Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bioenerjidən istifadə problemləri
Bu sahəyə yetərli qədər diqqət ayrılmır

Deyirlər böyük Loğman kimi tanınan İbn Sinanın yolu bir gün Odlar Yurduna düşür. İnsanların yosma daxmalarının çöl divarlarına yaparaq qurutduqları təzəyi evdəki buxarılarda yandırdıqlarını görən böyük Loğman çox təəccüüblənir. Düşünür ki, bu tüstü duman insanları məhv edər, təzəkdəki parazitlər insanları xəstə salar. Lakin bir qədər də araşdırmalar aparıb görür ki, bitki ilə qidalanan heyvanın təzəyindən yaranan istilik, tüstü ziyansızdır. Daha sonra yay aylarında eyni yerdən keçərkən kənd camaatının qarpız yediyini görən ustad deyir ki, buralara Allah dərd veribsə də, dərmanını da verib.Qışda orqanizmə yığılmış bütün zərərli maddələr yayda qarpızla təmizlənib gedər. Bəlkə də bəsit yanaşmadır, lakin bu da həqiqətdir ki,təbiət özü bütün dərdlərə qarşı töhfələrini də verib bu ellərə . Yetər ki, dilini biləsən, nəyin nəyə çarə olduğunu öyrənəsən. Bu gün yenə də ucqar rayonlarda, kəndlərdə istilik əldə etmək üçün bu qədim üsuldan istifadə olunur.

Bioenerji nədir?

Bioenerjidən çox qədim zamanlardan istifadə olunur. Müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir. Ağacların yaşıl yarpaqları günəş şualarının fotosintezinin köməyi ilə yaşıl kütlə xlorofil istehsal olunur. Fotosintez nəticəsində sadə kimyəvi maddələr karbon qazı və suya çevrilir və oksigen ayrılır. Fotosintez–bioloji prosesin enerji əsasıdır.

Biokütlə fotosintez nəticəsində özü enerji mənbəyinə çevrilir. Adətən bu, istilik enerjisi olur. Ancaq biokütlədən, elektrik enerjisi və duru yanacaq istehsal etmək mümkündür. Biokütlənin ən geniş yayılan növü kağız tullantıları, ağac kəpəyidir. İl ərzində dünyada 130 milyard ton quru yanacaq, bu il ərzində 660000 kVt.saat enerjiyə ekvivalentdir. Dünyada il ərzində bioenerji tələbatı 15000 kVt.saatdır. Dünya əhalisinin yarısı biokütlədən istifadə edərək enerji istehsal edir.

Orta hesabla bir adama il ərzində 700 kq odun yanacağı sərf edilir. Kəsilən ağacların yarıdan çoxu istilik almaq məqsədi ilə istifadə edilir.

Dünya təcrübəsi göstərir ki, ucqar kənd yerlərində evləri bioqazdan istifadə etməklə qızdırmaq daha sərfəlidir. Məsələn, bioqazın payı Danimarkanın ümumi enerji balansında 18%, İsveçrədə 10% təşkil edir.Çin, Hindistan, Nepal, Vyetnam kimi ölkələrdə isə məişət üçün nəzərdə tutulmuş kiçik bioqaz qurğuları geniş istifadə edilir. Qeyd edək ki, bioqazın tərkibi təbii qaza çox yaxın olub üzvi tullantıların bakteriyalar vasitəsilə çürüdülməsindən alınır. Bioqaz bioloji kütlənin anaerob qıcqırması nəticəsində yaranan, metan qazının ayrılması ilə müşayiət olunan qazdır. Anaerob qıcqırma havasız şəraitdə baş verən qıcqırma prosesidir. İstənilən kənd təsərrüfatında il ərzində kifayət qədər peyin, bitki qalıqları, müxtəlif bitki və heyvan mənşəli üzvi tullantılar yığılır. Adətən onlar parçalandıqdan sonra üzvi gübrələr kimi istifadə olunur. Lakin bu çürümə prosesi zamanı istilik və qazın ayrılmasını çox az insan bilir.

Bioqaz adi təbii qaz kimi istilik yaradılmasında, elektrik enerjisi istehsalında istifadə edilir. Onu sıxmaq, avtomobilə doldurmaq mümkündür. Bir kubmetr bioqazdan 2-3 kVt saat elektrik enerjisi istehsal edilə bilər. Bu üsulla yanacaq əldə edilməsinin əsas üstülüyü odur ki, müxtəlif məişət, kənd təsərrüfatı və yeyinti sənayesi tullantılarından istifadə edilir. Bu zaman həmin tullantıların adi çürüməsi zamanı ayrılan zərərli qazlar havaya qarışmır.

Dünya təcrübəsində bioenerjidən istifadə

İnkişaf edən ölkələrin 70 %–i əhalisi odunu enerji mənbəyi kimi istifadə edir. Enerji mənbəyi kimi mal peyinindəndə istifadə edilə bilər. Peyini təkcə yanacaq kimi deyil, onu emal etməklə də qaz əldə etmək olar. Peyini kommunal tullantılarla qarışdırdıqda daha çox effekt verir. Hər iki növ kütlə mikroorqanizmlərlə zəngin olur, 50-60˚S temperaturda onlardan bioqaz almaq mümkün olur. Bu proses fermentin köməyi ilə aparıldığı üçün fermentləşmə adlanır. Bioqazın əsas tərkibi metandır. Peyinin fermentləşməsi çox sadə bir konstruksiyaya malik olan qurğudur. Peyinin fermentləşdirilməsi iqtisadi baxımdan çox qənaətli texnologiyadır. Bioqazın çatışmayan cəhətlərindən biri onun partlayış törədə bilməsi və insanların parazit xəstəliklərə düçar olmasıdır.

Hal-hazırda bioyanacağın istehsalı üçün xammalın əsas mənbəyi qarğıdalı, şəkər qamışı və bitki yağlarıdır (palma, raps və soya). Lakin, enerji məhsullarının istehsalı üçün təkcə bu bitki ehtiyatlarından istifadə edilməsi bəs deyil. Mövcud olan təsnifata uyğun olaraq kənd təsərrüfatı tullantılarında istehsal edilən bioqaz, biohidrogen sərt biokütlə (ağac, bitkiçilik məhsulları) daxil olmaqla kənd təsərrüfatı ilə bağlı bir neçə növ bioenerji ehtiyatları növləri mövcuddur.

Bundan başqa, ikinci nəsl adlandırılan bioyanacaq mənbələri də mövcuddur. Onlara sellülozun yüksək tərkibli bitki mənşəli ehtiyatları aiddir. Hazırda istifadə olunan sellülozun bioyanacağa (etanol) çevirən texnologiyalar effektiv deyil. Lakin, hesab edilir ki, perspektivdə belə texnologiyaların ixtira edilməsi zamanında yanacağın istehsalı üçün iri həcmdə bioehtiyatların cəlb edilməsi mümkün olacaq.

Bioyanacağın zərərli tərəfləri nədir?

Mütəxəssislərin fikrinə görə, indi bioyanacağın istehsalının inkişafı ərzaq istehsalı ilə münaqişəyə girir.

Əsas bioyanacaq istesalçı-ölkələrdə (ABŞ və Aİ ölkələri) bioyanacağın istehsalı yalnız kənd təsərrüfatı məhsullarının və xüsusilə də bioyanacağın istehsalının dövlət dəstəyi hesabına effektivdir. Ərzaq məhsullarına artan qiymətlər dövründə bu vəziyyət uzun müddət davam edə bilməz. Məsələn, artıq hal-hazırda Çində etanolun istehsalı üçün qarğıdalının istifadəsinə qadağa qoyulmuşdur, çünki heyvandarlıq üçün yemlərə olan qiymətlər kəskin artmışdır. ABŞ-da isə əksinə, etanolun qarğıdalıdan istehsalı dəstəklənir, çünki bir tərəfdən ölkə daxili istehlak nöqteyi nəzərindən bu bitkinin xeyli təkrar istehsalı mövcuddur, digər tərəfdən neft idxalından asılılığın aşağı salınması siyasi məsələ kimi qarşıya qoyulmuşdur.

Bioyanacağın istehsalı üçün kənd təsərrüfatı ehtiyatlarının istifadəsi qlobal enerji problemlərini həll etməyəcək. Ərzaq istehsalı üçün istifadə edilə bilən iri həcmdə kənd təsərrüfatı məhsullarının yayındırlması dünyada ərzaq məhsullarına süni defisit yaradacaq. Belə vəziyyətin nəticəsi kimi bir çox ölkələrdə vəziyyətin qeyri-sabit olmasına və insan tələfatına və iri iqtisadi itkilə gətirib çıxara biləcək sosial və siyasi münaqişələr ola bilər.

Bioqaz qurğularının Azərbaycanda tətbiqi

2014-cü ildən etibarən “Günəş” Elm-İstehsalat Assosiasiyasının Türkiyənin “Kiska mühəndislik” şirkəti ilə birlikdə İsmayıllı və Lerik rayonlarında evlərin elektrik enerjisinə və istiliyə olan tələbatını ödəmək üçün quraşdırdıqları günəş və bioqaz qurğuları sınaq rejimində uğurla işləyir. Yaxın vaxtlarda digər rayonlarda da bu cür qurğuların sınağı keçiriləcək.Respublikamızda alternativ enerji mənbələrindən istifadə olunması layihəsi çərçivəsində həyata keçirilən bu eksperiment hələlik fərdi yaşayış evlərində tətbiq edilir. Təcrübi layihə üçün istifadə edilən avadanlığın bəzi hissələri xaricdən gətirilsə də, əsas işlər ölkəmizdə görülür.Bioqaz qurğuları ferma, ət kombinatı, spirt və şəkər zavodu kimi müəssisələrdə təmizləyici qurğu kimi də tətbiq olunur. Nəticədə Qərbi Avropada fermaların yarıdan çoxu bioqaz hesabına qızdırılır. Qeyd edək ki, orta həcmli bir bioqaz stansiyası ilə 5-8 min sakini olan yaşayış məntəqəsini enerji ilə təmin etmək mümkündür. Azərbaycan kənd təsərrüfatı ölkəsidir. Burada maldarlıq və aqrar sahə məhsulları boldur. Hansı ki, bioqaz da məhz bu məhsullardan alınır. Bir sıra rayonlarda artıq böyük bioqaz stansiyalarının tikilməsi üçün layihələr də mövcuddur. Amma məsələ hələ öz real həllini tapmayıb.

Bakıda tullantıların utilizasiyası zamanı bioqaz əldə olunur

İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan "Təmiz Şəhər" ASC fəaliyyətə başlayanadək paytaxtda toplanan bütün tullantılar Balaxanı Tullantılar Poliqonuna daşınır və bu zaman ekoloji qayda və normalara riayət olunmurdu.Burada toplanan tullantılar çürüyür, alışır, əmələ gələn ziyanlı maddələr ətrafa yayılırdı. Lakin "Təmiz Şəhər" ASC ilk növbədə tullantıların düzgün yerləşdirilməsi, poliqonun torpaqlama, hamarlama işlərini həyata keçirib və ətraf ərazilərdə yaşıllıqlar salaraq poliqonun görünüşünü tamamilə dəyişib. Artıq torpaqdan, sudan və havadan götürülən nümunələrin rüblük laboratoriya nəticələri üzrə müsbət dinamika müşahidə olunur.

Həmçinin, Balaxanı poliqonunun Avropa standartlarına tam uyğun sanitar poliqon kimi fəaliyyət göstərməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış "Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi" layihəsi çərçivəsində beynəlxalq məsləhətçi şirkətlərin cəlb edilməsi ilə poliqonda bir çox tədqiqat işləri aparılıb və layihə sənədləri hazırlanıb.

Artıq tullantılar basdırılaraq zərərsizləşdirilməsi üçün qazılmış, izolyasiya edilmiş 2 böyük hücrəyə qəbul edilir. Buradakı tullantı suyu drenaj vasitəsilə toplanılır və təmizləndikdən sonra suvarma və texniki su kimi istifadə edilir. Hücrələr dolduqda onların üzəri xüsusi örtüklərlə bağlanacaq və üzərinə münbit torpaq qatı səriləcək. Bununla poliqon həm yaşıllığı ilə ərazinin ekologiyasına müsbət təsir göstərəcək, həm də ərazidə gözəl mənzərə yaranacaq. Bu hücrələrin sayının 19-a çatdırılması planlaşdırılır.

Tullantıların zərərsizləşdirilməsi prosesində isə bioqazın tutulması atmosferə atılan istilik effekti yaradan qazların azalmasına səbəb olacaq. Həmçinin, bioqaz ərazidə quraşdırılacaq stansiyada emal ediləcək və alternativ enerji kimi elektrik və ya istilik enerjisi istehsal olunacaq.

Onu da qeyd edək ki, Balaxanı poliqonunun yenidən qurulmasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti nəticəsində əmələ gələn dib külü də inşaat materialı kimi geniş istifadə olunur.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »