Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Təbiətə sevgi bir yarpaqdan, bir ovuc torpaqdan başlayır
eko
Uşaqlara ekologiya anlayışının təlqini məsələləri

Təbiətdən, təbiətə sevgidən danışanda heç unuda bilmədiyim bir uşaqlıq xatirəm yadıma düşür. İbtidai sinifdə oxuyarkən bizə təbiətşünaslıq dərsini deyən müəllimi həddən çox sevirdik. Hər dərsi o qədər maraqlı keçirdi ki, 45 dəqiqənin necə keçməsindən xəbərimiz olmurdu. Hər bir uşaq bu müəllimin gözünə girməyə çalışır, onu çox sevirdi. Təbiət qoynuna ekskursiyaları xüsusi maraqla gözləyir,çölləri düzləri dolaşarkən onun verdiyi informasiyanı heyranlıqla dinləyirdik. Müəllimimiz hər hansı bir folklore nümunəsini çəkir, sonar onun necə yaranması barədə açıqlama verirdiş Məsələn, bir dəfə yeri düşdü,“Sərçədən qorxan darı əkməz” məsəlini çəkdi, daha sonra “Sərşə-darının qənimidir. Azərbaycan faunasında İspan sərçəsi və ya qaradöş sərşənin yerli adı afal sərçədir, yəni zərərli sərçə. Kütləvi quşdur, bəzi ağacda bir neçə yüz yuvası olur. Dik sümbülə qonub buğdanı çıxara bilir, başqa quşlar isə yerdən dənləyir. Bu deyim həmin sərçə haqqında xəbərdarlıq edir.” Şəklində açıqlama verdi. Müəllimimiz bax beləcə hər söhbəti ilə beynimizə qazılacaq bir məlumat veriridi.

Bir gün müəllimimiz bizə evdə herbari – yəni müxtəlif bitkilərin yarpaqlarından ibarət kolleksiya düzəltməyi tapşırmışdı. Herbari düzəltməyi unutmuşdum və bunu gecə saat 3 də xatırladım. O gecə elə bir şiddətli yağış yağırdı ki, necə deyərlər tut ucundan göyə çıx. İldırım çaxdığına görə işıqlar da sönmüşdü. Mən ana- atamı məcbur edim ki, mənimlə birlikdə həyətə düşsünlər, bağımızdakı müxtəlif ağacların yarpaqlarını toplaya bilim. Bunu o qədər ürəkdən istəyirdim və o qədər inadla etdim ki, atam məcbur olub həyətdə saxladığı avtomobilin işığını yandırdı və mən də başımdan yağış tökülə- tökülə bağımızdakı nar, heyva, üzüm, alça və bu kimi onlarla meyvə ağaclarının yarpaqlarını tez- tələsik topladım. Sonra da qaranlığa baxmayaraq o gecə o herbari dəftərini hazırlayıb səhər dərsə hazır getdim. Bunları qeyd etməkdə məqsədim məsuliyyətli şagird olmağıma diqqət çəkmək deyil, o gözəl pedaqoqun Əhməd Əhmədovun təbiətə verdiyi sevginin gücündən bəhs etməkdir.

Kənddə yaşayan uşaqların şəhər uşaqlarından fərqli dünyaları olur. Bizlər yovşanın, çayırın, yoncanın nəinki yarpaqlarını ayırd edir, onları qoxularından tanıyırıq. Təbiətlə iç-içə böyüyən uşaqlarda torpaq sevgisi, bitkilərə və heyvanlara yanaşma tərzi bir başqa olur. Bunu bizə öyrətmirlər, böyüklərimizdən necə görürüksə eləcə böyüyürük. Bu gün bu sevginin şəhərlərdə yaşayan uşaqlara təlqin edilməsi də vacib amildir. Ekologiyaya münasibə çox erkən yaşlardan başlamalıdır .

Məktəblərdə ekoloji tərbiyənin yüksək səviyyədə olması üçün ilk növbədə təhsil verənlərin hamısının təbiətə qarşı olan münasibətlərinin yüksək səviyyədə olub-olmasına əmin olmaq lazımdır. Əgər müəllimin özünüz içində təbiətə sevgi, canlılara mərhəmət hissi yüksəkdirsə, tədris etdiyi fəndən asılı olmayaraq şagirdlərinə həmin sevgi hisslərini asanlıqla ötürə bilər. Əgər sadaladığımız xüsusiyyətlər məktəb müəllimində və ya məktəbin rəhbərliyində yoxdursa, o zaman həmin tədris ocağında ekoloji təhsilin səviyyəsinin hansı səviyyədə olması zənnimcə bəlli olar.

Ekologiyaya dair mövzulara gəldikdə isə, onu demək istərdim ki, son müasir tədris proqramına uyğun hazırlanmış dərsliklərimizdə ekoloji biliklərə dair mövzular salınıb. Ancaq bu mövzular kifayət qədər deyil. Yəni ibtidai sinifdən başlayaraq yuxarı sinfə qədər yalnız təbiət yönümlü dərslərdə az da olsa, ekoloji mövzular salınıb. Lakin ekoloji mövzu bütün fənlərin tədrisində olmalıdır. Çünki bu hamıya aid bir mövzudur, bütün fənlərin tədrisində ekologiyadan danışmaq, ona dair mövzulara toxunmaq lazımdır.

Təhsil Konsepsiyasında da gənc nəslin ekoloji təhsil və tərbiyəsinə xüsusi diqqət yetirilir.Müasir dövrdə qloballaşan dünyanın daha çox diqqət yetirdiyi məsələlərdən biri narhatçılıq doğuran ekoloji problemlərdir. Əhalinin ətraf mühitə neqativ münasibəti mövcud problemin yaranmasına gətirib çıxarmışdır. Ekoloji maarifçiliyə böyük ehtiyac var. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekolji tərbiyəyə xüsusi fikir verilməlidir.

Ətraf mühit problemlərinin həllində vətəndaş məsuliyyətinin gücləndirilməsi, əhalinin ekoloji şüur səviyyəsinin artırılması bu istiqamətdə həyata keçirilən layihələrin daha səmərəli və nəticələrinin dayanıqlı olmasına zəmin yaradır. Bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifəndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaqdır.

Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə başlanılıb.

BŞTİ-dən “BizimYol” qəzetinə bildiriblər ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasıdır.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar, ekspertlər dəvət olunacaqlar.

Bir təqvim ayı ərzində ən azı on təqdimatın təşkili nəzərdə tutulur.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsinə martın 1-dən başlanılıb.Təhsil Problemləri İnstitutunun şöbə müdiri , Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrətin fikrinə görə, orta məktəblərdə təbiətə sevgi, ətraf mühitə həssas yanaşma kimi hisslər həmişə aşılanıb. “18 mart 2014-cü ildə Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşkilatçılığı ilə birinci Azərbaycan Ətraf Mühit Forumu keçirilib. “Azərbaycanın yaşıl sabahını birlikdə quraq” şüarı altında keçirilən tədbirə mən də dəvətli idim. Orada iştirakdan çox məmnun oldum. Forumda çıxış edərək məktəblilərin və tələbələrin ekoloji biliklərinin verilməsi ilə bərabər, onlarda təbiətə sevginin aşılanması yollarını axtarıb tapmaq mexanizmini və hər insanın öz nümunəsinin timsalında örnək olası işlərini göstərməklə böyük uğura nail olacağımızı bildirdim. Bunları sadalamaqda məqsədim ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu maarifləndirmə işlərinin aparılmadığını göstərmək idi. Nəticədə göründüyü kimi, yenə də bu sahədə uğurlu inkişaf təhsilverənlərin arzu və daxili həssaslığının yüksəkliyindən asılıdır. Yəni müəllim təbiəti sevirsə, təhsilalanlara da onu aşılayacaq, əks halda heç bir yeniliyin faydası yoxdur. Azərbaycanda ətraf mühitin qorunması, ekoloji problemlərin meydana çıxmaması lk təklifim odur ki, təbiətə duyarlı yanaşmanı aşılamaq üçün ekoloji tərbiyəni formalaşdırmağa qadir olan cizgi filmləri, maraqlı internet resursları, ekoloji oyunlar, video çarxların və. s. hazırlanması işinə diqqət yetirilsin. İkinci təklifim tədris olunan bütün fənlərdə ekoloji biliklərə yönəldilmiş mövzulara dair dərs saatlarının, dərnəklərin sayı artırılsın. Üçüncü təklifim, yaşadığımız məkanda, şəhər və ya rayonlarımızda mövcud olan ekoloji mərkəzlərin təhsil ocaqları ilə sıx əməkdaşlıqlarının yaradılmasından ibarətdir».

Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyəti, sağlamlığı - insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiy¬yətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qa¬nunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik so¬sial-təbii qanunauyğunluqları və davranışların normativlərini mə¬nimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür.

Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşı¬sında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyi¬dir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiə¬tə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öy¬rənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inki¬şafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.

Ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin, hər planet sakinində ekoloji məsuliyyətin formalaşmasına yönəlmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi, planetimizin hər sakininin ekoloji məsuliyyəti başa düşülür.

Təhsil sisteminin ekologiyalaşdınlması - ekoloji ideyalann, an¬layış, prinsip, yanaşmalann başqa təlimlərə nüfuz etməsini, həmçi¬nin ekoloji cəhətdən bilikli müxtəlif sahə mütəxəssislərinin hazır¬lanmasını nəzərdə tutur.

Bu gün və bundan sonrakı hər günümüzdə ekoloji təhsilə də təhsilin ekologiyalaşdırılmasına da böyük ehtiyac var. Sağlam sabahlar bu gündən başşalsın deyə. Sabahlarımızın qurucuları ana təbiətin dilini bilsinlər deyə.

İlhamə Rəsulova

Paylaş »
››› Günlərdir itkin düşən oğlan tanınmaz halda tapılıb
››› Boşanma mərhələsində olan Fuad Qəhrəmanlı və Zümrüd Yağmurdan açıqlama
››› Livanın müdafiə naziri Azərbaycana qarşı Ermənistana kömək təklif edib
››› Arvadına 18 bıçaq vurdu, ürəyi soyumadı, başını kəsdi
››› İran total müharibə anonsu verdi
Son xəbərlər
Bütün xəbərlər »