Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkinçilik və heyvandarlığın ətraf mühitə təsiri
Heyvandarlığın inkişafı ilə otlaqlara dəyən ziyan necə kompensasiya edilməlidir?

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkə- də ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmışdır.

Bununla belə, ölkədə uzun illərdən bəri yığılıb qalmış həllini təcili tələb edən bir sıra ekoloji problemlər mövcuddur: su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması.

Bu gün dünyada torpaqların sıradan çıxmasının 75 faizi otarmanın düzgün aparılmaması ilə bağlıdır. Dünyada bu proseslərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar tərəfindən tədbirlər görülür.

Heyvandarlığın inkişaf etməsi ilə bağlı otlaq sahələrinin azalması məsələsi bu gün həm ekoloqları həm də kənd təssərrüfatı ilə məşğul olan insanları düşündürən məsələdir. Azərbaycanın torpaqları heyvandarlıq üçün çox yararlıdır. Lakin eyni zamanda əkinçiliyin inkişaf etdirilməsi bu iki sahəni bir-biri ilə ziddiyətli hala gətirib çıxarır. Örüş-otlaq sahələrinin müasir vəziyyəti və məhsuldarlığı onların potensial imkanlarından xeyli aşağıdır və heyvandarlığın artan tələbatına uyğun gəlmir. Son illərdə otlaqlarda heç bir səthi və əsaslı yaxşılaşdırma tədbirləri aparılmamışdır

Ölkənin ümumi torpaq fondu 8,6 milyon hektar olsa da, onun yalnız 4,5 milyon hektarı kənd təsərrüfatı üçün yararlıdır. Eroziya, şoranlaşma, bataqlıqlaşma, çirklənmə və s. proseslərin təsiri nəticəsində torpaqların deqradasiyası baş verir.

Qışlaqların 50 min, yaylaqların isə 203 min hektarı işğal altında və cəbhə zonasında olduğundan mövcud davarların otlaqlarla təminatında ciddi çətinliklər yaranmışdır. Həmçinin, sahə vahidinə düşən heyvanların sayının ilbəil artması, otlaqlardan sistemsiz istifadə olunması, son illər iqlimin quru və isti keçməsi, otlaqlarda yaxşılaşdırma tədbirlərinin aparılmaması və sairə amillər heyvandarlığın, xüsusən qoyunçuluğun inkişafı üçün mühüm rol oynayan yay və qış otlaqlarının eroziyaya və səhralaşmaya uğramasına səbəb olmuşdur.

Qoyunçuluğun inkişafı və onun möhkəm yem bazası ilə təmin olunması, təbii yem sahələrinin məhsuldarlığının artırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi, otlaqlardan səmərəli istifadə edilməsi və qorunması məsləsi hələ də problem olaraq qalır.Son illər qoyunçuluqla məşğul olan bir çox fermerlərin uzun müddətə icarəyə götürdükləri icarə torpaqlarının əllərindən alınaraq həmin sahələrdə pambıq əkilməsi faktları qeydə alındı. Bu öz növbəsində heyvandarlıqla məşğul olan sahibkarların narazılığına səbəb olur.Əgər otlaq sahələrinin bir hissəsi pambıq əkininə ayrılıbsa, bundan sonra heyvandarlıqla bağlı hazırlanacaq dövlət proqramında bu məsələlər necə tənzimlənməlidir? Pambıqçılıq strateji məsələdir, heyvandarlıq isə ölkənin ərzaq təhlükəsizliyinin təmini üçün vacibdir.

Prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunan konfransda heyvandarlıqla bağlı dövlət proqramına ehtiyac olduğunu vurğulayıb.

Xalqın ümumi mənafeyi hər bir halda ayrı-ayrı sahibkarların maraqlarını qorumaqdan daha üstündür və ölkənin əsas aqrar siyasət bu yöndədir.

Azərbaycan torpaq ehtiyatları məhdud olan ölkələr sırasına aiddir. Ölkədə adambaşına 0,22 hektar əkin yeri və 0,58 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur. Otlaqların və biçənəklərin adambaşına düşən sahəsi isə daha azdır. Bu baxımdan aqrar sektorun, xüsusilə heyvandarlığın inkişafında, əhalinin ayrı-ayrı kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində torpaqların münbitliyinin artırılması, heyvandarlığın yem bazasının möhkəmləndirilməsi, təbii yem sahələrinin mühafizəsi, otlaqların yaxşılaşdırılması və onların geobotanik zənginliyinin qorunub saxlanılması mühüm əhəmiyyət kəsb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Oqtay Cəfərov bildirib ki, sonuncu dəfə otlaqların geobotanik tətqiqatları 1949-51-ci illərdə aparılıb. Ondan sonra onların məhsuldarlığının keyfiyyəti öyrənilməyib. 1,3 milyon 300 min hektar qışlaq sahəsi var. 530 min hektar yaylaqdır ki, onun 200 min hektarı zəbt olumuş torpaqlardadır. Bunların ümumi tutumu 3 milyon kiçikbuynuzlu mal civarındadır. Hazırda ölkədə 9 milyona yaxın kiçikbuynuzlu mal var. Beləliklə, otarma 3 dəfə çox gedir. Ona görə də yaylaq və qışlaqlar buna dözmür və sıradan çıxır. Bu da səhralaşmaya gətirib çıxarır. Nazirlik dövlət qarşısında təkliflə çıxış etmək istəyir ki, torpaqlarda dəqiq invertarlaşma aparılsın və torpaqların məhsuldarlığı bilinsin, sıradan çıxmış torpaqları dincə qoymaq və bərpa etmək kimi tədbirlər həyata keçirilsin. Heyvandarlıqda yeni texnologiyalar inkişaf etdirilsin. Heyvandarlığı inkişaf etdirmək üçün ilk növbədə yem bazası lazımdır”.

Mütəxəsssilərin fikrinə görə, dağ-çəmən landşaftlarının yaxşılaşdırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Belə ki, otlaq və biçənəklərdən səmərəli istifadə etmək lazımdır. Otlaqları şərti və kökündən yaxşılaşdırmaq vacibdir. Bunun üçün həmin ərazilərdə dövlət səviyyəsində tədbirlərin reallaşdırılması önəmlidir.

Maldarlığın inkişafının ekoturizmə təsir göstərdiyini deyən Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri Bahadur Bilalov bildirib mal-qaranın say artımı heyvanlar üçün daha çox yem istehsalını nəzərdə tutur ki, bu zaman nitratlardan istifadə qaçılmaz olur. Həddən artıq nitratlardan istifadə nəticəsində isə torpaq və su zəhərlənməyə məruz qalır, sudan istifadə mümkünsüz olur. Avropanın bir sıra ölkələri bu gün belə bir problemlə üz-üzə qalıb. Milli Parklar yaradılmış ərazilərdə maldarlığın inkişafı xüsusilə nəzarətə götürülməlidir. Çünki mal-qaranın sayının həddən artıq olması həmin parklardakı bitki örtüyünə mənfi təsir edəcək. Bu isə həmin parklara ekoturizmin təşkilini qeyri-mümkün edəcək, əraziyə gələn turistlərin sayının azalmasına səsbəb olacaq.

2020-ci ildə qoyunların baş sayının 10 milyona çatması gözlənilir. Bunun üçün birinci növbədə qoyunların yem problemi həll edilməlidir. Xırdabuynuzlu heyvanları əsas və ucuz ayaqaltı yemlə təmin edən qış və yay otlaqlarının ot məhsuldarlığını artırmaq üçün tədbirlər görülməlidir.

Fərdi təsərrüfatların artması nəticəsində yem bitkilərinin əkilməsinə, istehsalına və mal-qaranın balanslaşdırılmış yem payı ilə yemləndirilməsinə lazımi əhəmiyyət verilmir. Əksər bölgələrdə mal-qara quru ot, küləş və qismən də kəpəklə yemləndirilir. Yem payında sulu-şirəli yemlər, qarışıq yem, senaj, silos demək olar ki olmur. Qış dövründə mal-qara üçün əsas yem olan senaj və silos son illərdə basdırılmır. Süd istehsalının artırılmasında mühüm rol oynayan qarğıdalı və yem çuğunduru əkilməsinə lazımi fikir verilmir.

Yem bazasının ümumi vəziyyəti heyvandarlığı keyfiyyətcə yeni pilləyə qaldırmağa imkan vermir

Heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün yem bitkilərinin əkin sahələri və onun məhsuldarlığı nəzərə alınmaqla, dövlət büdcəsindən vəsaitin verilməsi məqsədəuyğundur.

Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq hər bir ölkə üçün prioritet sayılan əsas məsələlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Amma bu məqsədə tam nail olunması heç də düşünüldüyü kimi asan məsələ deyil. Bununla belə, hər zaman dövlət başçıları fəaliyyətlərində bu amili tam diqqətdə saxlamağa çalışırlar. Bu baxımdan əhalinin tam sağlam və ekoloji cəhətdən təmiz heyvandarlıq məhsulları ilə təmin olunması da olduqca zəruridir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması təbii yem sahələrinin normadan artıq yüklənməsinə, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğramasına və şoranlaşmasına səbəb olur, ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurur”,- dövlət başçısı tərəfindən imzalanan sərəncamda belə deyilir.

Ölkədə heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək, yay-qış otlaqlarının və biçənəklərin mühafizəsini gücləndirmək, onlardan istifadənin səmərəsini artırmaq məqsədi ilə «Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentni Sərəncam verib.

Otlaq və biçənəklərin bitki örtüyünün uzun illər qorunub saxlanmasını və otdurumunun yüksək qidalılığa malik olan bir sıra qiymətli bitki növləri ilə daha da zənginləşdirilməsini təmin etmək məqsədilə zəruri tədbir kimi bölgələr və otlaq tipləri üzrə sadələşdirilmiş sxemdə otlaq və biçənək dövriyyəsinin tətbiqinə dair tədbirlər planı hazırlanıb. Hazırda təbii yem sahələrinin texniki vəziyyətinin və məhsuldarlığının yaxşılaşdırması, otlaqlarda deqradasiya proseslərinin qarşısının alınması, həmin ərazilərdə biomüxtəlifliyinin qorunması istiqamətində və bölgələrin torpaq-iqlim şəraitinə uyğun mədəni (müvəqqəti) otlaqların yaradılması üçün elmi-tədqiqat işləri aparılır. Elmi-tədqiqat işləri MEA-nın Aqrokimya və Torpaqşünaslıq, Eroziaya və Suvarma İnstitutları ilə birgə əmərdaşlıq şəraitində aparılır. Şöbənin əməkdaşları bir sıra Beynəlxalq Elm Mərkəzləri (İCARDA, İLRİ) və həmçinin Beynəlxalq Təkilatlarla (BMT-nin İnkişaf Fondu, FAO və s.) ilə birgə təbi yem sahələrinin yaxşılaşdırılması üzrə tədqiqat işləri aparmaqda əməkdaşlıq edirlər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »