Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzərdə tarixi razılaşma Azərbaycan-İran: ziddiyyətlərdən tərəfdaşlığa doğru və ya “Cənnət alması”kimi doyuracaq?

Məlum olduğu kimi, İran Prezidenti Həsən Ruhani hər iki ölkə üçün çox mühüm bir zamanda Azərbaycana səfərə gəldi. Azərbaycan Prezidenti İlham Əlieyevlə danışıqlar apardı. Hər iki dövlətin başçısı Azərbaycan-İran Biznes Forumunda iştirak etdi.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında deyib: “İran-Azərbaycan dostluq, qardaşlıq əlaqələri bu gün ən yüksək zirvədədir. Dünən keçirdiyimiz danışıqlar, aparılan müzakirələr bunu bir daha təsdiq edir. Biz həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə çox fəal əməkdaşlıq edirik. Biz Prezident Ruhani ilə müntəzəm olaraq görüşürük. Son dörd il ərzində biz on bir dəfə görüş keçirmişik. Bu rəqəm özlüyündə onu göstərir ki, biz nə qədər sıx əməkdaşlıq edirik və bizim aramızda nə qədər qarşılıqlı inam var. Bu da təbiidir. Çünki bizim xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb, yaradıblar. Bizi birləşdirən ortaq tarix, mədəniyyət bugünkü əlaqələrimiz üçün əsas amildir. Bu əlaqələrin bu gün böyük sürətlə inkişaf etməsi bizi çox sevindirir”.

Prezident Əliyevin çıxışından da görünür ki, iki ölkə birgə yeni layihələr həyata keçirməklə bağlı işləyir. İran Prezidenti həmkarı İlham Əliyevlə eyni mövqedən çıxış edıb və birgə mühüm layihələrə toxunub. APA xəbər verir ki, Həsən Ruhani

Xəzərdə müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumun əhəmiyyətindən danışıb, Xəzər dənizinin əməkdaşlıq, təhlükəsizlik və dostluq dənizi olduğunu bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini və bir-birinin yanında olduğunu deyən H. Ruhani Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq bu layihə ilə bağlı görülən işlərin səmərə verəcəyini əminliyini ifadə edib.

Ölkələrimiz arasında istifadə olunmayan potensialın Azərbaycan və İran prezidentlərinin şəxsi təşəbbüsləri və xidmətləri sayəsində artıq aktivləşdirildiyini deyən H. Ruhani müştərək iqtisadi əlaqələrin xalqlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyindən danışıb. Səhiyyə, əczaçılıq, bank sektoru, kənd təsərrüfatı, nəqliyyat, elektrik enerjisi, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. İran prezidenti ölkələrimizin turizm potensialından istifadə edilməsinin əhəmiyyətini vurğulayıb, xalqlarımız arasında gediş-gəlişin intensivləşdirilməsi, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib. “Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, Azərbaycanın inkişafı bizim inkişafımızdır” deyən Həsən Ruhani iş adamlarına müraciət edərək , onları qarşılıqlı layihələrin icrasında fəal olmağa çağırıb.

Milli Məslisin deputatı Azər Badamov Bizim Yol-a açıqlamasında bu səfəri şərh edırkən deyib ki, İran Prezidentinin Azərbaycana son səfəri İran- Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir: “Son zamanlar hər iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib.

İranın Azərbaycanda 700 –dən artıq şirkəti fəaliyyət göstərir və bu şirkətlər ölkəmizin iqtisadiyyatına 3 milyard dollardan artıq investisiya qoyub. Sərmayələrin həcmini artırmağa və Azərbaycandakı mövcud optimal şəraitdən yararlanmağa İranın bir çox iri şirkətlərin marağı artıb. Bakı-Tiblisi- Qarş dəmir yolunun istifadəyə verilməsi və Astara –Rəşt dəmir yolunun tikintisi İranın Azərbaycanın beynəlxalq tranzit imkanlarından istifadə edilməsinə şərait yaradıb. Düşünürəm ki, Azərbaycan- İran biznes strukturları arasında keçirilən biznes forumunda da ölkələrimizin yeni biznes imkanları ortaya qoyulub ki, bu da yaxın gələcəkdə hər iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.

“Azərbaycanla İran arasında mübahisə doğuran məsələlər həllini tapdımı? Bu əməkdaşlıq iki öılkənin regionda və dünyada mövqeyinə necə təsir edəcək?” sualına cavabında Milli Məclisin deputatı deyib ki, Azərbaycanın İranla xüsusilə Xəzər dənizi ilə bağlı və Xəzər dənizində əməkdaşlığını müsbət dəyərləndirmək olar: “ Bu gün İranla Azərbaycan arasında mübahisə doğuracaq məsələlər qalmayıb. Xəzər dənizində neft-qaz yataqlarının birgə işlənməsi ilə bağlı qarşılıqlı razılıqlar əldə olunub. Təbii ki, belə bir razılıq iki ölkə arasında yaranmış fikir ayrılıqlarını həll etmiş və yataqların birgə işlənməsi hər iki ölkəyə böyük gəlirlər gətirəcəkdir. İran və Azərbaycan qonşu ölkələrdir. Hər iki ölkənin milli, dini,mədəni adət - ənənələri oxşardır. İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq təşkilatlarda ölkələrimiz bir- birinin mövqelərini müdafiə edir. Təbii ki, bir-birimizə olan belə yanaşma ölkələrimizi daha yaxınlaşdırır və belə olan halda gələcəkdə də dostluq - əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir”

Siyasi şərhçi Bahəddin Həziyev bizimyol.info-ya açqılamasında bildirib ki, Azərbaycanla İranı tarixi, mədəni-mənəvi dəyərlər, iqtisadi tərəfdaşlıq və təhlükəsizlik maraqları yaxınlaşdırır: “ Dünyanın tarixi və müasir təcrübəsi göstərir ki, demoqrafik faktor siyasətdə heç də sonuncu yerdə deyil. İranda on milyonlarla Azərbaycan türkünün yaşaması faktına hər zaman daha çox bunun iki ölkənin arasında “Cənnət alması” olacağı prizmasından yanaşılıb. Ancaq İrandakı son hadisılər göstərdi ki, həmin ölkənin taleyində bu faktor necə rol oynadı? Azərbaycan türkləri kənar maraqlara işləmədi.Azərbaycanın və Türkiyənin mövqeyi də İranın daxili sabitliyinin qorunmasında mühüm rol oynamış oldu. Beləliklə, konkret bu halda demoqrafik faktor Azərbaycanla İran arasında ayırıcı deyil, birləşdirici xassəsi ilə ortaya çıxdı. Bu, region üçün də, dünya üçün də mühüm bir mesaj, mühüm yenilikdir. Təbii ki, tarixdə baş verənlər də unudulmur. Ancaq bu gün belə bir mürəkkəb beynəlxalq siyasi şəraitdə iki ölkənin tarixi-mədəni əlaqələri onların təhlükəsizlik və iqtisadi maraqlarına da xidmət edir”.

Şərçinin sözlərinə görə, 4 il ərzində Prezidentlərin 10 görüşündə imzalanmış sənədlərin icrası çox mühüm nəticələr verib: “Başqa çox mühüm nəticələr var: İndiyədək İranla Azərbaycan arasında ziddiyyət daha çox Xəzərlə bağlı olub. Bunun da kökündə Xəzəryanı olmayan dövlətlərin sərmayələrinin, şirkətlərinin buraya Azərbaycan vasitəsilə gəlməsi, kənar hərbi güclərin Xəzərdə qərarlaşmaq istəməsi, belə bir ehtimal İranı hər zaman narahat edib. İstər İran tərəfinin bizim bəzi yataqlara iddiaları, istər İranın Xəzərdə Azərbaycanın sektoruna müdaxiıəsi və su sərhədlərimizlə bağlı problemlər, mübahisələr, obillərlə davam edən nəticəsiz danışıqlar çox narahatlıqlar yaradırdı. Ancaq indi ilkin görünən nəticə odur ki, Xəzər dənizində təbii ehtiyatların birgə hasilatı yeni bir vəziyyət yaradır. Əgər indiyədək bu məsələlər iki ölkəni ayıran məqamlar idisə, indi artıq birləşdirici nöqtələrə çevrilir. Bu, maraqlı nəticədir. Əgər memorandum reallaşsa, bu hər iki ölkə üçün də, bütün Xəzəryanı dövlətlər üçün də, bütün bölgə və dünya üçün də yeni, başqa bir reallıq yaradacaq”.

Beləliklə, hesab olunur ki, Xəzərdə tarixi razılaşma əldə olunması dənizin hüquqi statusu ilə bağlı İranla Azərbaycan arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəz olunmasını təmin edir. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir. Xəzərlə razılaşma Türkmənistan üçün də örnək rolunu oynaya bilər.

Məlumdur ki, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş imzalanıb. Bu hissənin tikintisi başa çatdıqdan sonra Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində olan boşluq da dolacaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq. Hazırda Qərb dövlətlərinin Rusiyaya basqısı fonunda Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinin sürətləndirilməsi həm də o deməkdir ki, Azərbaycan və İran Rusiyanın da mühüm bir parşası olduğu və bütün dünya üçün mühüm nəqliyyat arteriyası olacaq layihəyə dəstək verir. Yəni Rusiyaya da dəstək ifadə olunur. Rusiyanın Ermənistan üzərində təsirini nəzərə aldıqda, mənqtiqlə rəsmi Moskva Qarabağ münaqişəsinin nizamlanmasına dair mpvqeyinə korrektələr edə bilər. Bu layihə eyni zamanda Uzaq Şərq ölkələrinin, xüsusilə, Çinin, eləcə də, Mərkəzi Asiya ölkələrinin Qərbə və Hind Okeanına çıxışında bu layihə mühüm rol alır. Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrlmısində bu sazişin misilsiz yeri olacaq.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »