Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağlam ekoloji mühit sağlam insan deməkdir
Çirklənməyə qarşı ciddi nəzarət qoyulmaması bəşəriyyət qarşısında böyük problem sayılır

Hər il 4 iyunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar Bakıda iməcilik təşkil edir.İməciliyin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə, məişət tullantılarının təmizlənməsinə əhalinin cəlb edilməsidir. Ənənəvi olaraq Azərbaycanda bu gün ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunur, yaşıllıqlara qulluq edilir, o cümlədən bir sıra ərazilər məişət tullantılarından təmizlənir.

Bütün dünya ölkələri kimi Azərbaycan da müxtəlif xarakterli ətraf mühit problemləri ilə üzləşir. Planetdə ekoloji tarazlığın qorunub saxlanması, ehtiyatlardan səmərəli istifadə, suyun, havanın, torpağın çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemdir. Şübhəsiz ki, bu problemlərin həlli Azərbaycanın da qarşısında duran strateji vəzifələrdən biridir. Həmin vəzifənin öhdəsindən gəlmək üçün planlı və uzunmüddətli fəaliyyət proqramları, irihəcmli dövlət investisiyaları tələb olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda sovet hakimiyyəti dövründə ekoloji tarazlığın qorunması prioritet təşkil etmirdi. Eləcə də müstəqilliyin əldə edilməsindən sonrakı dövrdə ölkənin üzləşdiyi ağır problemlər ekologiyaya ayrıca diqqət ayrılmasına və investisiyaların yatırılmasına imkan vermirdi. Nəticədə paytaxt Bakıda, Xəzərin sahilboyu zolağında, Sumqayıtda və digər yerlərdə ağır ekoloji fəsadlar meydana gəlmişdi. Lakin Azərbaycanda son illərdə sürətli iqtisadi inkişafın başlaması bir neçə on illiklər ərzində ilk dəfə ekoloji problemlərin həllini, ətraf mühitin qorunmasının dövlətin siyasətinin əsas prioritetlərindən birinə çevrilməsinə imkan yaratdı. Ötən 7-8 il ərzində Azərbaycanda ekoloji durumun sağlamlaşdırılmasına yönələn irimiqyaslı dövlət proqramları, milyardlarla manat investisiya tələb edən böyük layihələr həyata keçirilib. Bu miqyasda tədbirlər Azərbaycanın son bir neçə on illik tarixində ilk dəfədir həyata keçirilir və artıq öz bəhrəsini verməkdədir.Ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri kimi əksini tapır. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilməkdədir. 2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır.

Ətraf mühitin çirklənməsi - antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, zıyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və ş). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər..

Azərbaycanda son illər həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri də Bakıda məişət tullantılarının yandırılması üçün ən yeni texnologiyalara əsaslanan zavodun tikilməsidir. Belə ki, uzun illər boyu Bakının məişət tullantıları paytaxt ətrafındakı “Balaxanı zibilliyi” adlanan əraziyə daşınır və orada tullantılardan ibarət “dağ” yaranırdı. Orada toplanan tullantıların primitiv formada yandırılması nəticəsində vaxtaşırı olaraq paytaxtın, Abşeron yarımadasının üzərini üfunətli tüstü bürüyürdü. 2012-ci ildə fəaliyyətə başlayan ,Balaxanı qəsəbəsində 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edən zavod tullantılarının yandırılması prosesində ildə 231.5 milyon KVt saat enerji hasil etmək gücündədir. Bu zavof Bakı şəhərinin tullantılardan təmizlənməsinə və müsbət ekoloji mühütün yaradılmasına mühüm rol oynadı.

Nazirlər Kabinetinin yaşayış məntəqələrinin təmizlənməsinə ümumi tələblərinə əsasən, yaşayış sahələrində sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması məqsədilə məişət tullantıları xüsusi avtonəqliyyatla daşınmalıdır. Yaşayış və ictimai binaların, mədəniməişət obyektlərinin tikintisi, təmiri, bərpası zamanı əmələ gələn tullantılar tikinti təşkilatlarının nəqliyyatı ilə xüsusi ayrılmış ərazilərə daşınmalıdır. Sənaye müəssisələrinin utilizə olunmayan tullantıları bu tullantılar üçün nəzərdə tutulmuş xüsusi qurğulara və ya poliqonlara daşınmalıdır. Ayrı-ayrı obyektlərin, həmçinin müxtəlif yaşayış sahələrinin sanitar təmizlənməsi müəyyən yaşayış məntəqəsi üçün qəbul edilmiş müqavilə-qrafik əsasında xüsusi təyinatlı avtonəqliyyat vasitələri ilə həyata keçirilməlidir. Bərk məişət tullantıları tullantı daşıyan avtomaşınla, kanalizasiya sistemi olmayan yaşayış sahələrindən isə maye tullantılar vakuum qurğulu assenizasiya avtomaşını ilə çəkilərək daşınmalıdır. Tullantılar yığılan zaman yaxınlıqda yaşayan əhalinin rahatlığı nəzərə alınmalıdır.

Məişət tullantılarının əmələ gəlmə yerlərində müvəqqəti saxlanılması üçün ayrılmış xüsusi sahələrdə aidiyyəti təşkilatlar tərəfindən metal tutumlarla təmin olunmuş meydançalar hazırlanmalıdır. Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.Meydançalar tutumların sayına və həcminə uyğun olaraq tikilməlidir. Bu zaman tutumlara əhalinin və tullantı daşıyan avtomaşınların yaxınlaşmasının mümkünlüyü, digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmaması meydançalardakı tutumlardan tullantıların küləklə sovrularaq ətraf ərazilərə yayılmaması, həyətlərdə uşaq meydançalarından və bağçalardan, məktəblərdən, sağlamlıq və istirahət zonalarından, mədəniyyət ocaqlarından, ictimai iaşə obyektlərindən və mağazalardan aralıda yerləşdirilməsi kimi şərtlər nəzərə alınmalıdır.

Şəxsi ev ərazilərində tutumların, həyət ayaqyolularının və çirkab quyusunun yerləşdirilməsi ev sahibləri tərəfindən müəyyən olunur. Ətraf mühitin mühafizəsi məqsədilə tullantıların yerləşdirildiyi tutumlar və meydançalar həmişə təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır. Lazım gəldikdə tutumlar yeniləri ilə əvəz olunmalı, meydançalar təmir edilməlidir. Hər bir hüquqi və fiziki şəxs tullantıların növlər üzrə xüsusi tutumlarda yığılmasını təmin etməlidir..Müvafiq tələblərə cavab verməyən tutumlardan istifadə edilməməlidir. İstehsalat tullantılarının (təhlükəli və təhlükəsiz) və təkrar xammalın məişət tullantıları üçün nəzərdə tutulmuş tutulmalarda yerləşdirilməsinə yol verilmir.Tullantıların tutumlarda yığılması zamanı onların daşmasına və ətrafa səpələnməsinə yol verilməməlidir. Tullantılar ancaq onlar üçün nəzərdə tutulmuş tutumlarda müvəqqəti saxlanılmalıdır. Tullantıların tutumlar qoyulmuş meydançadan kənarda yerləşdirilməsinə, yandırılmasına yol verilmir. Əkin sahəsi və bostanlarda bərk və maye məişət tullantılarının yerləşdirilməsi yolverilməzdir

Hərbi obyektlərdə (həmçinin məxfi və xüsusi mühafizə olunan obyektlər də daxil olmaqla) əmələ gələn məişət tullantılarının müvəqqəti saxlanılması, təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi bu Qaydalara uyğun həyata keçirilməlidir. Qeyd edilən obyektlərdə əmələ gələn məişət tullantılarının tərkibinə təhlükəli tullantıların qarışması yolverilməzdir. Yığılan tullantılar müvafiq təşkilatların aidiyyəti strukturlarına və ya tullantıların daşınması, zərərsizləşdirilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslərə müqavilə əsasında təhvil verilməlidir. Bu obyektlər "özüdaşıma" prinsipi əsasında məişət tullantılarını kənarlaşdırdıqları halda, tullantıları fəaliyyət göstərən poliqonlara müqavilə əsasında təhvil verməlidirlər. Təhvil verərkən tullantıların tərkibi haqqında poliqonun operatoruna dəqiq məlumat verilməli, lazım gələrsə, gətirilən tullantılara operator tərəfindən baxış keçirilməlidir

Dəri-zöhrəvi, infeksion, onkoloji, cərrahiyyə və s. şöbələrin tullantıları həcmi 50, 100, 120, 240 litr olan və kip bağlanan qapaqlı hermetik tutumlara yığılmalıdır. Bu cür tullantıların poliqonlara daşınması yolverilməzdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılışdırıldıqdan sonra həmin tullantılar xüsusi sobalarda yandırılmalıdır. Tutumların yerləşdirilməsi üçün meydançaların ölçüləri 40 m2 -dən az olmamalıdır və meydançalar müalicə korpuslarından, qida bloklarından 50 metr məsafədən az olmamaq şərtilə hazırlanmalıdır. Tullantılar ancaq tutumlarda yığılmalıdır. Müalicə-profilaktiki müəssisələrdə ancaq asan dezinfeksiya olunan tullantı tutumlarından istifadə edilməlidir. Tutumların sayı müalicə müəssisəsinin həyət ərazisinin hər 500-700 m2 sahəsinə bir tutum hesabı ilə müəyyən edilir. Bu müəssisələrin texniki personalı hər gün tutumları və onların altındakı meydançaları təmizləməli, yumalı və dezinfeksiya etməlidirlər. Tullantıların qazanxanalarda yandırılmasına yol verilmir. Əmələ gələn tullantıların epidemioloji baxımdan çeşidlənərək növlər üzrə yığılmasına, zərərsizləşdirilməsinə və dəqiq uçotunun aparılmasına müəssisənin məsul şəxsi tərəfindən nəzarət edilməlidir.

Azərbaycan paytaxtı üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Lakin dənizin hüquqi statusunun hələ də müəyyən olunmamış qalması onun çirklənmədən mühafizəsi, nadir faunasının qorunması üçün çoxtərəfli tədbirlərin görülməsi imkanlarını da məhdudlaşdırır. Buna baxmayaraq Azərbaycan Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edən, zəruri infrastruktur yaradan ölkədir. Bu fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb.

Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasinin Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunub ki, sahil ərazilərindən tullantı sularının təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur.

Dövlət səviyyəsində paytaxtın tullantılardan təmizlənməsi sahəsinddə hər tərəfli tədbirlər görülsə də bu yetərli deyil və müntəzəm şəkildə davam etdirilməlidir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »