Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göllərin və sututarların qurudulmasının fəsadları Qız Qalasında həyata keçirilən layihə beynəlxalq marağa səbəb olub
Hər dəfə yolum İçərişəhərə düşəndə mütləq Qız Qalasının yanında ayaq saxlayır, oturub bir qədər ətrafı seyr edirəm. Bu qədim qalanın divarlarına qonan kiçik quşların səslərini eşitmək ləzzət verir. Onu da bilirəm ki, bir neşə il öncə bu quşların - uzunqanadlarını qala divarlarını zədələməməsi üçün yaxınlıqdakı yaşayış binasının divarında quşlar üçün yuvalar tikilmişdi. Ümumi forması ilə uçan qaranquşu xatırladan bu kompozisiyanın içərsində 250-dən çox quş yuvası yer almışdı ki, məqsəd həm quşları küsdürməmək, həm də Qız Qalasının divarlarını qorumaq idi.

Belə ki, Qız Qalası abidəsinin 2011-2013-cü illər ərzində həyata keçirilmiş konservasiyası layihəsi nəticəsində daşlar arasındakı boşluqlarda əvvəlki sayda yuva qurmasının mümkünsüzlüyünü nəzərə alaraq, Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq (“IDEA”) kampaniyasının təsisçisi Leyla xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən uzunqanad quşlarına Qız Qalası yaxınlığında yerləşən binanın fasadında alternativ yuvalar quruldu.

Qız Qalasında yuva salmış uzunqanadların sayının təqribən 250 olmasına baxmayaraq, quşlarının populyasiyasını artırmaq məqsədi ilə quraşdırılmış yeni alternativ yuvaların sayı təxminən iki dəfə artıqdır. Bununla yanaşı, Qız Qalasının fasadında abidəyə xələl gətirmədən 150-yə qədər yuvanın da saxlanılması mümkün olmuşdur. Uzunqanadların alternativ yuvalarla təmin olunması layihəsi uğurla həyata keçirilmiş və beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olmuşdur.

Bu quşların İçərişəhərin ekologiyasında xüsusi rolu var. Belə ki, uzunqanadlar yalnız milçək və ağcaqanadlarla qidalanırlar. Bu quşların bu ərazidə varlığı içəri şəhərdə həşəratların demək olar ki yox dərəcədə olmasına gətirib çıxarıb.

Ölkəmizdə nadir və köçəri quşların qorunmasına da dövlət səviyyəsində nəzarət var.

2012-ci ildə dünyanın 24 ölkəsini təmsil edən 150 nəfər peşəkar ornitoloq, quşların qorunması sahəsində ekspert və təşəbbüs qruplarının nümayəndələri Böyük Britaniyanın Kembric şəhərində beynəlxalq konfransda iştirak etmək üçün toplaşmışlar. Böyük Britaniya, ABŞ, Kanada, Braziliya, İsveçrə, Hollandiya və bir ços digər ölkələrin nümayəndələrinin də qatıldığı Uzunqanadların Qorunması üzrə Kembric Beynəlxalq Konfransı (“Cambridge International Swifts Conference”) 8-10 aprel tarixlərində şəhərin kolleclərinin birində (“Parkside Community College”) keçirilmişdir. Azərbaycanı konfransda təmsil etmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi uzunqanad quşlarının qorunması üzrə Bakıda uğurla həyata keçirilmiş layihəni tədbir iştirakçılarına təqdim etmişdi. Tədbirin əsas təşkilatçıları sırasında “South Cambridgeshire District Council” (Cənubi Kembric Qraflığı Şurası) dövlət qurumunu, “RSPB - Royal Society for the Protection of Birds” (Quşların Qorunması üzrə Krallıq Cəmiyyəti) cəmiyyətini, “Swifts Conservation” (“Uzunqanadların qorunması”) təşkilatını və Kembricdə fəaliyyət göstərən “Action for Swifts” (“Uzunqanadlar naminə hərəkat”) adlı təşəbbüskarlar qrupunu qeyd etmək olar.

Xatırladaq ki, hər ilin aprel ayının əvvəlində Bakıya gələn uzunqanad adlı (lat. Apus apus) köçəri quşlar artıq onilliklərdir ki, Qız Qalasının zədələnmiş fasadının daşlararası boşluqlarında yuva salırdılar. Uzunqanadlar burada bala verir və iyul-avqust aylarında yeni nəsil ilə birlikdə Cənubi Afrikaya köç edirlər.

Uzunqanadların Qorunması üzrə Kembric Beynəlxalq Konfransının təşəbbüskarlarından biri olan “Swift Conservation” təşkilatının rəhbəri cənab Edvard Mayerin (Edward Mayer) sözlərinə görə: “Bakı layihəsi xüsusi əhəmiyyətə malikdir və bu günə qədər uzunqanadların qorunması üzrə həyata keçirilmiş dünyada ən iri layihədir. Uzunqanadların qorunması məsələsinin Qız Qalasının konservasiyası layihəsinin hələ ilk mərhələlərində nəzərə alınması və sonda öz müsbət həllini tapması bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bu gün Afrikadan Bakıya miqrasiya edən uzunqanadlar həm yeni alternativ yuvalarını, həm də abidədə qorunması mümkün olmuş yuvalarını da istifadə edirlər. Biz təcrübəmizdən bilirik ki, uzunqanadlar koloniyalarda yaşayırlar, buna görə də hələ boş qalan yuvalardan tezliklə Bakıya gələcək yeni quşların istifadə edəcəyi bizdə heç şübhə doğurmur. “İçərişəhər” Qoruğu İdarəsinin təqdimatı konfrans iştirakçıları üçün həmçinin ona görə də maraqlıydı ki, bu məsələdə hökumətin qəbul etdiyi qərarları və IDEA-nın qismində ictimai təşkilatlarla birlikdə göstərdiyi dəstək nümunəvidir və bizləri daha da ilhamlandırır.”

Köçəri quşların xüsusiyyətləri aşağı yuxarı bir-birinə bənzəyir. Köçəri quşları ikiyə ayırmaq mümkündür. Bunlar Afrikadan və Şərqdən gəlib qalan köçəri quşlar, ikincisi Afrikadan və şərqdən gəlib yerləşdikdən sonra Avropaya keçən köçəri quşlar. Eyni yerləşmə dönmə müddətində də təkrarlanır.

Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin körfəzdə və onun ətrafındakı Lənkəran və Masallı rayonlarının bataqlıq sahələrində vaxtı ilə köçəri quşlar daha çox idi. Lakin illər boyu ekoloji şəraitin dəyişməsi və qanunsuz ov nəticəsində köçəri quşlar xeyli azalmışdır. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci qoruqdur. Qoruğun yaradılmasında məqsəd Azərbaycanın müxtəlif ərazilərində quşları qorumaq, onların sayını artırmaq, onların məskunlaşması üçün əlverişli şəraiti daha da yaxşılaşdırmaqdır. Qızılağac Dövlət Təbiət Qoruğu 1976-cı ildən Beynəlxalq konvensiyanın ilk su-bataqlıq regionunun biri kimi siyahıya daxil olmuş, bununla da beynəlxalq əhəmiyyətli qoruq kimi təsdiq edilmişdir. Ərazidə əsasən yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır, qismən də (cənub hissəsi) yayı quraq keçən mülayim-isti iqlim tiplərinə hakimdir. Havanın orta illik temperaturu 14,40J-dir. Qışı mülayim keçir, ən soyuq ayın orta temperaturu 3,20J, ən isti ayın orta temperaturu isə 25,50J olur. Böyük Qızılağac körfəzinin dərin sulu sahələrində kiçik dənizotu cəngəllikləri, dayaz yerlərində isə yaşıl, diatom və göy-yaşıl yosunlar geniş sahələri əhatə edir. Kiçik Qızılağac körfəzində su çiçəkləri, buynuzyarpaq, sulələyi və s. sualtı bitki örtüyü əmələ gəlmişdir. Burada qamış, dəniz lığvari, ciyən və s. bitkilər bitir. Qoruğun Böyük və Kiçik Qızılağac körfəzlərində 30 növdən artıq balıq qeydə alınmışdır. Siyənək, kütüm, çəki, naxa, sıf, çapaq, kefal, xul və s. balıqlar mühüm sənaye əhəmiyyətlidir. Ərazidə məskunlaşmış quş növlərindən 20-yə qədərinin adı (qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, mərmər cürə, dəniz qartalı, məzar qartalı, berkut, turac, dovdaq, bəzgək, sultan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu, çöçükburun cüllüt, ağquyruq çökükburun, çöl haçaquyruq cüllütü) Azərbaycanın «Qırmızı Kitabı»na daxil edilmişdir.

Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov deyib ki, əvvəl Azərbaycanda qış mülayim keçirdi deyə qışlayan quşların da sayı az olurdu. Çünki yumşaq qışlarda xüsusən su bataqlıq quşları daha çox şimal ərazilərdə, bəzi hallarda Dağıstanda, Qazaxıstanın bəzi yerlərində qışlayırdı. Ancaq bu il şimal ərazilərdə qış daha sərt keçdiyi üçün ölkəmizə qışlayan quşların axın etməsini müşahidə etdik.

Məsələn, qış yumşaq keçəndə Azərbaycanda 300-500 qu quşu qışlayırdısa, qış sərt keçəndə bunların sayı 30 minə qalxır. Qızılağac Dövlət Qoruğunda belə sərt qışlarda 20 min qu quşu olur”.

Azərbaycanın su bataqlıq quşları ilə məşhur olduğunu deyən E.Sultanov qeyd edib ki, dünyada bu quşların sayına görə ölkəmiz İngiltərə və Hollandiyadan sonra üçüncü yerdədir.

“Hər il bizdə bir milyondan çox quş qışlayır. Azərbaycanın böyük su bataqlıq sahələri var və onlardan da ən vacibi Qızılağac Dövlət Qoruğudur. Orada yarım milyon, bəzi hallarda bir milyona qədər su quşu qışlayır. Qızılağacdan başqa Kürün deltası, Sarı Su gölü, Ağ göl, Abşeron-Qobustan dəniz sahili- Abşeron Milli Parkı, Pirallahı adası, Heydər Əliyev adına Dərin Özüllər Zavodu, Ələt buxtası, Yaşma adası, Candar gölü, Minkənd su anbarı, Mingəçevir su anbarının Samux sahəsi, Acınohur gölü və digər yerlərdə on minlərlə su quşu qışlayır”.

Cəmiyyət sədri bildirib ki, havalar yumşalan kimi, təxminən fevralın 20-dən ölkədə qışlayan quşlar geri qayıdır. Hazırda şimal ərazilərinə böyük köç başlayıb.

“Birinci ölkəyə ancaq sərt qışlarda daha çox gələn iri quşlar-qazlar, qutanlar, qu quşları şimala uçmağa başlayır. Köç edən su quşlarının sayı Azərbaycanda qışlayanlardan azı 10-12 dəfə çoxdur. Yəni bir milyon ətrafında bizdə qışlayan su quşu olursa, köç vaxtı bu rəqəm 10-12 milyona qalxır.

Apreldə ancaq vağlar, qağayılar və cüllütlər, may-iyun aylarında isə xırda quşlar, sərçə kimi quşlar köç edir,qışlayan quşlar şimala köç edərkən onun yerinə İran, İraq və Misirdə qışlayan quşlar gəlib tutur.Bunlar 3-5 gün, bir həftə bizim ölkənin ərazisində oturub dincəlir, yemlənir, yenə də qalxıb şimala uçurlar. Buna görə də bu cür quşlar üçün həmin qışlama yerləri xüsusən vacibdir. Xüsusilə Bakı ətrafında olan Qırmızı göl-Sədərək mərkəzinin yerləşdiyi göl bu cür quşlar üçün vacibdir. Təəssüf ki, onun yarısını qurudublar və quruda-quruda gedirlər. Heç olmazsa həmin gölün yarısını saxlasalar orada külli miqdarda köç edən quş dincəlirdi.

Hacıqabul gölündə qışlamada 20-25 min quş olursa, köç vaxtı daim orada quşlar olur. Təəssüf ki, o göl də baxımsızlıqdan artıq quruma üzrədir, suyu azalıb. Yəni su quşları üçün təkcə soyuq hava yox, yemlənmə yerləri də olmalıdır. Ancaq göllərin baxımsızlığı, onların su rejiminin pozulması, lazımı diqqət yetirilməməsi səbəbindən bəzi qışlama yerləri deqradasiya uğrayır və bu da ölkədə qışlayan quşların azalması ilə nəticələnir”.

Su-bataqlıq ərazilərinin itirilməsi səbəbindən ölkədə qışlayan quşların sayı xeyli azalıb. Buna baxmayaraq, ərazisində qışlayan quşların sayına görə Azərbaycan Avropada İspaniya, Rusiya və Türkiyədən sonra dördüncü yerdədir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »