanın sözlərinə görə, Naftalan nefti güclü iltihab əleyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı, digər effektiv xüsusiyyətlərə də malikdir.

Naftalan neftilə müalicə daha effektlidir. Dərmandan fərqli olaraq əks və ya əlavə təsirə malik olmur. Misal üçün, sümük-oynaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar mədə-bağırsağa çox təsir edir. Amma Naftalanda əksinədir. Sonzuluqla bağlı uzun müddət dərmanla müalicə aparılması hormonal çatışmazlıqlar yaradır, Naftalan isə təbii müalicədir",- deyə həkim bildirib.

Azərbaycanda ekoturizm və sağlamlıq turizmində mühüm rol oynayan təbii sərvətlərimizdən biri də Duzdağ adı ilə məşhurlaşmış Duzdağ müalicə mərkəzidir.

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən 14 km uzaqlıqda, 1173 metr hündürlükdə və 5 ulduzlu “Duzdağ” mehmanxanasından iki kilometr məsafədə yerləşir. Yeraltı və yerüstü hissələrdən ibarət olan Mərkəz 1979-cu ildən xəstəxana kimi fəaliyyətə başlamış, 2006-cı ildə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunmuşdur. Hazırda Mərkəzdə 300 yataq yeri mövcuddur. Mərkəzdə il ərzində 1600-1700 xəstə qəbul edilir. Burada İki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir.

Daha bir möçüzə şəfalı Qalaaltı suyudur.Dəvəçi rayonunun (indiki Şabran-red.) 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, ən şəfalı guşələrindən birində - dağətəyi meşədə 1969-cu ildə yeni mədən suyu tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Suyun debiti hər dəqiqədə 10.000 litrdən artıqdır. Alimlərimizin apardıqları hidrogeoloji, fiziki-kimyəvi, biokimyəvi tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər ölkəmizdə Truskavetsin "Naftusiya" suyu yeganə hesab olunurdu. İndi artıq onun oxşarı tapılmışdır. "Qalaaltı" mədən suyu hidrokarbonat-kalsium, xlorid-sulfat-natrium mədən sularındandır və tərkibində çoxlu miqdarda hidrogensulfid vardır. Həmin su özünün tərkibindəki kimyəvi maddələrin köməyi ilə daşəridici xassəyə malikdir, eyni zamanda, iltihab əleyhinə də təsir göstərir.

Adıçəkilən bu təbii sərvətlərimiz ölkəmizin adının dünyanın müxtəlif ölkələrində çəkilməsinə səbəb olur. Minlərlə turist məhz bu sağlamlıq mərkəzlərinə üz tutub gəlir. Sağlamlıq turizminin ölkə iqtisadiyyatına verdiyi fayda da xüsusilə qeyd edilməlidir.

Təbii sərvətlərdən istifadə edərkən insan özü faydalanıb, təbiəti yaralamamalıdır

Azərbaycanda zəli müalicəsi alternativ müalicə metodu kimi çox geniş yayılıb. O qədər geniş yayılıb ki, AMEA Zoologiya İnstitutu artıq həyəcan təbili çalır. Dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var. Zəlinin yalnız bir növü — tibb və ya "aptek zəlisi" tanınan növü insana faydalıdır. Amma aidiyyəti qurumlar bildirir ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması belə davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq.

Zəli müalicəsi, başqa sözlər, hirudoterapiya adlanan bu müalicə üsulu hələ qədim zamanlar da istifadə olunub. XVII əsrdən sonra zəli ilə müalicə üsulu tədricən unudulsa da, son dövrlərdə bu müalicə üsulu yenidən aktuallaşıb.

Günümüzdə zəli ilə müalicə olunan xəstəliklər, əsasən ginekoloji xəstəliklər, hipertoniya, varikoz xəstəliyi, onurğa sütunu və oynaq xəstəlikləri, sinir sistemi pozulmalarıdır. Amma hər bir müalicə sistemində olduğu kimi, burada da əməl olunması vacib qaydalar var.

İlkin olaraq zəli müalicəyə hazır vəziyyətə gətirilməlidir. Qış və yaz hovuzunda yetişdirilən zəlilər sonradan xüsusi qablara — banka və balonlara yığılaraq 6 ay saxlanılır ki, bədənləri sterlizə olunsun. Bədəni təmiz olmayan zəli zəhərlənmə verə bilər.Müalicə seansı zamanı zəli qana 100-ə yaxın bioloji aktiv maddə yeridir: "Bu maddələrdən ən vacib olanı hirudindir. Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsini əngəlləyir, damarları təmizləyir.

Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir.Zəli özü bioloji aktiv nöqtələri taparaq ora yapışır. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur.

Əlbəttə, bütün bunlar Azərbaycandakı şəfaverici təbii mənbələrin yalnız bir qismidir. Daşı torpağı qızıldır, ana yurdumun.Yetər ki, dəyərini bilək, layiqincə qiymətləndirib istifadə edək. İstifadə edərkən sui-istifadəyə yol verib gələcək nəsilləri bu sərvətlərdən məhrum etməyək və ən əsası da anamız təbiətə zərbə vurmayaq. Onun səxavətlə təqdim etdiyi bütün nə varsa insana xidmət edir. İnsan bu səxavətin qarşısında naşükür olmamalı, insanca cavab verməyi bacarmalıdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »