Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Urbanizasiya və sənaye proseslərinin yaratdığı ekoloji problemlər
Azərbaycanda müstəqillik illərdən başlayaraq başqa sahələrdə olduğu kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların dağılması kənd əhlisinin iş yerlərinin itirməsinə səbəb oldu. Regionlarda istehsal müəssisələrinin bağlanması, torpaqlarən əkib-becərilməsinin çətinləşməsi əhalinin şəhərlərə, əsasən də Bakıya gəlməsi ilə nəticələndi.

Müstəqillik dövründən etibarən Azərbaycan Respublikası şəhərsalma və şəhər məskunlaşdırılmasının əhali-iqtisadi göstəricilərinə təsir edən ən başlıca amillərdən biri də miqrasiya prosesidir. Tamamilə planlaşdırılmamış, xaotik miqrasiya prosesi planlaşdırmaya və ümumiyyətlə, normal inkişafa ciddi təsir etdi.Üstəlik işğal edilmiş rayonlarımızın əhalisi də Bakıya köç edincə 5 nəfərlik evdə 30 adamın yerləşməsi ilə müqayisə ediləcək ağır vəziyyət yarandı.

Urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi və sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir.

Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur. Bəzi proqnozlara görə planetin hamısı şəhərlərə axın edəcək, lakin bununla belə, bir sıra sıx əhailsi olan şəhərlərdə artım elə intensiv getmişdir ki, şəhər kənarına axın müşahidə edilməkdədir

Son illərdə Bakı şəhərində xeyli çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafındaşəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problem olduğunu göstərir.

«Bakı şəhərinin qəsəbələrinin sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı»na uyğun olaraq, həm şəhərətrafı qəsəbələrin və həm də onların daxil olduqları ayrı-ayrı inzibati rayonların ekoloji mühitinin yaxşılaşdırılması, su təchizatı və kanalizasiya işlərini yaxşılaşdırmaq,yol təsərrüfatı və s. sosial-iqtisadi məsələlərin əsaslı həlli məqsədilə müxtəlif təyinatlı tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulub və həyata keçirilməkdədir.

Professor Sakit Hüseynovun fikrinə görə, məhz elə insan sıxlığının çox olduğu şəhərlərdə məişət ekologiyası faktoruna diqqət yetirlməlidir . “Məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən - rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir. Məişət ekologiyasına təsir edən amillər çoxcəhətlidir. Mövcud elmi ədəbiyyatın təhlili və yaşadığımız real həyatın sosiloji cəhətdən araşdırılması nəticəsində məisət ekologiyasının çirklənməsi və gərginləşməsinin qarşısını almaq üçün görüləcək tədbirləri tipoloji cəhətdən şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Ətraf mühit obyektlərinin təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısını almaq üçün (su, atmosfer havası və torpağın çirklənməsinin qarşısının alınması, bərk məişət tullantılarının zərəsizləşdirilməsi və s.) kompleks tədbirlərin həyata keçirilməsi.

2. Müstəqil respublikamızın mənafeyini nəzərə almaqla ekoloji hüququn beynəlxalq tələblər səviyyəsində inkişaf etdirilməsi.

3. Əhalinin bütün yaş qrupları arasında ekoloji tərbiyənin genişləndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması.»

Professor hesab edir ki, məişət ekologiyasının qorunmasında bütün tədbirlərin həyata keçirilməsi ilə yanaşı, indiki şəraitdə əhali arasında ekoloji tərbiyənin genişləndirilməsinin mühüm əhəmiyyəti vardır.

Əhalisi az olan kiçik yaşayış yerlərinin də, müxtəlif fəaliyyətlərlə canlandıraraq iqtisadi və sosial baxımdan inkişaf etdirmək və yaşayış üçün əlverişli mərkəzlərə çevrilməsi ilə Bakı şəhərinin yükünü azaltmaq olar. Bu həm də ölkə iqtisadiyyatına böyük fayda verər, regionların sosial- iqtisadi rifahını yüksəldər. Bu yöndə artıq dövlət səviyyəsində müəyyən addımlar atılır.

Bakı şəhərinin sənaye yükünün azaldılması məqsədi ilə şəhər mərkəzindəki böyük neft emalı zavodlarının şəhər kənarınaa köçürülməsi işlərinə başlanılıb. Bu mənada Bakının Qaradağ rayonu artıq böyük sənaye mərkəzinə çevrilib. Sirr deyil ki, hər bir sənaye mərkəzinin yaşadığı müəyyən ekoloji problemlər vardır. Yeni sənaye kompleksləri salınarkən ilk növbədə yaradılan müəssisənin ətraf mühitə minimal səviyyədə mənfi təsir etməsi nəzərdə tutulur.

Bu mənada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümunə rolunu oynayır.QSC-nin baş direktoru Taleh Ziyadovun sözlərinə görə, Ələt Limanı “Yaşıl liman” statusu almağı qarşıya məqsəd qoyub.

“Söhbət Bakı limanının təbiətə az zərər vuran, enerji səmərəli infrastruktura malik olmasından, bu istiqamətdə müasir texnologiyalardan istifadə etməsindən gedir. “Yaşıl liman” statusunun əldə edilməsi qarşıya məqsəd kimi qoyulub və bununla bağlı Avropa İttifaqı ilə birgə iş aparılır. “Ələt Limanı MDB ölkələri arasında Yaşıl Liman statusuna malik ilk liman olacaq. Bu məqsədlə limanda Xəzər hövzəsində ilk dəfə olaraq neftlə çirklənmiş və məişət suları təmizləyən qurğular istismar olunmaqdadır. Eyni zamanda liman əməliyyatlarında alternativ enerji mənbələrinə üstünlük veriləcək”, - deyə o, qeyd edib.

Bütün dünyada neft‐qaz çıxarma sənayesi, həmçinin onunla əlaqəli emal, neft‐ kimya və başqa sənaye sahələri ətraf mühitə mənfi təsirlərinin miqyasına görə birinci yerdə dururlar. Bu təsirlər ətraf mühitin bütün elementlərini əhatə edir:

• Yerin təkində geoloji suxurların strukturunun pozulması və yeraltı suların çirklənməsi;

• yer səthində, relyefdə pozulmalar, torpağın məhsuldar qatının məhv edilməsi və neft tullantıları ilə çirklənməsi və s;

• bitki və heyvanat aləminin deqradasiyası;

• su hövzələrinin çirklənməsi;

• atmosferin müxtəlif zərərli qazlarla çirklənməsi;

• müvafiq olaraq yaşayış yerlərinə və insanların sağlamlığına mənfi təsirlər göstərir. Digər tərəfdən isə müasir dünya iqtisadiyyatı neft‐qaz erasını yaşayır. Bizim ölkənin də neft və qazdan asılılığı böyükdür, belə ki, ümumi daxili məhsulun yarıdan çox hissəsi neft‐qaz sənayesinin payına düşür.

Azərbaycan dünyanın ən qədim neft ölkəsi sayılır və burada neftin sənaye üsulu ilə çıxarılmasının 150 ilə yaxın tarixi vardır. Neftin çıxarılması tarixi ilə yığılıb qalmış ekoloji problemlərin yaşı eynidir. Son illərdə Azərbaycan Hökuməti uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həllindən ötrü müvafiq qərarlar verir, milli ekoloji proqramlar həyata keçirir. Bu problemlərin həlli üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən daha çox böyük səylər tələb olunur və onun qarşısında konkret vəzifələr qoyulur.

ARDNŞ-in mətbuat xidmətindən “Bizim Yol” qəzetinə bildirilib ki, neft istehsalı zamanı ekologiyaya zərbə vurmamaq üçün tullantıların idarəolunması, atmosferin çirklənməsinin qarşısının alınması, həm də çirklənmiş torpaqların təmizlənməsi sahəsində bir sıra layihələr həyata keçirilib.

ARDNŞ çirklənmiş torpaqların təmizlənməsini və təmizlənmiş torpaqlarda idmana töhfə verəcək qurğuların tikintisini həyata keçirir. Bu qəbildən olan ən iri layihə Sabunçu rayonu ərazisində yerləşən Böyük Şor gölü ətrafında Bakı Olimpiya stadionunun tikintisi layihəsidir. İdman və ətraf mühitə xidmət edən bu cür layihələr Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilib və ARDNŞ-ə ətraf mühitin qorunması ilə idmanın inkişafına verdiyi töhfəyə görə xüsusi mükafat təqdim edilib.

ARDNŞ‐nin Ekoloji Siyasətinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində onun praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etməkdir:

• Keçmişdən miras qalmış ekoloji problemlərin mərhələlərlə həlli yollarını müəyyən etmək və onların nəticələrini aradan qaldırmaq;

• Ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasını əsas fəaliyyətin bütün istiqamətlərinə yönəltmək;

• Ekoloji qaydaların və standartların tətbiqinə nail olmaq;

• ARDNŞ‐nin obyektlərində, müştərək müəssisələrdə və çoxtərəfli müqavilələrdə yeni layihələri həyata keçirərkən ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinin Ekoloji Siyasətə, ən yaxşı təcrübəyə əsaslanmasını təmin etmək;

• Əsas strateji vəzifə kimi yüksək ekoloji və sosial nəticələrə gətirən layihələrin dəstəklənməsini yerinə yetirmək.

Radiasiya problemləri bütün neft‐qaz çıxarma sahələri üçün xarakterik olan problemlərdən biridir. Bu yerin dərin qatlarından neftli lay suları ilə səthə çıxan radioaktiv elementlərin yaratdıqları çirklənmələr, həmçinin istifadə olunan avadanlıqlardakı radioaktiv elementlərin yarada biləcəkləri təsirlərdir. Onların qarşısını almaqdan ötrü ətraf mühitin, işçi personalın və əhalinin sağlamlığını qoruyan tədbirlərin yerinə yetirilməsi labüddür.

1997-ci ildə qəbul edilmiş “Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun” bu və ya digər istehsal obyektlərinin istismarı zamanı radiasiya təhlükəsizliyini təmin edən tələbləri müəyyən edir və onların təmin edilməsində dövlət siyasətinin əsas istiqamətlərini təyin edir, ionlaşdırıcı şüa mənbələri istifadə olunan sahələrdə işçilərin və əhalinin təhlükəsizliyini təmin edən ekoloji normativləri, həmçinin qəza hadisələri zamanı əhalinin səhhətinə, əmlakına və həyatına dəymiş ziyanın ödənilməsi üçün onların hüquqlarını müəyyən edir.

Yuxarıda qeyd edilənlər əsasında ümumi bir fikrə gəlmək olar. İnsan harda varsa orda quruculuq, yaradıcılıq işləri ilə yanaşı təbiətə və ətraf mühitə vurulan zərbələr də var. Balansı qorumaq da insanın əlindədir.Son illər Bakı şəhərində artıq bir tendensiya müşahidə olunmaqdadır. Öncələr şəhərə can atan insanlar indi şəhərdə yaratdıqları sıxlıq və gərginlikdən qaçaraq şəhər ətrafına can atırlar. İnkişafın əsasında insan rifahı, sağlam mühit və sağlam xalq dayanmalıdır. Bu amillər də elə qurub yaradan xalqın özündən asılıdır.Problemlərimiz özümüzlə sabahlara aparmamaq üçün onları elə bu gün həll etmək məcburiyyətindəyik.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »