Yanvarın 16-da Dohada İsrail və Fələstinin Həmas qruplaşması arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs əldə edilməsinə dair imzalanan sazişin birinci mərhələsi 2 min fələstinli məhbusun əvəzində 33 israilli əsir azad edilməsini nəzərdə tutur.
Bizimyol.info xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq. "Əvvəlcə 33 girov azad ediləcək: qadınlar və uşaqlar, sonra qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və "humanitar işçi" kimi müəyyən edilən gənclər. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2000 məhkum terrorçunu, o cümlədən 2023-cü il 7 oktyabr hadisələrindən sonra saxlanılan minə yaxın insanı azad edəcək. Mübadilə üçün təsdiqlənmiş fələstinli məhbuslardan 250-yə yaxını ömürlük həbs cəzasını çəkir. Bununla belə, sövdələşmənin bir hissəsi olaraq, 2023-cü il oktyabrın 7-də İsrailə hücumda birbaşa iştirak edən terrorçuların heç biri azad edilməyəcək", - deyə qəzet qeyd edir.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi yanvarın 16-da Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında sazişin İsrail, Fələstinin Həmas hərəkatı, ABŞ və Qətər tərəfindən imzalandığını təsdiqləyib. Ofisin bəyanatına görə, təhlükəsizlik kabineti sazişi təsdiqləmək üçün toplanacaq, ardınca isə hökumətin tam iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.
Qadir, Bizimyol.info