Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Vikinqlərin və zəhmət insanlarının vətəni

Lap balacaydım, atamla Bakıya ilk gələndə. Uzun yol olduğu üçün yatmışdım və gözümü açanda ilk gördüyüm dəniz oldu. Bura haradır soruşmuşdum, atam da Lökbatan demişdi. O gün bu gündür dənizə də Lökbatana da vuruldum. Sonralar “ilk məhəbbətim”olan Lökbatan haqqında, Qobustan haqqında qədim əfsanələri oxuduqca gözümün önündən tuluqlarla neft daşıyan dəvə karvanları keçdi, bataqlıqlarda batan lökü , o yaşıl daşlarında at çapan igidləri görmüş kimi hiss etdim. Böyüdükcə nağıllar dünyasından ayrılsam da yeni əfsanənin, insan əməyinin yaratdığı xariqələrin şahidi oldum bu diyarda-Gələcək üçün yeni əfsanələr yaradan Qaradağda.

Bakıdan 65 km qərbdə, Xəzərlə Qafqaz sıra dağları arasında Qobustan çölləri yerləşir. Hər daşı tarix qoxuyan bu geniş ərazi unikal petroqliflərin qorunduğu səma altında açıq muzeydir. Dünya əhəmiyyətli Qobustan Milli Tarixi Bədii Qoruğu 2007-ci ildə UNESCO tərəfindən Ümumdünya İrsi elan olunub və bu gün turistlərin ən çox görmək istədikləri məkanlardan biridir.

Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal 1981- 1994-cü illərdə Azərbaycana səfərləri zamanı Qobustan qayalarında, üzərində günəş təvirləri olan qayıq rəsmlərini heyranlıqla izləyərək demişdi. “Xəzər sahilləri böyük bir sivilizasiyanın beşiyidir. Qobustan mədəniyyəti Mesopotomiyadan daha qədim tarixə malik mədəniyyət incisidir. Heyerdal “Odinin axtarışında” adlı kitabında bildirmişdi ki, Vikinqlərinin tarixi köklərini Azərbaycanda axtarmaq lazımdır. Məşhur alimin fikirnə görə, hazırda Avropada yaşayan bir çox Skandinaviya tayfalarının ulu əcdadları Qobustanda yaşamış və sonra naməlum səbəblərələ burdan köç etmişlər. Alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Norveçdəki daş mağaralarda olduğunu da vurğulayıb. Orta əsrlərdə yayılmış Normand dastanlarında da buna işarə edilir. İsveçrəli alim və arxeoloqlardan ibarət alimlərin apardıqları araşdırmaların nəticələrinə və 9-10-cu əsrə aid tapıntılara görə isə Vikinqlər İslam dininə sitayiş ediblər. Bu qədim torpaqlar kim bilir hələ bizim bilmədiyimiz nə qədər sirləri saxayır öz sinəsində.

İlham Əliyev: Qaradağ rayonu Azərbaycanın 3 güclü sənaye mərkəzindən biridir

Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılıb. Xəzər sahilləri boyunca çox əlverişli iqtisadi mövqedə yerləşən, ölkənin neft-qaz və qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan Qaradağ rayonunun ərazisi – 1080 km2 və əhalisi 109371 nəfərdir. Son illər sürətli inkişaf yolu götürmüş bu rayon öz potensialını layiqincə reallaşdırmaqdadır. Belə ki, 11 qəsəbədən ibarət olan Qaradağ respublikanın əsas nəqliyyat şəbəkəsi üzərində yerləşir. Ümumilikdə hesablasaq, bu gün rayon ərazisində 90 sənaye müəssisəsi var ki, onlardan 22-si respublika əhəmiyyətli iri istehsal obyektidir ki, onlardan Hazırda Qaradağ rayonunda iki böyük sement zavodu, Səngəçal terminalı, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Yeni Gəmiqayırma Zavodu, Heydər Əliyev adına Dərin Dəniz Özülləri Zavodu, Qaz Emalı zavodu, metal konstruksiyalar zavodunun adlarını çəkmək olar.

Yeni limanın məhz Ələt qəsəbəsində inşası təsadüfi deyil. Ələt Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə bu ərazinin mühüm nəqliyyat qovşağına çevrilməsinə imkan verir.

Dövlət başçısı bu layihənin xüsusi əhəmiyyətini belə vurğulayıb: “Bu tarixi layihədir.Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Adətən belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmir. Ancaq buna baxmayaraq, açıq dənizlərə, okeanlara çıxışımız olmaya-olmaya biz nəinki regionun, Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilirik və Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu dəhlizlər onlarla ölkəni bir-birinə bağlayır.Bax, qapalı şəraitdə, açıq dənizə çıxışı olmayan ölkədə belə layihələri icra etmək tarixi xidmətimizdir".-deyə dövlət başçısı bildirib.

Yeni limanın ərazisi də daxil olmaqla Ələt qəsəbəsində azad ticarət zonası tipli Xüsusi İqtisadi Zonanın yaradılması nəzərdə tutulub ki, bu da öz növbəsində mühüm nəqliyyat qovşağı kimi yeni limana daha geniş tranzit və daşıma imkanları verəcək.

Kompleksin məsul işçisi Heydər Turabovun sözləinə görə , bu gün sənaye müəssisəlrəinin yaratdığı ekoloji böhran və problemlərin aradan qaldırılması bütün inkişaf etmiş dövlətlərdə prioritet təşkil edir. Bu amil nəzərə alınaraq Ələt dəniz limanı karbon qazı tullantılarını azaltmaq məqsədilə müxtəlif effektli texnologiyalardan istifadə edərək Yaşıl Liman statusunu əldə etməyə çalışır. Limanda materialdan yenidən istifadə, təkrar emal və gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəlmiş proqram tətbiq edəcək.

“Azfen”, “Tekfen” şirkətləri, Metanol zavodu kimi müəssisələr əhalinin məşğulluunun təmin olunmasında mühüm rol oynayacaq. Metanol zavodu Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri olacaq.

Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi neft və qaz terminalıdır. Terminal Qazaxıstan və Türkmənistandan daxil olan və üçüncü tərəfə aid nefti də qəbul edir. “Səngəçal terminalı Şahdəniz Qaz Qurğusundan gündə 40 milyon kubmetrdən artıq qaz qəbul edə bilir. Qaradağ rayonunda Neft-Qaz və Neft-Kimya Kompleksinin yaradılması layihəsi 2020-ci ildə neft emalı zavodunun tikintisi ilə sona çatacaqdır, bu da paytaxtın sənaye yükünün azalmasına dəstək verəcək.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qafqaz ölkələrində analoqu olmayan 3 nəhəng pərakəndə və topdan satış mərkəzi olan “Sədərək”, “Binə”, “Meyvəli” ticarət mərkəzləri həm ölkəmizdə, həm də yaxın xarici ölkələrdə çox populyardır.

Azərbaycanın ən iri neft-qaz sənaye müəssisələri məhz Qaradağda rayonunda yerləşir deyən dövlət başçısı hər zaman Qaradağ rayonunun sosial-iqtisadi inkişafına diqqət və qayğı ilə yanaşıb. O Qaradağ sakinləri ilə görüş zamanı demişdi: “Mən 1995-ci ildən buradan deputat seçilmişəm. Demək olar ki, mənim siyasi fəaliyyətim Qaradağ rayonunda başlamışdır. Qaradağ rayonu ən böyük rayondur. Bakının yarısı qədər ərazisi vardır”

İnsanların rifah halının yüksəldilməsi başlıca vəzifədir

Qeyd edək ki, Qaradağ rayonundakı Ümid qəsəbəsinin əsası İlham Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir. 2017-ci il may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.

Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunduğunu bildirir. “Ölkə Prezidentinin birbaşa təşəbbüsü sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısı cənab İlham Əliyevin Qaradağ rayonuna 3 dəfə səfər etdiyini göstərmək olar.Bu səfərlər çərçivəsində Prezident cənab İlham Əliyev Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, Gəmiqayırma zavodunda “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində və Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini və mənzil fondunun yenilənməsini həyata keçirməyə başlayıb. Bu pilot layihə 5 il müddətində başa çatdırılacaq. Bu məqsədlə Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10960 nəfər yaşayan 274 qamış və taxta konstruksiyalı yaşayış binalarının söküntüsü həyata keçirilir”.

Əhalinin sosial rifahının yüksəldilməsi məqəsdi ilə, Rayonun Çeyildağ qəsəbəsində evdar qadınların məşğulluq səviyyəsinin artırılması məqsədilə yeni xalça toxuma sexi istifadəyə verilib. Ötən illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaiti hesabına müxtəlif sahələr 103 sahibkara 80 milyon manatdan artıq maliyyə dəstəyi göstərilib və 3800 yeni iş yerləri açılıb.

2016-cı ildə Çin Xalq Respublikasının Beynəlxaq Mübadilənin Təşviqi İdarəsi, Çunçinq şəhəri üzrə departamentin baş direktorunun dəvəti ilə Qaradağ Rayonun İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Çunçinq şəhərində işgüzar səfərdə olub. Səfər çərçivəsində Çin Xalq Respublikasının Çuncinq şəhəri ilə Bakı şəhəri Qaradağ rayonu arasında qarşılıqlı sosial-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Qaradağ rayonunun iqtisadiyyatına xarici investisyaların cəlb edilməsi, Qaradağ rayonu ilə Çunçinq şəhəri arasında “Dostluq və Əməkdaşlıq” barədə Memorandum imzalanıb.

Bəs Qaradağlılar həyatlarından məmnundurlarmı, bura səfər edən turistlər nə deyirlər? Bu barədə kiçik bir sorğu keçirdim və aldığım cavablara da təəccüblənmədim.

Əliheydər Osmanov, Lökbatan şəhər sakini - Bakıda yaşayırdım.Düzünü desəm şəhərdəki tıxaclar, sıxlıq yormuşdu məni. Qərar verdim ki, Lökbatana köçüm, bura genişlikdir, sakitdir, havası təmiz,insanları mehriban. İş yerləri açılır, abadlıq işləri aparılır. Elə yaşadığımız məhəllədə bu günlərdə abadlq işləri aparılıb, baxanda ürəyimiz açılır.Lökbaatanda həyata keçirilən abad məhəllə layihələrindən bütün sakinlər məmnundurlar.

Mahirə Amanova, Çeyildağ qəsəbə sakini – Əslən kəlbəcərliyəm, burda məskunlaşmışıq. Qəsəbəmizdə açılmış xalça sexində işə düzəlmişəm. Allah qurub-yaradan insanlardan razı olsun. Güzəranımız düzəlir, dolanışığımız var. Bacım, qardaşım, həyat yoldaşım Sədərək ticarət mərkəzində işləyirlər. Qaradağ bizim kimi yüzlərlə insana yeni ocaq, yuva olub.

Ələt sakini Songül Mirzəyeva isə mühasibdir. Deyir Qaradağ rayonunda orta əmək haqqı 700 manatdan çoxdur. Bu da respublika üzrı ən yüksək göstəricidir.Qaradağ rayonunun ildən -ilə inkişaf etdiyini öz gözümüzlə görüb sevinirik, gələcəyimizdən əmin oluruq.

Turist Maren Sizlandla Qobustan dövlət tarixi-bədii qoruğunda

rastlaşdım. Norveçdən gəldiyini söylədi. “Qobustan qayalıqlarında gəzmək minillilər öncəsinə səfər etmək kimidir.Tur HeyerdalınVikinqlər və Azərbaycan barədə yazdıqlarını eşitmişəm və gördüklərimə əsasən bu həqiqətdir. Hər bir halda Qobustan, bu ərazilədəki palçıq vulkanları turistlərin diqqətini çəkəcək qədər maraqlıdır”.

Göründüyü kimi bu gün Qaradağda gözəl sabahlar uğrunda qızğın iş gedir. Zəhmətdən qorxmayan, qurub yaratmağı sevən azərbaycanlılar burda bu gün işıqlı sabahın dastanını yazırlar, qədim əcdadlarımız kimi dünyaya qapılar açır, yolla salırlar. Yolumuz açıq olsun.

İlhamə RƏSULOVA

Məqalə Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir

Son xəbərlər
Bütün xəbərlər »