“Məlumdur ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 anklav var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərindən gedir. Ermənistan parlamentinin sədri Alen Simonyan deyir ki, işğalçı ölkənin hələ də nəzarətində qalan Azərbaycana məxsus 4 kəndin geri qaytarılmasında İrəvan heç bir problem görmür”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, ilk baxışdan belə başa düşmək olar ki, Ermənistan işğal altındakı kəndlərimizi qaytarmaq istəyir, ancaq reallıqda qonşumuz bu məsələdə də vaxtı uzatmaqla məşğuldur.

“Simonyan qeyd edib ki, əvvəlcə delimitasiya və demarkasiya işləri aparılsın. Bu da uzunmüddətli prosesdir və illərlə vaxt aparan bir məsələdir. Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı danışarkən iddia edib ki, "sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəd"də anklavlar məsələsi yoxdur. Simonyanın haqqında danışdığı sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi ön plandadır. Deməli, Azərbaycan ərazisi kimi tanınan bütün yaşayış məntəqələri geri qaytarılmalıdır”-deyən deputat hesab edir ki, Ermənistan nə qədər söz oyunları ilə bu məsələdən qaçmağa çalışsa da, istədiyinə nail ola bilməyəcək.
“Ermənistan hakimiyyəti yaxşı bilir ki, ona havadarları tərəfindən verilən vədlər sadəcə Azərbaycanla uzlaşmaq üçün atılan siyasi manevrlərdir. Əgər bu gün Azərbaycan Qərbin də, ABŞ-ın da "yox" deyə bilməyəcəyi bir təklif irəli sürsə, hər ikisi Ermənistanın üzərindən xətt çəkəcək”-deyə Müşfiq Cəfərov vurğulayıb.
İradə Cəlil, Bizimyol.info