Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Klinika sahibinə qarşı quldurluq - müdhiş cinayət planı
Bakı Ağır Cinayətlər Məhkəməsində "Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayıb. Bizimyol.info xəbər verir ki, cinayət işi üzrə əqsirləndirilən şəxslər Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevdir. A.Əmirli bundan öncə 5 dəfə məhkum olunub.

Cinayət işi hakim İradə Həsənzadənin sədrlik ediyi kollegiyanın icraatındadır.

2 milyon dolların izi ilə

Hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ''Varovski'' qəsəbəsində baş verib. Prokurorun elan ediyi itiham aktına görə, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu, həmçinin K.Abdullayevin bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə sataraq, 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

Alman “Avçarka”sına bibər qazı

Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

İttihama münasibət bildirən A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə təqsirli bilməyiblər. Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib.

"Qadın qışqıranda ona dedim ki, sənlə işimiz yoxdu"

Anar Əmirov sərbəst ifadəsində bildirib ki, E.Musayevlə F.Əliyevin evə basqından xəbərləri olmayıb. O hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdığını deyib. "Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim. Mən Kamalın evinə getməyi Natiqlə danışmışam. İkimiz gedib evə baxdıq, amma qərara gəldik ki, 2 nəfər evə girə bilmərik. Sonra Bəhruz da bizə qoşuldu. Mən 2 milyon söhbətini elə-belə demişəm, evdə nə qədər pul olduğunu bilmirdim. Sonra üçümüz gedib evə girdik, Bəhruz pəncərəni açdı. Mən qadına yaxınlaşdım, Natiq də kişiyə. Qadın qışqıranda ona dedim ki, sənlə işimiz yoxdu. İki-üç dəqiqə sonra nəsə partlayış oldu, silah açıldı. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım. Sonradna Kamaldan tapançanı da, xəncəri də aldıq. Maskanı da təkcə mən geyinmişdim. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik, çünki bizi görüb gedib pilləkəndə uzandı. Hələ biz buna güldük də. Qadınla kişinin əl-ayağını da bağlamamışdıq".

"İki konvert var idi, biri dollar"

A.Əmirov əlavə edib ki, Kamaldan pulun yerini soruşduqda zərərçəkən aşağıda olduğunu deyib. "İki konvert var idi, biri dollar, biri manat.Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2200 manat idi. Ondan 3300 dollar və 1200 manat Natiqə verdim, qalanını özümə götürdüm. Ətiri, kəməri, saatı mən yox, Natiq götürüb. Heç onlardan xəbərim olmayıb. Biz evdə təxminən 15 dəqiqə qaldıq, çıxanda təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Sonra da avtovağzala gedib taksi ilə rayona yollandıq. Mənim telefonum avtovağzalda yox, Biləcəridə qaldığım evdə olub”.

N.Musayev də hadisənin A.Əmirovun danışdığı kimi olduğunu deyib. O bildirib ki, F.Əliyevin hadisədən xəbəri olmayıb və ona heç pul da verilməyib: “Mənim telefonum Elməddində olmayıb, avtovağalda tanımadığım dönər dükanında “zaryatkaya” qoymuşdum. Biz rayona gedəndə taksidə arxada oturduq, öndə başqa bir adam var idi”.

Taksidə əyləşən polis əməkdaşı olub

Prokuror bildirib ki, taksidə olan həmin şəxs polis əməkdaşı olub və onların söhbətindən cinayət törətdiklərini anlayıb.

B.Hacızadə isə quldurluğa getdikləri zaman telefonun öz üzərində olduğunu deyib.

Digər təqsirləndirilən F.Əliyev həbs olunmadna öncə yalnız A.Əmirovu tanıdığını deyib: “Kamal Abdullayevin yanında 2 ay sürücü işlədim, pulumu vermədi. Həmin gün də maaşımı almaq üçün gəlmişdim. Oradna əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filıan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”. Proses aprelin 9-da davam etdiriləcək.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »