Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kaş bütün qüvvələr şanlı tariximizin təbliğinə jurnalistlər qədər ürək qoysunlar"
"Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı alim, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı  "Bizim Yol" qəzetinə verdiyi müsahibədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində görülən işlər barədə danışıb, cəmiyyəti narahat edən bir çox suallara aydınlıq gətirib.

-Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə yaxınlaşırıq. Bu yubileylə bağlı Prezident sərəncamı necə icra olunur? Görülən işlər qaneedicidirmi?

-Prezidentimizin sərəncamına uyğun olaraq orta və ali  məktəblərdə, elmi mərkəzlərədə yubiley  tədbirləri keçirilir. Elktron media, televiziyalar, qəzetlər ayrı- ayrı araşdırmalar apararaq cəmiyyətə təqdim edirlər. Ən yüksək səviyyədə yəqin ki,  yaxın zamanlarda  dövlət tədbirləri keçiriləcək. Mayın 28-də bilirsiniz ki, Cümhuriyyət bayramımızdır, amma bu tədbirlər il boyu da davam edəcək. Düşünürəm ki, təkcə ölkədə deyil, xaricdə də  yubiley tədbirləri keçirilməlidir .Bilirsiniz ki, İstiqlal Bəyannaməsi Tiflisdə qəbul olunub. Tiflisdə belə tədbirlər keçirilməlidir. Azərbaycanın defakto müstəqilliyi məhz Parisdə sülh konfransında təsdiq olunub. Parisdə tədbirlərin keçirilməsi məqsədəuyğundur.Eyni zamanda İstanbulda, Almaniyada belə tədbirlərin  keçirilməsinə ehtiyac var. Və bu tədbirlərdə biz dünyaya  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təbliğ etməklə yanaşı, Azərbaycanın üzləşdiyi çətinlikləri çatdıra bilərik. Yubiley tədbirləri çərçivəsində Dağlıq Qarabağ probleminə diqqət çəkmək olar. Dağlıq Qarabağ Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində olub. Erməni Milli Şurasın sərhədləri ilə bağlı iş gedəndə üzərlərinə öhdəlik götürdülər ki, onlar nə Dağlıq Qarabağa, nə Gəncənin, nə Naxçıvana iddia etməyəcəklər. Bax, biz tədbirlər çəriçivəsində  bu məsələni də önə çəkə bilərik.Eyni zamanda, biz müsəlman ölkəsi kimi bu və digər dərəcəd ətəhdid və təzyiq altında saxlayan, ikili münaibətlər göstərən ölkələrə onu bəyan etməliyik ki, Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququnu Azərbaycan Xalq cümhuriyyəti verib.Bu kimi nümunələr göstərib, eyni zamanda müstəqillik dövründə yaşadığımız  prolemlərə diqqət  çəkə bilərik.

-Cümhuriyyətin yubileyinə Sizin də kitab hədiyyəniz varmı? Siz də o dövrü araşdırısınız. Nəsə yeni bir tədqiqat olacaqmı?

-Mənim bununla bağlı bir neçə kitabım var. Bu sahədə araşdırmalarımı  cəmiyyətlə bölüşürəm. Mənim əlimdə hazırda bir neçə kitab hazır vəziyyətdədir. Bələkə də kənardan  belə hesab olunur ki, baş redaktor  çox böyük maddi imkanlara sahib insandır. Amma bu belə deyil. Hardasa 500  tirajla 300 səhifəlik bir kitab buraxmaq üçün 5-6 min manat vəsait tələb olunur. Bu vəsait məndə yoxdur. Bir misal deyim. Xəlil İbrahim və Üzeyir Hacbəyli böyük ideoloq idilər. Fikir insanları idilər, bu gün tarixi mənbə hesab olunan  "Azərbaycan" qəzetinin bütün yükü bu iki insanın , Üzeyir bəy xəstələndiyi müddətdə isə Xəlil İbrahimin çiyinləri üzərində idi. İndi onların fəaliyyəti ilə bağlı  axtarış versəniz iki məqalə  görə bilərsiniz, o da yarmçıq. Mən bu barədə kitab yazmışam.Bu kitabı çap etməyə maliyyə vəsaiti lazımdır. İkinci kitabım Azərbaycan Cümhuriyyətinin sonuncu xarici işlər Naziri Mustafa Vəkiloğlu barəsindədir. Mustafa Vəkiloğlu həm son nazir olmaqla yanaşı, ölkə xaricində Məmmədəmin Rəsulzadə ilə yanaşı mübarizə aparmış bir insandır. Onun irsi var. Mən bu irsi toplamışam. Türkiyədə olduğum müddətdə onun publisitik irsini toplamışam, Amasiyaya gedib orda qohum əqrəbası ilə, oğlu ilə görüşmüşəm, arxiv sənədlərini də araşdıraraq mükəmməl bir kitab yazmışam. Sonra cümhuriyyət dövrü mətbuatı ilə bağlı  tədqiqat işlərim  var. Bu özü sistemli bir kitabdır. Lakin çap etdirmək üçün  vəsait lazımdır. Qafqaz İslam Ordusu ilə bağlı kitabım 2007-ci ildə işıq  üzü görüb, bu mənim elmi işim idi. Keçən il mən onu müdafiə elədim. Elmi məsləhətçim də Yaqub Məmmədovdur. Kitabı daha mükəmməl hala gətirdim. Qafqaz İslam Ordusu ilə bağlı tədqiqat və məqalələr toplusu şəklində nəşr etdirmək istəyirəm. Belə xeyli işlərim var. Heyf ki, imkanlarımız məhdudur. Bu məhdud imkanlarla yanaşı  rəhbəri olduğum "Şərq" qəzeti "Cümhuriyyətçi jurnalistlər" layihəsini həyata keçirir. Buna böyük vəsait tələb olunmur. Biz bu layihə çərçivəsində  bu günlərdə iki tədbir keçirmişik,  birinci Fəxri Xiyabanda  cümhuriyyət quruculuğunda iştirak etmiş jurnalistlərimizin məzarını ziyarət etmişik, daha sonra cümhuriyyətin ordu quruculuğunda böyük rolu olmuş Əliağa Şıxlinskinin məzarlarını ziyarət etmişik. Bu yöndə tədbirlərimiz davam etdiriləcək.

-Cümhuriyyətin tarixi-siyasi irsinin tədrisi necə gedir? Cümhuriyyət qurucuları həm də mütəfəkkir insanlar olub. İdeoloqlar, yazarlar, publisistlər, araşdırmaçılar... Bunlar gənclərə necə tanıdılır?

-Azərbaycan xalq cümhuriyyətinin fəaliyyəti müxtəlif  istiqamətlərdə tədqiq olunub. Lakin tədqiq olunmayan   sahələr də var. Məsələn Fətəli Xan Xoyski ilə bağlı bizim əlimizdə sanballı bir kitb yoxdur. İstənilən  tədqiqat əsərinin ilk növbədə elmi dəyərinə, keyfiyyətinə baxmaq lazımdır. Çox təəssüf ki, tarixçilərimiz çox zaman rus dilində olan arxiv sənədlərindən, mənbələrdən istifadə edirlər. Azərbaycan dilində olan mənbələrin ərəb əlifbası ilə yazılmış olması səbəbi ilə onlardan istifadə edə bilmirlər. Ona görə Xoyski ilə bağlı heç kim deyə bilməz ki, mən yüksək səviyyəli iş görmüşəm. Olan kitablar isə  Xoyskinin bir gündə  gördüyü işə dəyməz.

-Belə fikirlər var ki, Cümhuriyyət qurucularına lazımi səviyyədə qiymət verilmir. Məsələn, Məhəmməd Əmin Rəsulzadəyə hələ də heykəl qoyulmayıb. Adı Universitetdən götürüldü. Başqalarının da haqqında həmçinin bu fikirlər səslənir. Sizcə, qurucu babalara layiq olduqları qiymət verilirmi?

-Məsələ bundan ibarətdir ki, müxtəlif  fikirlər səsləndirilir. Dedikləriniz  xalqın ürəyindən  gələn istəklərdir. İstiqlal Bəyannaməsini 44 nəfər imzalayıb.Bax bu 44 nəfərin  hər birinin  azadlığın əldə olunmasında rolu var. Bu 44 nəfər elə belə seçilməmişdi axı . Əkbər ağa Şeyxislamov əqidəsinə görə sosialist idi. Ancaq Azərbaycanın müstəqilliyini Ceyhun Hacıbəyli ilə birlikdə Avropada son ana qədər  müdafiə elədi. İndi bizim müasir Sosial Demokratlara bax ki, onlar Azərbaycan müstəqilliyinin əleyhinə fikirlər səsləndirib,  bizi yenə də Rusiyanın boyunduruğu altında görmək istəyirlər. Təbliğatı da elə aparmaq lazımdır ki, xalqın,  dövlətin mənafeyiunə zərbə vurmayasan.

-Müxalif əqidəli insanlar indiki dövlətimizin quruluşca Cümhuriyyətçilik ənənələindən uzaqlaşdığını deyirlər. 2009-cu ildə və ondan sonra keçirilən referendumu nəzərdə tuturlar. Sizcə, biz doğrudanmı, Cümhuriyyət ənənələrindən uzaqlaşırıq?

-Bilirsinizmi, dövlət bir orqanizmidr, orqanzim inkişaf etdikcə dövlət də inkişaf edir.Yeni strukturlar yaranır. Azərbaycanda dövlət quruluşu prezident  üsul idarəsidir. Biz özümüzü Xalq Cümhuriyyətinin varisi elan etsək də, parlament üsul-idarəsinə keçmədik. Bu onunla əsaslandırılır ki, ölkədəki gərgin vəziyyəti aradan qaldırmaq üçün bu ən yaxşı  vasitə hesab olundu.Bu baxımdan hər kəs bir  fikir söyləyir və bu fikirlərdə həqiqət payı ola bilər.

-Türk Qafqaz İslam Ordusu haqqında tədqiqatlarınız var. Bu Ordunun bizim tariximizdəki rolunu bir qədər dəyərləndirə bilərsinizmi? Arasında hətta Milli Məclisin deputatı da olan bir sıra adamlar Türk Qafqaz İslam Ordusu haqqında mənfi fikirlər də söyləyib. Araz Əlizadə hətta onu işğalçı adlandırıb. Bu haqda nə deyə bilərsiniz?

-Ortada bir tarix var. Bu tarix nənə- babalarımızın danışdıqlarında da var, arxivlərdə də. Araz Əlizadənin deməyi ilə deyil. 1918 -ci il 4 iyunda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Dövləti arasında müqavilə imzalandı.Müqaviləyə görə, asayişi təmin etmək üçün Azərbaycan əsgəri yardım xahiş edə bilərdi və bu müqavilə əsasında Azərbaycan Türkiyədən  hüquqi dəstək aldı. Amma aprel işğalı belə olmadı. Qızıl Ordu icazəsiz soxuldu. Qafqaz İslam Ordusu olmasaydı Azərbaycanın başına  böyük bəlalar gələ bilərdi. Qafqaz İslam Ordusu Azərbaycandan çəkiləndə ölkə ərazisi  112000 kv km idi. O çəkiləndən sonra hansı proseslər başladı? Qarabağda üsyanlar, Azərbaycan  sərhədlərindəki bütün problemlər... Bu ordunun Azərbaycanda yerləşdiyi müddətdə Borçalı mübahisəli torpaq məsələsi kimi ümumiyyətlə gündəmdə deyildi. Azərbaycanın arxalandığı bu real hərbi güc gedəndən sonra bizim başımıza bəlalar gəldi. Bu ordu Azərbaycanda olmasaydı  Bakı müxtəlif dövlətlərin komandanlığında neytral bir bölgə olacaqdı. Bu ordunun müdaxiləsi olmasaydı, biz bu gün  böyük neft  ehtiyatlarında da istifadə edə bilməyəcəkdik.

-Bizim bugünkü mətbuatımız Cümhuriyyət dövrünün mətbu ənənələrini davam etdirə bilirmi?

-Mənə belə gəlir ki, Azərbaycan jurnalistləri bu ənənələri çox böyük şərəflə davam etdirirlər.Əqidəsindən, ideoloji baxışdan asılı olmayaraq bu əksər jurnalistlərə aiddir. Kaş elə bütün qüvvələr də ölkəmizin azadlığı, müstəqilliyi, şanlı tariximizin təbliği məsələsində Azərbaycan jurnalistləri qədər ürək qoya biləydilər.

İlhamə RƏSULOVA

Son xəbərlər
Bütün xəbərlər »