Jurnalist Şahnaz Bəylərqızı fevralın 5-də axşamüstü saat 17:00 radələrində saxlanılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı onun yaxınları da təsdiqləyib.
Fevralın 5-də saat 16-17 radələrində jurnalistin yaşadığı mənzildə müstəntiq və polislərin iştirakı ilə axtarış aparılıb. Axtarış nəticəsində mənzildən telefonlar, kompüter götürülüb. Daha sonra Şahnaz Bəylərqızı Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
Şahnaz Bəylərqızının “Toplum TV” ilə bağlı cinayət işi üzrə saxlandığı bildirilir. Jurnalistin saxlanmasını Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
“Toplum TV” ilə bağlı cinayət işi 2024-cü ilin martında başlanıb, internet televiziyasının təsisçisi Ələsgər Məmmədli də daxil olmaqla, 8 nəfər həbs olunub, bir nəfər haqqında isə alternativ qətimkan tədbiri seçilib. Onlar haqqında istintaq bu yaxınlarda yekunlaşıb. Onlara qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Jurnalistlər özlərini təqsirli bilmir.
“Toplum TV” işindən yeni cinayət işi ayrıldığı bildirilir.
Əvvəllər “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində, “Azadlıq” radiosunda çalışmış Şahnaz Bəylərqızı son illərdə “Toplum TV”də aparıcı-redaktor olub.
Aytən, Bizimyol.info