Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son 23 ilin ən aşağı nikah göstəricisi qeydə alınıb: Boşanmaların sayı 50 faizə yaxınlaşır
Son 23 ilin ən aşağı nikah göstəricisi qeydə alınıb: Boşanmaların sayı 50 faizə yaxınlaşır

Gözlənilməz bir şey baş vermədi, 2024-cü ildə boşanmaların sayı 20 min həddini aşdı. Təxminən 2023-cü ildəki göstərici rəsmiləşib. Ümumilikdə, 21 min 384 nikahın pozulması faktı qeydə alınıb. 2023-cü ildə göstərici 21,6 mini keçmişdi. Yəni xüsusi artım olmasa da, tendensiya dəyişməz qalıb. Boşanmaların sayının yenə çox olduğunu demək mümkündür.

Bizimyol.info əvvəllər də bu məsələ barədə yazıb. Əslində, əsas diqqət boşanmaların yox, nikahların sayına yönəldilməlidir. Məhz evlilik izdivaclarının qeydə alınmasının azaldığını görmək olur. Son 23 ilin ən aşağı göstəricisi təsdiqini tapıb. 2024-cü il ərzində cəmi 49 min 509 nikah dövlət qeydiyyatına düşüb.

Axırıncı dəfə bu qədər aşağı göstəricini 2002-ci ildə görmüşdük. 2003-cü ildən başlayaraq evlələnənlərin sayı kəskin artmağa başlamışdı. Təkcə həmin il 2022-yə nisbətən 14,4 min daha çox nikah rəsmiləşmişdi. Neftin ən bahalı, hasilatın da çox yüksək olduğu dövrlərdə, xüsusilə 2011-ci ildə rekord qırılmışdı. Onda il ərzində 88 min 145 cütlük nikah sənədinə imza atmışdı.

Əlbəttə, son 23 ilin rekordundan danışanda pandemiya dövrünü nəzərə almırıq. Çünki 2020-ci ildə toylara icazə verilmədiyindən, nikahlar da sonrakı illərə qalırdı. Yəni sayın azlığının təbii səbəbləri vardı. İndi isə insanların evlənmək istəməməsini inkar etmək olmur.

Ümumiyyətlə, Azərbaycanda nikah həmişə iqtisadi məsələ olub. Toy etmək imkanının məhdudluğu qərara təsir göstərir. Yuxarıda bu haqda yazmışıq. Məhz neftin bahalı, həm də bol olduğu dövrdə nikahların sayı çox olurdu. Sanki həmin illərdə insanlara gələcəyə daha ümidlə baxırdı. İndi isə cəmiyyətdə böyük ümidsizlik müşahidə edilir. Ölkəni tərk edənlərin, ümumiyyətlə, getmək istəyənlərin sayı sürətlə artır. Xüsusilə gənclər gələcəyini burada görmür. Sosial-iqtisadi vəziyyət çox ağırlaşıb. Neft, qaz gəlirləri kəskin azalıb. Bu şəraitdə nikah-boşanma statistikasında fərqli mənzərə ortaya çıxa bilməz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »