“Fikrimcə, “The Guardian” nəşrinin Qasım Süleymani haqqında yazılan məqalə real deyil. İran Cümhuriyyətində hakimiyyət sistematik yaranmayıb, sistem üzərində formalaşmayıb. Tək-tək insanlar üzərində formalaşıb. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin əlində bir-neçə nəfər adam var idi. Qasım Süleymani onlardan ən əhəmiyyətlisi idi. Süleymani birbaşa dünya siyasətinə daxil olan adam deyildi. Amma 8 il İran-İraq müharibəsində döyüşmüşdü. Suriyada, İraqda, Liviyada, Yəməndə və digər ölkələrdə yaradılmış proksi qüvvələri Qasım Süleymani tanıyırdı. Bir-bir adlarını da bilirdi, özü qoymuşdu. Azərbaycandakı “hüseynçilər”ə Qasım Süleymani özü “Hüseynçi” adını qoymuşdu. Bu səbəbdən də, Qasım Süleymaninin yerinə qoyulacaq heç kim yox idi. ABŞ Qasım Süleymanini vurandan sonra İranın Ali Rəhbəri Seyid Əli Xamenei onun yerinə İsmayıl Qağanini qoydu. Amma İsmayıl Qağani xarizmatik bir komandan deyildi. Qasım Süleymani onlarla dərindən maraqlanırdı. Süleymani öləndən sonra sözün əsl mənasında Əli Xameneinin “beli sındı”. Ümidi var idi ki, onun yerini Həsən Nəsrullah tutsun. O da ərəblər içində tanınmış xarizmatik bir adam idi. İsraillilər keçən il onu da öldürdülər”.
Bu barədə Bizimyolinfo xəbər portalına müsahibəsində güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İsrail İslam Cümhuriyyətinin sistem üzərində yaranmadığını, şəxslər üzərində yarandığını bildiyi üçün həmin şəxsləri aradan qaldırır.

Maşallah Rəzmi qeyd edib ki, İran İslam Cümhuriyyətinin önəmli şəxsləri aradan qaldırıldığı üçün hakimiyyət iflic vəziyyətinə düşüb.
“Qasım Süleymaninin öldürülməsi İslam Cümhuriyyətinin süquta uğramasının başlanğıcı hesab olunur. Qasım Süleymani 4 ildir həyatda yoxdur və bu müddətdə İslam Cümhuriyyəti onun yerini doldura bilməyib. Onun arxasınca gələnlər də aradan qaldırılıb. Bu gün İslam Cümhuriyyətinin müdafiəsi üçün o qədər də imkan qalmayıb”-deyə Maşallah Rəzmi vurğulayıb.
İradə Cəlil, Bizimyol.info