“Nə Türkiyədə nə də Azərbaycanda ermənilərə qarşı heç vaxt hücum olmayıb. Eyni zamanda onlara hər zaman yaxşı vəzifələr verilib. Məsələn, Osmanlı İmperiyasının ən yüksək dövlət idarəçilərinin bir çoxu ermənilər idi. Əslində Osmanlılar ermənilərə o qədər dəyər verirdilər ki, hətta onlara “milleti sadıka” (sadiq millət) adı da verilirdi. Lakin bütün bu yaxşılıqlara baxmayaraq, vaxtı gələndə Osmanlının kürəyindən bıçaqla vurdular. Bunu Azərbaycana da etdilər. Bu gün Ermənistan adlanan dövlətin torpaqları əslində keçmişdə Azərbaycan türklərinin torpaqları olsa da, Azərbaycan bu ölkəyə sülh əlini uzada bilir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud bildirib ki, Ermənistan başqalarının marioneti olduğu və tarix boyu həmişə başqalarının istifadə etdiyi bir toplum olduğu üçün bunları dərk edə bilmir: “Əslində, yaşadığı torpaqların Azərbaycana məxsus olduğunu təqdir edib şükür etməli olduğu halda, yenə də silahlanmağa çalışır. Azərbaycan və Türkiyə hər zaman beynəlxalq hüquq çərçivəsində hərəkət edib”.

Professor qeyd edib ki, Qarabağın işğalı və dağıdılması zamanı vurduqları zərərin müqabilində təqribən 1 trilyon dollar kompensasiyanı Azərbaycana ödəməlidirlər.
“Bilirik ki, onlar bunu ödəyə bilməzlər. Bunun müqabilində ən yaxşı yol Zəngəzur rayonunun Azərbaycana verilməsi olardı. Ermənistan bunları etməsə və təcavüzkar siyasətini davam etdirsə, indi yaşadığı və ona aid olmayanı yaxın gələcəkdə itirəcək. Çünki onun yaşadığı torpaqlar Azərbaycanındır. Bunları bilə-bilə Azərbaycanla, Türkiyə ilə heç olmasa sülh içində yaşamağın yollarını axtarmalıdırlar”-deyə Kərəm Qarabulud əlavə edib.
İradə Cəlil, Bizimyol.info