6 fevral Kahramanmaraş zəlzələsindən düz 2 il keçir. 6 fevral 2023-cü il tarixində saat 05:17-də baş verən zəlzələ ilə bütün Türkiyə böyük ağrı və üzücü xəbər aldı. Episentrləri Pazarcık və Elbistanda baş verən iki güclü zəlzələ 11 əyalətdə ciddi dağıntılara səbəb olub. Dünyanın bir çox ölkəsindən zəlzələdən zərər çəkən vətəndaşlara və yaralılara yardım göndərilərkən, bütün Türkiyə bir araya gələrək zəlzələ bölgəsinə yardım çatdırmağa çalışdı. Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlərdə, ümumilikdə 53 min 537 nəfər həyatını itirib. Zəlzələdə 107 min 213 nəfər xəsarət alıb.
Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, zəlzələ böyük təbii fəlakətdir və Türkiyə də zəlzələ bölgəsində bu fəlakətin baş verə biləcəyi ölkələrdən biridir: “Tarix boyu burada ciddi dağıntılara səbəb olan zəlzələlər də olub. Ərzincan zəlzələləri 1999-cu il, sonuncusu 2 il əvvəl baş vermiş 6 fevral zəlzələsidir. Bütün bu zəlzələlərdə minlərlə insan həyatını itirib. Çox sayda insan yaralanıb”.

Türkiyə zəlzələ zonasında olmasına baxmayaraq niyə bu fəlakətə qarşı ciddi tədbirlər görülmür?
Kərəm Qarabulud bildirib ki, bunun müxtəlif səbəbləri var.
“Birincisi, iqtisadi çatışmazlıqlar möhkəm strukturların tikintisinə mane ola bilir. İkincisi, podratçıların yüksək qazanc əldə etmək hərisliyi və materialların oğurlanması səbəbindən təməli möhkəm binalar tikilmir. Ənənəvi fatalist anlayış-qədərçi düşüncə möhkəm binalar tikmək uğrunda mübarizəni gücləndirmir. Qanunlarda olan boşluqlar və ya onların icrasındakı çatışmazlıqlar bu nəticələrə səbəb olur. Eyni zamanda tikinti sahələrinin seçimində elmi meyarlara əməl edilməməsini də unutmaq olmaz. Dünya nümunələrindən dərs almamaq (Yaponiya) kimi faktlar bu ağrılı nəticələrin yaranmasına səbəb olur.
Türkiyə öz gücü və Azərbaycan kimi dost dövlətlərin köməyi ilə 6 fevral zəlzələsinin yaralarını sağaltmağa çalışır. Lakin bu regionda hələ tam normallaşma əldə olunmayıb. Çünki 11 şəhəri əhatə edən böyük bir ərazidə dağıntı olub. Belə fəlakətlərin təkrarlanmaması üçün yuxarıda qeyd olunan bütün məsələlər nəzərə alınmalıdır. Əks halda, bu ağrılar həmişə təkrarlanacaq”-deyə Kərəm Qarabulud qeyd edib.
Professor əlavə edib ki, Yaponiyada çox güclü zəlzələlər baş versə də, binalar dağılmır və demək olar ki, heç bir insan ölmür: “Bu da o deməkdir ki, qaydalara uyğun tikinti bu ölümlərin qarşısını müəyyən qədər ala bilər”.
Kərəm Qarabuludun fikrincə, iyirmi birinci əsrin mühüm ölkələrindən biri kimi Türkiyə indi bu cür çatışmazlıqları aradan qaldırmalıdır: “Bu münasibətlə bütün dünyasını dəyişənlərə rəhmət diləyirəm. Bütün Türk Dünyasına keçmiş olsun deyir və bir daha belə fəlakətlərin yaşanmamasını arzulayıram. Mən bütün digər proseslərdə olduğu kimi, zəlzələ prosesində də göstərdiyi səylərə və dəstəyə görə Azərbaycana təşəkkür etmək istərdim”.
İradə Cəlil, Bizimyol.info