Qışın sonunda çıxan günəş əhvalımızı yüksəldir, ruhumuza qidalandırır. Rəngarəng və canlanmış təbiətlə gözlərimiz və qəlblərimiz açılır. Amma yaz həm psixoloji, həm də fizioloji dəyişikliklərlə gəlir. Yaz aylarında emosional dalğalanmalar, depressiya, panik atak və narahatlıq pozğunluqları arta və ya təkrarlana bilər. Yazda mövsümün dəyişməsi ilə qışda daha çox ifraz olunan və yuxuda, oyaqlıqda və bədən istiliyində nizamsızlıqlara səbəb olan melatonin hormonunun istehsalı günəş işığına məruz qaldıqda azalır. Eyni zamanda sizi xoşbəxt edən hormon olan serotonin istehsalı da artır. Hormonlarımız bizi daha yaxşı hiss etmək üçün işləyir.
Özünüzü daim yorğun, enerji çatışmazlığı, konsentrasiyanın olmaması, əsəbilik, istəksizlik və ümidsizlik hiss edirsiniz?
Fiziki şikayətləriniz keçmirsə, iştahınız və yuxu rejiminiz dəyişibsə, diqqətli olun. Gündəlik həyatınızın öhdəsindən gəlməyinizi çətinləşdirən bu əlamətlər depressiya əlaməti ola bilər. Bu problemlər tez-tez yaz yorğunluğu ilə qarışdırıla bilər. Belə şikayətlər iki həftədən çox davam edərsə, mütləq bir mütəxəssislə məsləhətləşin.
Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, genetik olaraq depressiyaya meylli və keçmişdə depressiya keçirmiş insanlarda yaz aylarında depressiyaya daha çox rast gəlinir.

“Mövsümi depressiya güclü ünsiyyət qabiliyyətinə malik olan ekstrovert insanlarda nadir hallarda, zəif introvert ünsiyyət qabiliyyəti olan insanlarda daha çox rast gəlinir. Bundan əlavə, mükəmməlliyətçi fərdlər çeviklikdən məhrum olduqları üçün performans gözləntilərindən aşağı düşdükdə daha tez-tez depressiv simptomlarla qarşılaşa bilərlər. Yaz aylarında hiss etdiyiniz halsızlıq, əsəbilik, ümidsizlik kimi əlamətlər ən azı iki həftə davam edərsə, mütəxəssisə müraciət etməlisiniz. Əgər sizdə ümidsizlik, depressiya, günahkarlıq, dəyərsizlik hissləri, kədərli və boşluq hissi, zəiflik, enerji itkisi və ya gündəlik işlərə maraq itkisi, performansın azalması, əsəbilik, asanlıqla ağlama, narahatlıq və qorxular, həddindən artıq narahatlıq və ya süstlük, və uzunmüddətli konsentrasiya pozğunluğu, müalicəyə cavab verməyən ağrı, intihar düşüncələri, intihar planları və ya cəhdləri varsa, bunlar depresiyasının əlamətidir”-deyə psixoloq qeyd edib.
Ramin Hacıyev bildirib ki, mövsüm dəyişikliklər zamanı depressiya əlamətləri olan insanlar üçün ən vacib yardım günəş işığıdır: “Səhər mümkün qədər tez oyanmaq və gün boyu günəşdən faydalanmaq lazımdır. Bundan əlavə, yuxu və oyanma saatlarında planlı olmaq, günə nizamlı başlamaq və sağlam qidalanmaq da problemlərin öhdəsindən gəlməyə kömək edir.
Psixoloq əlavə edib ki, əgər yaz depressiyası yaşayırsınızsa, sosial həyatınızı mümkün qədər aktiv saxlamağa çalışın: “Maye itkisi nəticəsində yaranan fiziki və zehni yorğunluğu aradan qaldırmaq üçün bol su için, müntəzəm məşq edin və ya gəzin, iştahınızı tarazlaşdırmaq üçün yemək vərdişlərinizi tənzimləyin”.
İradə Cəlil, Bizimyol.info