Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Belə hallar millətə,dövlətə, dövlətin simvollarına qarşı yönələndə böyük təhlükə yaranır"
"Rəsulzadə başda olmaqla o zamankı Cümhuriyyəti quran şəxsiyyətlərin xatirəsinə, siyasi-ideoloji irsinə hörmətlə yanaşmaq, onların adını əbədiləşdirmək olar"

"Türk Qafqaz İslam Ordusuna layiq olduğu dəyəri vermək, Türkiyə Cümhuriyyəti ilə qardaşlıq münasibətlərini qorumaq və davam etdirmək olmalıdır"

"Qısaca onu deyim, söyüş, təhqir, böhtan, şantaj, fiziki və psixoloji basqılar və s. siyasətdə qəbuledilməzdir"

"Bəlkə də o kampaniyanın məqsədi elə dövləti sosial şəbəkələri bağlamağa, yaxud məhdudlaşdırmağa sövq etmək, bununla da dövlətimizi sivil dünya ilə üz-üzə qoymaqdır"

"Bəzən insanlara elə gəlir, çox işləmək deyil, çox danışmaq – üstəlik, nə gəldi danışmaq onları daha çox məşhur və nüfuzlu, başlıcası, varlı edər"

"Hər zaman publik deyirəm ki, əgər biz güclü media, o cümlədən, güclü elektron media istəyiriksə, yaradıcılıq azadlığının daha da genişləndirilməsindən başlamalıyıq"

"Dövlət orqanları ilə media arasında əlaqələr yanlış zəmində qurulub. Nə üçün dövlət yetkililəri, nazirlər mətbuat konfransları, brifinq keçirmir?! Nə üçün ancaq xüsusi olaraq seçilmiş media orqanlarına müsahibə verirlər? Onlar da adda-budda"

"Kitaba marağın azalması da kitab oxumayanların günahı deyil. Adamlar görür ki, kimsə ömür boyu kitab oxuyub, ancaq işsiz qalıb, ölkədən gedir. Sonra da deyirik ki, gənclər niyə kitab oxumur?! Oxumayacaq. Belə getsə, hətta kitabı düşmən biləcək"

"Bizim Yol” qəzeti və bizimyol.info saytının baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar Jurnalist Bahəddin Həzinin "Sherg.az”a müsahibəsini təqdim edirik:

-Ölkəmizdə bir sıra tarixi əhəmiyyətli tədbirlər həyata keçirilir. Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam ordusu və 31 Mart soyqırımının 100-cü il dönümü qeyd olunur. Bu hadisələrin dünyaya çatdırılması istiqamətində görülən işlər sizi qane edirmi? Daha hansı tədbirlərin həyata keçirilməsini təklif edərdiniz?

-Əvvəla, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı görüləcək ən birinci işlərdən biri siyasi idarəetmədə respublikaçılıq ənənələrinin və konstitusion qaydalarının davam etdirilməsi, daha da inkişaf etdirilməsi olmalıdır. Cümhuriyyətin 100 illiyi sadəcə bir tarixi gün, yubiley deyil, həm də bizə onun işarəsidir ki, 100 il bundan qabaq bizim babalarımız dünyaya örnək ola biləcək bir Cümhuriyyət qurub. Bizim o irsə hörmətimiz Cümhuriyyət adına layiq bir dövləti yaşatmaq və bütün azadlıqların təmin olunduğu bir dövlətdə yaşamağımız olar.

İkinci işimiz, bu dövləti qurmuş kişilərə - böyük Məhəmməd Əmin Rəsulzadə başda olmaqla o zamankı Cümhuriyyəti quran şəxsiyyətlərin xatirəsinə, siyasi-ideoloji irsinə hörmətlə yanaşmaq, onların adını əbədiləşdirmək olar. Üçüncü işimiz isə, Azərbaycanın bir çox bölgələrini, Bakını erməni-rus birləşmələrindən xilas edib bizə qazandırmış, millətimizin soyqırımının davam etməyinə imkan verməmiş Türk Qafqaz İslam Ordusuna layiq olduğu dəyəri vermək, Türkiyə Cümhuriyyəti ilə qardaşlıq münasibətlərini qorumaq və davam etdirmək olmalıdır. Biz bu işlərin hansını nə qədər görürük, o, başqa bir söhbətin mövzusudur.

-Aprel ayının 11-də Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Təəssüf ki, bu ərəfədə xaricdə yaşayan bəzi gənc soydaşlarımız indiki iqtidara,eləcə də Prezident İlham Əliyevə qarşı qarayaxma kampaniyası həyata keçirir, söyüş və təhqirlərlə çıxış edirlər. Bu xoşagəlməz mənzərəni necə qiymətləndirirsiniz?

-Bu məsələ ilə bağlı öz mövqeyimi mətbuatda və sosial şəbəkə profilimdə çox geniş bildirmişəm. Qısaca onu deyim, söyüş, təhqir, böhtan, şantaj, fiziki və psixoloji basqılar və s. siyasətdə qəbuledilməzdir. Bunu kimin etməsindən asılı olmayaraq. Xüsusilə, belə hallar millətə, dövlətə, dövlətin simvollarına qarşı yönələndə çox böyük təhlükə yaranmış olur. Bunun necə aradan qaldırılmasına gəlincə, belə bir durumu dərindən araşdırıb, onun yaranma səbəblərini aradan qaldırmaq lazımdır. Biz çox hallarda nəticələrlə məşğul oluruq. Ancaq əsas məsələ səbəblərdir.

-Təhqirlərin tüğyan etdiyi mənbələrdən biri də sosial şəbəkələrdir. Hətta seçki ərəfəsində sosial şəbəkələrin bağlanmasını təklif edirlər. Bu təkliflərə münasibətiniz necədir?

-Seçki ərəfəsində olub-olmamasından asılı olmayaraq, sosial şəbəkələrin bağlanmasını deyil, ondan düzgün istifadəni təklif edərdim. Biz daim nəyəsə qarşı mübarizə aparırıq. Sosial şəbəkələr qlobal informasiya cəmiyyətinin əsas alətləridir. Onlara qarşı mübarizə aparmaq yel dəyirmanı ilə vuruşmaq kimidir. Çin kimi nəhəng ölkə belə bu fenomenlə mübarizədə uduzur. Bir su səni aparırsa, ona sel deyəcəksən. Siyasətdə ən böyük məharət öz əleyhinə olan durumu da öz xeyrinə istifadə etməyi bacarmaqdır. Sosial şəbəkələrin əleyhimizə olduğunu demirəm. Sadəcə burada müəyyən qruplar, qüvvələr, fərdlər daha planlı, daha fəal, daha kreativ, effektiv işləyir. Söhbət söyüş kampaniyasından getmir. Həmin kampaniyaya qarşı ağıllı, təmkinli addımlar üzə çıxarmaq lazımdır. Bəlkə də o kampaniyanın məqsədi elə dövləti sosial şəbəkələri bağlamağa, yaxud məhdudlaşdırmağa sövq etmək, bununla da dövlətimizi sivil dünya ilə üz-üzə qoymaqdır. Təbii ki, hər bir durumdan çıxış yolu tapmaq mümkündür və şəxsən sosial şəbəkə platformalarında, elektron mediada müəyyən təcrübəsi olan şəxs kimi mənim də təkliflərim ola bilər. Ancaq düşünmürəm ki, qərar qəbul edən orqanlar və ya vəzifəli şəxslər bu təkliflərə müsbət yanaşsın.

-Sosial şəbəkələr üzərindən tək siyasi məsələlər deyil, ədəbiyyatla əlaqədar səsləndirilən təhqirlərin də şahidi oluruq. Xüsusilə, gənc yazarların, ədəbiyyatçıların klassikləri təhqir etməsi ciddi qınağa səbəb olur...

-Bu, Herostatın tarixə düşmək üçün Artemida məbədini yandırmasına bənzəyir. Kimsə çıxıb, Allah eləməmiş, Qız Qalasını partlatsa, o adam əsrlər boyu hamının yadında qalacaq. Ancaq bu, Herostatın şöhrəti kimə lazımdır?! Tarixi şəxsiyyətlərə, mütəfəkkirlərə hücum da özünü tanıtmaq və təsdiqləmək isterikasından gəlir. Bəzən insanlara elə gəlir, çox işləmək deyil, çox danışmaq – üstəlik, nə gəldi danışmaq onları daha çox məşhur və nüfuzlu, başlıcası, varlı edər. Bu, yanlışdır. Baxıram, bir qrup adam bütün günü teleefirlərdədir. Qalstuk taxıb, danışırlar. Bəzən axıra qədər dərk etmirlər ki, onları təqdim edən tribunaya – TV-lərə cəmiyyətdə nəinki inam yoxdur. Əksinə qəzəb və ikrah var. Orda nə qədər ağıllı danışsan da, xeyri olmur. Hələ-hələ danışdıqların da öz sözlərin deyilsə. Mən gənclərə demək istəyirəm ki, qarşılarında uzun bir yol, çox zaman, qlobal informasiya əsrinin açdığı böyük imkanlar var. Hansısa köhnə məşhuru söyməklə vaxtlarını, şanslarını havaya atmasınlar.

-Bir az medianın hazırkı durumundan danışaq. Xəbər saytlarının sayı getdikcə çoxalır, keyfiyyət və peşəkarlıq səviyyəsi isə aşağı düşür. Elektron medianın bu problemlərini aradan qaldırmaq mümkündürmü?

-Bizdə bütövlükdə mediaya, eləcə də, elektron mediaya yanaşma yanlışdır. Təkliflərim var. Bu yaxınlarda Mətbuat Şurasının İdarə Heyətinə seçilmişəm. Düşünürəm ki, artıq belə bir statusda bu təklifləri əvvəlcə orda təqdim etmək daha effektiv və daha etik olar. Sonra ictimailəşdirmək mümkün və lazımdır. Ancaq bu fikirlərim də sirr deyil. Hər zaman publik deyirəm ki, əgər biz güclü media, o cümlədən, güclü elektron media istəyiriksə, yaradıcılıq azadlığının genişləndirilməsindən başlamalıyıq. Yaradıcılıq azadlığı olmayan yerdə azad media reallaşmır. Qalan bütün məsələlər ondan sonra gəlir. Yəni bütövlükdə medianın ən böyük problemi budur.

-Medianın reklam bazarı sizi qane edirmi?

-Mediada reklam bazarı ürəkaçan deyil. Təbii ki, bu durum bizi qane etmir. Bizimlə -qonşu olan daha kiçik ölkələrdə böyük media reklam bazarı var. Cənubi Qafqazda ən böyük iqtisadi gücük. Ancaq reklam bazarımıza baxsaq, bunun əksini görürük. Bu da medianın iqtisadi müstəqilliyinin çox vacib olduğunu göstərir. Bizdə reklam bazarında da monopoliya hökm sürür. İnternet media bu gün telekanallardan fərqli olaraq ictimai rəyi yönləndirir. Ancaq TV-lərin, efirə xalatla çıxanların qazancına baxın, onlar daha çox reklam qazancı əldə edir. Yəni, məşhur lətifədə deyildiyi kimi, "Mumu”nu Turgenyev yazıb, heykəli Puşkinə qoyublar”.

-Dövlət orqanları, nazirliklər və media arasındakı əlaqələr hansı səviyyədədir? Bir müddət əvvəl müzakirələr aparıldı ki, Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyət, atəşkəsin pozulması, itkilərlə bağlı məlumatları gecikdirdiyinə görə, sosial şəbəkələrdə, mətbuatda dezinformasiyalar yayılır. Bu kimi problemlərin həlli üçün hansı ölçülər götürülə bilər?

-Dövlət orqanları ilə media arasında əlaqələr yanlış zəmində qurulub. Nə üçün dövlət yetkililəri, nazirlər mətbuat konfransları, brifinq keçirmir?! Nə üçün ancaq xüsusi olaraq seçilmiş media orqanlarına müsahibə verirlər? Onlar da adda-budda. Müxtəlif mərkəzi və yerli icra hakimiyyətləri yazı müsabiqələri keçirirlər. Bunlar da yaradıcılığa xidmət etmir. Sadəcə, gözdən pərdə asmaq üçündür.

-Son dövrlər cəmiyyətdə kriminal meyllərin artığı iddia olunur. Elə mətbuatda yayılan xəbərlərdən də görünür ki, xüsusilə regionlarda, demək olar, hər gün kriminal olaylar baş verir. Bu problemi isə ziyalılar daha çox kitaba, maarifçiliyə meylin azalması ilə əlaqələndirir. Tanınmış media nümayəndələri dəfələrlə bildiriblər ki, kriminal və şou xəbərləri daha çox oxunur, maraq cəlb edir, nəinki sanballı araşdırma yazılar. Cəmiyyətin bu kimi problemləri nədən qaynaqlanır?

Kriminaldan da, şou-biznesdən də yazmaq lazımdır. Hər bir mövzunun oxucusu var. Nə üçün bu məsələlərdə ancaq mətbuatın, saytların üzərinə yüklənirik?! Bu, yanlışdır. Millətin tərbiyəsini pozan telekanalları niyə heç kəs görmür?! Guya kriminaldan yazılmasa, cinayətin kökü kəsiləcək? Ya intihar faktlarını gizlədəndə bəlkə daha intihar edən olmayacaq? Bunları yaradan səbəblərlə mübarizə aparmaq lazımdır. Xəbərini də peşəkarlıqla yazmaq olar. Kitaba marağın azalması da kitab oxumayanların günahı deyil. Adamlar görür ki, kimsə ömür boyu kitab oxuyub, ancaq işsiz qalıb, ölkədən gedir, Başqası isə kitab üzü açmır, iki cümləni ard-arda deyə, yaza bilmir, ancaq böyük postlarda oturur, varidatı aşıb-daşır. Ona görə kitaba maraq da azalır. O cümlədən, bədii kitaba. İnsanlar gerçək həyatla bədii ədəbiyyat arasında uçurum görür, kitaba biganələşir.

Adam elmi işçi olmaq üçün bütün ömrünü arxivlərdə, kitabxanalarda, kompüter arxasında, laboratoriyalarda keçirir, müdafiəsinə yüz yerdən maneələr olur, amma kitaba nifrət edən bir məmur bir ilin içində pulla dissertasiya yazdırıb, pulla müdafiə edib, fəlsəfə doktoru, elmlər doktoru olur. İkicə dəfə də çıxıb mədhiyyə dedisə, akademikliyə yol göründü. Budur, problem. Odur ki, gəncləri günahlandırmayaq. Bütün cavan nəsli əyləncəyə yönləndirmişik, telekanallarda ancaq toy müğənniləri meydan sulayır, camaatı ağladıb reytinq qazanaraq reklam "qırırlar”, sonra da deyirik ki, gənclər niyə kitab oxumur?! Oxumayacaq. Belə getsə, gənclər kitabı düşmən biləcək.

Söhbətləşdi: Aysel Aslan

Son xəbərlər
Bütün xəbərlər »