Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ədalət sistemini elə qurmalıyıq ki...”
Ələsgər Məmmədli: “Vətəndaşlar faktik olaraq hüquqi müdafiəsiz qalıb”

Ələsgər Məmmədli 1996-cı ildə Türkiyə Cümhuriyyətində İstanbul Universitetinin hüquq fakültəsini bitirib və İstanbulda vəkillik fəaliyyəti ilə məşğul olub. 2001-ci ildə Türkiyənin Ankara şəhərində Türkiyə və Orta Doğu Amme İdaresi Enstitüsü Kamu Yönetimi bölümündə magistraturanı bitirib və hüquq və idarəetmə üzrə ekspert ixtisası əldə edib alıb. İstanbul Barosunda (Vəkillər Kollegiyasında) vəkillik ixtisası üzrə bir illik xüsusi təlim keçib.

ABŞ-ın İnternyus və İREX təşkilatlarında hüquqşünas kimi fəaliyyət göstərib. Media hüququ, seçki hüququ, yerli özünüidarəetmə hüququ, informasiya əldə etmək hüququ, konstitusiya hüququ və insan hüquq və azadlıqları sahəsini əhatə edən onlarla kitab, broşür müəllifidir. Çoxsaylı elmi məqalələri yerli və xarici nəşrlərdə çap edilib. Hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın hüquqi tənzimlənməsi istiqamətində dərs deyir. Bizim Yol-a müsahibəsində Ələsgər Məmmədli cəmiyyəti narahat edən aktual hüquqi problemlərdən danışıb.

- Ələsgər bəy, hazırda vəkilliyin durumu Azərbaycanda necədir? Nümayəndəlik institutunun ləğvindən sonra yeni vəziyyət yaranıb...

- Bilirsiniz, əgər Avropa Şurasının üvü olan 47 ölkəni götürsək, hər 1000 nəfərə, yaxud 10 min nəfərə düşən vəkil sayı ən aşağı olan ölkə bizik. Azərbaycanda Vəkillər Kollegiyasının üzvü olaraq proseslərə çıxan vəkil sayı (son imtahanlarda olanları nəzərə almasaq), 800 nəfəri keçmir. Yəni, 10 milyonluq əhali 800 nəfər vəkillə özünü keyfiyyətli hüquqi yardımla təmin etməlidir. Amma hüquqi yardım tələb edən işlərin sayı 10 milyon nisbəti ilə də götürülə bilməz. Daha çoxdur. 10 milyonluq əhalinin, təbii ki, münasibətlərindən, eyni zamanda onların dövlətdə də olan münasibətlərindən çoxlu məhkəmə işləri yaranır.

- Bəzən bir vətəndaşın birdən çox – iki və ya daha artıq iş üzrə hüquqi yardıma ehtiyacı olur. Doğrumu anladım?

-Bəli, doğrudur. Götürək, problemli kredirləri. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov keçən illərdə mediaya belə bir açıqlama verdi ki, Azərbaycanda problemli kreditlərin həcmi ümumi kreditlərin 14- 15 % -ni təşkil edir. Daha öncə də ümumi kreditlərin sayının 2 milyondan çox olduğu söylənmişdi. Yəni bu, təxminən 300 mindən çox problemli kredit deməkdir. Əgər bura zaminləri də əlavə etsək, potensial olaraq, 400 mindən çox məhkəmə işi demək olar. Çünki zaminlərin də əlavə məhkəmə işləri açmaq imkanı var. Problem varsa, həll yolu məhkəmədir. Ayrıca elekron məhkəmə portalına daxil olsaq, sistemə inteqrasiya olan məhkəmə işlərinin sayı da 300 mindən çoxdur. Çoxsaylı məhkəmə işlərində, sadəcə və sadəcə, şəxs özü və ya vəkili vasitəsilə çıxış edə bilər.

- Vəkili yoxdursa, iş özünə qalır...

- Tamamilə doğrudur. Şəxsin özünün hüquqi bilgisi yetərli olsaydı, heç vəkilə ehtiyac qalmazdı. Amma bu günə qədər 9 mindən çox hüquqşünas və ya qeyri- hüquqşünas vardı ki, onlar məhkəmə praktikasında nümayəndə kimi çıxırdılar. Bu ilin yanvar ayından nümayəndəlik institutu ləğv olundu. Nümayəndələrin məhkəmədə təmsil olunması aradan qaldırıldı. Buna görə də vətəndaşlar peşəkar hüquqi yardımdan məhrum vəziyyətə düşüblər. Azərbaycanda Vəkillər Kollegiyasının üzvlərinin böyük əksəriyəti - 80 fazidən çoxu (təəssüf ki, onlar statistikanı açıqlamır) Bakı şəhərindədir. Rəsmi statistikaya görə, Azərbaycanın rayonlarında yaşayan 55-60 faiz əhaliyə - 6 milyon insana düşən vəkil sayi isə 200 nəfər etmir. Bəzi rayonlarda 4-5 vəkil, bəzilərində isə 1- 2 vəkil var. Təbii ki, bu halda vətəndaşların böyük bir hissəsi artıq özlərinin ədalətli məhkəmə yoluna müraciət etməni konkret olaraq, uyğun görməyəcək. Cünki vəkil yoxdu. Ayrıca da qiymətlər yüksələcək. Əvvəllər 1 ərizəni 100 manata yazırdılarsa, indi kim çox pul verir, ona yazacaqlar. Aşağı təklifə: “İşim var, məşğulam” deyəcəklər.

- Siz media hüququ sahəsində də fəaliyyət göstərirsiniz. Hazıda sosial şəbəkələrdə və mediada təhqirlərdən daha çox istifadə edilməklə maraqlı, münaqişəli tərəflər bir- birinə qarşı mübarizə aparır. Sizcə, bu durumun nəticəsi nə olacaq?

- Bu və ya başqa formada ictimai nəqliyyatdan istifadə edəndə birdən hansısa tərbiyəsiz sərnişin orda söyüş söyür. Çox vaxt qulağımızı tıxıyıb ora daxil oluruq. Çox istisna hallarda şikayət edirik. Yəni cəmiyyətdə insanların tərbiyəsi hamıda eyni deyil. Sosial şəbəkə də toplumun virtual mühitidir. Yəni necə avtobusa sərxoş minib söyüş söyə biləcək bir adamın olacağı kimi sosial şəbəkədə də hansısa profil bu formada olur. Buna qarı mübarizə mümkündür. Azərbaycanda qanunvericilər guya ağıllı olublar, 2016 –cı ildə qanunvericiliyi dəyişiblər. Sosial mediada anonim hesablardan böhtana , təhqirə yol verənlərə cinayət məsuliyyəti müəyyən olunub. Hüquqi baxımdan məsuliyyət var. Ayrıca anonim olmayan, yəni öz adı ilə çıxış edənlərin də Cinayət Məcəlləsinin 147-ci və 148 ci maddələrdə böhtana və təhqirə görə məsuliyyəti müəyyən edilib. Kütləvi İnformasiya Vasitələri deyəndə İnternet və Sosial Media da bura daxildir (“KİV haqqında” qanunun 3-cü maddəsinə görə). Ona görə də hər bir insan dərk etməlidir ki, ictimai çıxışlarda, kütləvi vasitələrdə, sosial mediada təhqir edirsə, böhtan atırsa, buna görə Azərbaycan qanunvericiliyi məsuliiyət müəyən edib. Və o adam məsuliyyətə cəlb oluna bilər. Mən düşünmürəm ki, qanunda boşluq var. Bu, Azərbaycan ərazisində keçərlidir. Şəxs oturub Hollandiyadan söyüş söyürsə, onu blok etmək imkanımız var. Mənim dostluğumda 5000- yaxın insan var. Heç bir şəxs söyüş söymür. Çünki özüm seşim etmişəm. Hər kəs də bunu edə bilər və ürəyi bulanmaz.

- Ancaq bütövlükdə sosial şəbəkələrin bağlanması təklifləri də səslənir. Saytlar bloklanır. Bu çıxış yoludurmu?

- Məncə deyil. Bu ona bənzəyir ki, yayda gün sizi çox yandırır, gəlin müvəqqəti olaraq Günəşin qabağını bağlayaq. Sadəcə, sosial şəbəkələri tənzimləyək , problem var, tənzimlədilər. Cinatyət Məcəlləsinə 7 dənə maddə qoydular, Sonra yetmədi, gəlin, saytları bloklayaq dedilər. 2017- ci ilin martında bloklamağa başladılar. Sonra Rabitə Və İnformasiyaTexnologiyalar Nazirliyinə hüquq verdilər ki, xoşu gəlməyəni bloklasın. Indi 30 -dan artıq sayt blokdadır. Amma bununla mübarizə aparıla bilmir. Nədən? Çünki doğru yanaşma deyil. Siz qadağan etməklə, heç nəyə nail ola bilməzsiz. Tam tərsi. Biz doğru deyənləri dinləyib, o döğruları düzəltsək, yanlışların və söyüşlərin də artıq cazibəsindən qurtulmuş olacağıq. Bu gün əgər Ələsgər Məmmədli olaraq, Konstitisiya ilə bağlı hüquqi analiz edirəm, ona 1000 nəfər baxır, amma biri bir söyüş söyürsə, 70 min adam baxır. Cünki bu, sosial tələbə çevrilib. Normal deyəni dinləmədiyin zaman anormal deyənlər ortaya çıxdı. Və mühit onların mühiti olur. Sosial şəbəkələrin bağlanmasi ilə bağlı fikir real deyil. İnterneti tamamilə yox etmək mümkündürsə, o da mümkündür. Bağlayaq. Onda qayıdaq 30- cu illərə. Bu cür çıxışlar populizmdir. Heç bir ağıllı idarəetmə bağlamaqla çözüm tapa bilməz. Sosial media üzərindən diqqət çəkən təkliflərə qulaq asıb onlara yönəlsə, qalamnları çıxacaq. Ağıllı insanları görmək istəyirsən, buyur, ağıllıları seş, qalanları blokla.

- Bir çoxları bu seçki ərəfəsində dövlətdən müəyyən adddımlar gözləyirdilər. Əfv, o cümlədən, jurnalistlərin, bloqqerlərin buraxılması, problemli kreditlərin həlli, sənədsiz evlərin sənədləşdirilməsi və sair. Sizcə qarşıdakı dönəmdə olacaqmı?

- Normal cəmiyyətlərdə bu tip gözləntilər olmur. Kimsə haqsız yerə ittiham olunmayıbsa, bir az öncə onun əfv olunması nəzərə alınmayacaq. Gerçək cəzasını cəkməkdədir. Bizdə ancaq deyirlər ki, 17 dəfə amnistiya ,17 dəfə əfv olub. Deməli, o zaman problem var. Ədalət sistemi normal işləmir ki, Prezident davamlı olaraq buna müdaxilə etməli olur, həbsxanaları boşaldır. Ədalət sistemini elə qurmaq lazımdır ki, haqsız yerə heç kim həbsə düşməsin və gözlənti yaratmayaq ki, ordan hansısa insanları buraxaq. İkinci məsələ, önəmli məqam odur ki, seckilər zamanı bu tip vədlər bir çox yerdə qanunsuz hesab olunur. Məsələn, kimlələrinsə statusunu yüksəltmək, maaşları artırmaq, kreditləri silmək və sair. Bu onu göstərir ki, cəmiyyətdə qanunsuz gözlənti yaranıb ki, bizə də kimsə ənam verəcək, ona səs verəcəyik. Bu yanlışdır. Gözləntiyə ehtiyac yoxdur. Xeyli sayda bloger, jurnalistlər var.100-dən çox adamın adının yazıldığı “siyasi məhbus” siyahısı var. Və hər kəsin bir gözləntisi var ki, Cümhuriyyətin 100 illiyində haqq edənlər bir anlıq öz azadlıqıarına və ailəsinə qovuşsunlar. Mənə elə gəlir ki, 28 mayda bu bir gözlənti olaraq qalmayacaqdır.

- Problemli kreditlərdən danışdınız. Banklar müştəriləri kütləvi məhkəməyə verir. Çox böyük cərimələr, borclər yazılır. Bu problem necə həll olunmalıdır?

- Bununla bağlı fərqli vətəndaş cəmiyyəti qurumlarının və hökumətin tövsiyyələri var idi. Qazaxıstan modeli deyirdilər. Əgər devalvasiyadan doğan bir borc yaranıbsa, yəni pul ani dəyərdən düşməklə borclrın həcmi 2 qat artıbsa, bu, sadəcə, vətəndaşın günahı ola bilməz. Rəsmi qurumların qərarı ilə baş verib; Mərkəzi Bankın qərarı ilə pulun dəyər dəyişib. Beləliklə də 80 min manat borclu olan 160 min manat borclu halına gəlib. Deməli, üçlü məsuliyyət olmalı idi. Zərərin bir qismini dövlət, bir qismini banklar , bir qismini də vətəndaş qarşılamalı idi. Yəni təxminən belə bir formul təklif olunmuşdu. Mən də dəstəkləmişdim. 30 % vətəndaş, 35 faiz dölət, 35 faiz bank qarşılamalıdır.Təxminən Qazaxıstanda da buna bənzər oldu. Mən bildiyim qədər problemli kreditlərin həcmi 250 milyondan azdır. Dövlətə də çox da ağır yük gətirəsi deyil. Bununla da bu məsələ qapanmış olardı. Ancaq nədənsə Konstitutsiya Məhkəməsi 2017-i ilin may ayında qərar verdi. Və yükü tamamilə vətəndaşların üzərinə atdı. Bu da çox ədalətsiz yanaşmadı. Sonra da bilərəkdənmi, ya da bilməyərəkdənmi nümayəndəliyi ləğv etdilər. Nəticədə vətəndaşları gələcəkdə məhkəmələrin, bankların qarşısında tamamilə müdafiəsiz qoydular. Bu, əslində yekun deyil. Bundan sonra vətəndaşlar əgər hüquq yolu ilə öz mübarizələrin apara bilməzsə, bu çox böyük sosial narazılıqlara da gedib çıxar. Məncə, hökümət bunu görüb, indidən lazım olan addımları atmalıdır.

Gülnarə ƏMİRQIZI

Bizim Yol

Son xəbərlər
Bütün xəbərlər »