Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Bakı və Ankara ilə danışıqlara “yeni səhifədən” başlamağı təklif edir
Paşinyan Bakı və Ankara ilə danışıqlara “yeni səhifədən” başlamağı təklif edir

Ermənistan münaqişə məsələləri üzrə gələcək müzakirələrə son qoymağı və İrəvanla Bakı arasında ikitərəfli münasibətlərin təmiz səhifədən başlayaraq yeni dövrünü açmağı təklif edir.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şuranın analitik mərkəzində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh müqaviləsi layihəsinin 17 bəndinin sonuncu 2-si üzrə öz təkliflərini təqdim edib. Belə ki, Azərbaycan Aİ-nin mülki monitorinq missiyasına istinad edərək, üçüncü ölkə qüvvələrinin sərhəddə yerləşdirilməsinə qadağa tətbiq etməyi təklif edib. Öz növbəsində Ermənistan bu bəndin yalnız sərhədin delimitasiya olunmuş hissələrinə tətbiq edilməsini təklif edir. "Başqa sözlə, üçüncü tərəfin qüvvələri yalnız tərəflərin birgə müəyyən etdiyi sərhəd bölgələrində olmamalıdır. İrəvan öz təklifini yazılı şəkildə təqdim edib və Bakının cavabını gözləyir", - deyə Paşinyan qeyd edib.

Digər bir məsələ beynəlxalq hüquqi təşkilatlarda bir-birinə qarşı qaldırılan bütün iddiaların geri götürülməsi ilə bağlıdır. “Biz bu fikrin əleyhinə deyilik, amma təklifimiz həm də ondan ibarətdir ki, ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gəlməsin. Əks halda, məsələn, bu məsələ beynəlxalq məhkəmədə qaldırılanda, ikitərəfli səviyyədə tərəflərdən biri bu məsələni təbliğ etməyə çalışanda, bundan istifadə edərək vəziyyəti gərginləşdirməyə təhrik edəndə qəribə vəziyyət yarana bilər”, - deyə Paşinyan bildirib.

“Buna əsaslanaraq, Ermənistan münaqişə məsələləri üzrə gələcək müzakirələrə son qoymağı və ikitərəfli münasibətlərin təmiz səhifədən başlayaraq yeni dövrünü açmağı təklif edir”, - deyə o əlavə edib. Paşinyanın sözlərinə görə, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Çox dərin və həssas mövzular var idi, amma artıq bütün məsələlərdə razılıq əldə olunub. “Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı və Sovet Azərbaycanının xəritələrinə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəliblər”, - deyə baş nazir xatırladıb.

“Beləliklə, biz razılaşdıq ki, Ermənistan və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və gələcəkdə də etməyəcək. Əslində, bu, artıq razılaşma əldə edilmiş gələcək dünyanın təməl daşıdır. Mən bunu ona görə deyirəm ki, indi sülh daha əlçatandır və indi layihəni başa çatdırmaq, imzalamaq və sülhsevər, sabit dünyaya nail olmaq üçün siyasi iradə lazımdır”, - deyə Paşinyan bildirib.

“Türkiyəyə gəlincə, onunla kifayət qədər fəal dialoq aparılır”, - deyə Ermənistanın baş naziri qeyd edib.

O, son illər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə dəfə görüşdüyünü, onun andiçmə mərasimində iştirak etdiyini, bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşdüyünü, ilk mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması ilə bağlı tərəflər arasında konkret razılaşmanın olduğunu xatırladıb. “İrəvan bu razılaşmanın tezliklə həyata keçirilməsinə nail olacağına ümid edir və bu istiqamətdə işləyir”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, hələ 2021-ci ilin dekabrında Yerevan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin etmişdilər. 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi, eləcə də bunun üçün lazımi proseslərin başlanması barədə razılıq əldə olunub.

Ermənistan-Azərbaycan sərhədinin müəyyən edilməsi məsələləri ilə iki ölkənin baş nazirinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi ikitərəfli komissiyalar məşğul olur. Yanvarın ortalarında növbəti görüşdə tərəflər sərhədin bütün şərq hissəsinin şimaldan cənuba (Gürcüstan və İranla sərhədlərin qovşağı arasındakı intervalda) delimitasiyası üzrə kompleks işlərə başlamaq barədə razılığa gəliblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »