Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəşli Azərbaycanın günəş enerjisi potensialından yetərincə istifadə olunurmu?
Azərbaycanda yaşayan hər kəs yaxşı bilir ki, ölkəmizdə bahar və payızın ömrü çox az olur. Biz qış fəslindən demək olar ki, yaya keçirik. Günəş öz odlu nəfəsi ilə yeri -göyü qovurarkən yəqin çoxlarının ağlından belə fikir keçib : “ Kaşki, bu istiliyi toplayıb qışa saxlamaq mümkün olsaydı”.

Bəlkə 40 il öncə bu sadəcə bir xəyal, bir arzu idi, bu gün isə reallıqdır. Lakin ölkəımizdə mövcud təbii potensiala baxmayaraq lazımınca istifadə olunmayan reallıq.Bu gün Azərbaycanda günəş panellərindən istifadə imkanlarından danışacağıq.

Yerləşdiyi coğrafi əraziyə görə ölkəmiz günəş enerjisi ilə zəngindir, ətraf mühitə olan zərərli təsirləri azaltmaq üçün bundan istifadə olunmalıdır.

Azərbaycanda binaların hər birinin üzərlərində günəş panelləri yerləşdirilməklə istər istilik, istərsə də elektrik enerjisinin alınmasına böyük imkanlar var. Hazırda dünyanın bir çox ölkələrində, ələlxüsus da inkişafda olan Avropa ölkələrində, Amerikada bu sahəyə xüsusi diqqət yetirilir. 2007-ci ildə Avropa İttifaqı tərəfindən proqramlaşdırılmış fəaliyyətlər çərçivəsində müvafiq sahənin prioritetləri müəyyənləşdirilib. Bizim ölkə də alternativ və bərpa olunan enerji mənbələri üzrə bir sıra öhdəliklər götürüb.

Ölkə üzrə 1 milyon sosial və ya ictimai əhəmiyyətli binanın üzərində belə panellər quraşdırılmaqla hər birindən 10 kilovat elektrik enerjisinin alınması ümumilikdə təxminən 1000 meqavat elektrik enerjisinin əldə olunması deməkdir. Bu da bir ildə təxminən 1 milyard kubmetr təbii qaza qənaət olunmasına şərait yarada bilər.

Bu gün 1 kV/saat elektrik enerjisinin istehsalında 0,3 kubmetr qaz istifadə olunur. Bu elektrik enerjisi günəşin, küləyin və digər bərpa olunan enerji mənbələrinin hesabına əldə edilsə, hər kilovat/saata görə, 0,3 kubmetr qaza qənaət edilmiş olar. Günəş panelləri ən buludlu havada belə 50 faiz güclə işləyir.

Hazırda dünyanın 70-ə yaxın ölkəsində günəş enerjisindən istifadə olunur və bunun daha da artırılması istiqamətində perspektiv layihələr hazırlanır. Əsasən günəşli ölkələrdə tətbiq olunan günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir. Nəzərə alsaq ki, ölkəmizdə il ərzində ən azı 300 günəşli gün olur, o zaman bu sahənin inkişaf etdirilməməsi üçün heç bir əsası yoxdur. Artıq bir neçə il öncə ölkəmizdə bu sahədə ilk addım atılıb. 2012-ci ilin aprel ayında cənab Prezident İlham Əliyevin də iştirakı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda inşa etdiyi Azgüntex zavodunun açılışı olub. Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılmış zavod 30mVt gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Zavod istehsal etdiyi modullara 25 il zəmanət verir.

Zavodda günəş modulları istehsal olunmağa başlanıb. Yaxın gələcəkdə LED lampaları xətləri də fəaliyyət göstərəcək. Müəssisədə hər birinin gücü 42 Vt-dan 250 Vt-ya qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində hazırlanır və sabit elektrik enerjisi verir. Bərpa olunan enerjinin tətbiqi zamanı istifadə olunan əsas çeviricilərdən biri də LED lampalarıdır. Yeni nəsil işıqlandırma sistemi olan və geniş yayılan bu LED lampalar enerjiyə qənaəti və uzun müddət ərzində istismar olunması ilə fərqlənir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov bildirib ki, Azərbaycanda hazırda istifadə olunan 5 növ bərpa olunan enerji mənbəyindən ən geniş yayılanı Günəş enerjisidir: “38-42-ci paralellərin arasında yerləşən Azərbaycanın ərazisinin hər kvadrat metrinə düşən günəş enerjisi bu en dairəsində yerləşən digər ölkələrdəkinə -Türkiyə, Yunanıstan, İtaliya, İspaniya, Portuqaliya, ABŞ, Türkmənistan, Özbəkistan, Çin, Şomali Koreya, Yaponiyadakına yaxındır. Həmin ölkələrin bir çoxunda günəş enerjisindən istifadənin artıq böyük tarixçəsi vardır. Azərbaycanda il ərzindəki günəşli saatların miqdarı 2000-3000 saat təşkil edir ki, bu da yüksək göstəricidir və düşən günəş enerjisinin çox olmasına səbəb olan amillərdən biridir. Ən maraqlı göstəricilərdən biri də odur ki, Azərbaycanın dağlıq əraziləri çoxdur və həmin ərazilərdə atmosfer kifayət qədər təmiz, şəffaf və çox zaman buludsuzdur. Ona görə də Azərbaycanın dağlıq ərazilərində də yer səthinə düşən günəş enerjisinin miqdarı da yüksəkdir. Ümumiyyətlə, Azərbaycanda il ərzində 1 m2 üfüqi səthə düşən günəş enerjisinin müqdarı 1200-1800 kVt saat təşkil edir. Lakin bu enerjinin hamısını elektrik enerjisinə çevirmək qeyri-mümkündür. Ən müasir fotoelektrik panel və texnologiyalardan istifadə etsək, 1 kvadrat metrdən daha çox enerji əldə edə bilərik. Onların faydalı iş əmsalı 15-20% təşkil edir. Çevrilmə və ötürülmə zamanı digər labüd itkiləri də nəzərə alsaq, alınan real elektrik enerjisi düşən günəş enerjisindən 11-15% təşkil edir. Günəş panellərini müəyyən bucaq altında optimal meylləndirməklə alınan enerjinin miqdarını bir qədər artırmaq mümkündür”

1400 kv. sm sahəsi olan bir günəş panelindən günəşli havada bir saatda 250-255 vatt arasında enerji əldə etmək olur. Bir evin ehtiyacını təmin etmək üçün təxminən 7-8 panel lazımdır. Bir panelin orta qiyməti təxminən 500 manatdır. min manat edir.Quraşdırma işlərini nəzərə alsaq 8 panelin quraşdırılması 3000 manata başa gəlir.İstəyən hər kəs panel alıb quraşdıra bilərmi? Bəli. Lakin iki məsələyə diqqət etmək lazımdır. Əgər enerjidən yalnız öz evinizin enerji təminatı üçün istifadə edirsinizsə, bu zaman sizdən lisenziya tələb edilmir. Əgər panelləri quraşdırıb, şəbəkəyə qoşmaq istəyirsinizsə, onun üçü lisenziya lazımdır. Bu proses də “Elektron hökumət” üzərindən aparılır.

Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

2010-cu ildən etibarən Sumqayıt Texnologiyalar Parkında Günəş kollektorları və qazanların istehsalı zavodu fəaliyyətə başlamışdır. Yüksəkverimli, zərbəyədözümlü, prizmatik üzlü mis kollektorların, uzunömürlü, insan sağlamlığı üçün zərərsiz olan xrom su çənlərinin istehsalı ilə Sumqayıt Texnologiyalar parkının irəlidə gedən zavodlarından birinə çevrilmişdir.

Günəş kollektorları və qazanların istehsalı zavodunda, Günəş kollektorları və qazanların hazırlanmasında Almaniyadan gətirilmiş mis borular, selektiv örtüklü mis təbəqə, Türkiyədən gətirilmiş zərbəyədavamlı prizmatik şüşələr, Alüminium profillər və.s istifadə olunur. Buna görə kollektorlar daha yüksək istiliyi özündə saxlama qabiliyyətinə malikdir.

Günəş kollektorları insan sağlamlığına zərərsiz, təbiəti qoruyan, illərlə işləyə biləcək, dayanıqlı məhsullardır.

Yüksək səmərəli günəş kollektorların istehsalı ilə Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın yaşıl gələcəyinə öz töhfəsini verir.

Bu avadanlıq suyun qızdırılması üçün təkmilləşdirilmiş material və texnologiyalar vasitəsilə günəş enerjisindən istifadə edir.

Günəş kollektorlarının hazırlanmasında müasir tələblərə cavab verən, avtomatlaşdırılmış, kompyuter sistemi ilə idarə olunan Almaniya, Türkiyə və Koreya istehsalı olan dəzgah və avadanlıqlardan istifadə edilir. İstehsal olunan günəş kollektorları 1 saatda 100 litr suyu hava şəraitindən asılı olaraq 40C-80°C və daha artıq qızdırma gücünə malikdir. Məhsullarımız müxtəlif beynəlxalq sərgilərdə, həmçinin Özbəkistanda Azərbaycan günləri çərçivəsində keçirilmiş tədbirlərdə nümayiş olunmuşdur. Gələcəkdə Günəş kollektorları və qazanların istehsalı sexində günəş enerjisini elektrik enerjisinə çevirən panellərin istehsalı da nəzərdə tutulur.

Göründüyü kimi, ölkədə Günəş enerisindən istifadə eləmək üçün böyük potensial var. Bir çox işlər də görülüb. Lakin, mütəxəssislər bu gün bu sahədə ölkəmizdə olunan texnologiyanın Avropa standartlarından aşağı olmasını da qeyd edirlər. Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi və yeni nəsil avadanlıqların bir öncəki nəsildən qat-qat güclü istehsal edildiyi bir dövrdə 10 il öncəyə aid günəş panelləri artıq köhnə və az keyfiyyətli hesab oluna bilər.

Təbitəin bəxş etdiyi bu töhfədən səmərəli surətdə istifadə etməklə həm ölkə iqtisadiyyatına, həm cibimizə,həm canımıza fayda verərik. Ekologiyamız təmiz olar, ekoloi təmiz mühitə malik olarıq, əlimizdə olan eneri mənbələrinə də qənaət etmiş olardıq. Günəş enerjisini səxavətlə payladığı müddətdə bu texnologiyalara qoyulan investisiya itməyəcək. Milyon illər bu belə olub. Gələcəyimizi bu istiqamətdə qurmağın zamanı çoxdan çatıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »