İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətərin nümayəndələri yanvarın 16-da axşam Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında sazişi rəsmən imzalayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, razılaşma ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk, eləcə də Qətər və Misirdən olan vasitəçilər tərəfindən müzakirə olunub. ABŞ tərəfində sazişi Brett Makqurk imzalayıb.
Mənbələr bildiriblər ki, İsrail təhlükəsizlik kabineti və hökumətinin HƏMAS-la razılaşmanı təsdiqləmək üçün iclası yanvarın 18-i axşama qədər keçirilməyəcək, buna görə də razılaşma yanvarın 20-də qüvvəyə minəcək.
Portal yazır ki, sənədin imzalanması saziş çərçivəsində azad edilməli olan fələstinli məhbusların yekun siyahısı ilə bağlı fikir ayrılıqları səbəbindən təxirə salınıb. Onun sözlərinə görə, HƏMAS mübadilə zamanı qruplaşmanın terror aktlarının təşkilinə görə ömürlük həbs cəzası çəkən hərbi rəhbərlərinin geri qaytarılmasını tələb edib.
Əl-Ərəbiyyə telekanalı mənbələrə istinadən xəbər verir ki, Həmas və İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıblar. Mənbələr bildiriblər ki, sənədə son düzəlişlər edilib. Kanal HƏMAS və İsrail arasında vasitəçi rolunda çıxış edən və Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərinin icrasının təminatçısı kimi çıxış edən Qətər, Misir və ABŞ-ın imzalayanlar arasında olub-olmadığını dəqiqləşdirməyib.
Qadir, Bizimyol.info