Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəcməddin Sadıkovun adı hallanan 42 milyonluq iş: “Hansısa şərəfsiz, vicdansız imzamdan istifadə edib, pulu yeyibsə…”
Nəcməddin Sadıkovun adı hallanan 42 milyonluq iş: “Hansısa şərəfsiz, vicdansız imzamdan istifadə edib, pulu yeyibsə…”

Müdafiə Nazirliyinin sabiq zabiti, işlədiyi müddətdə “Şlyapa Zahid” kimi tanınan Zahid Niftəliyevə qarşı 42 milyon 470 min manatdan artıq vəsaitin mənimsənilməsilə bağlı ittiham üzrə məhkəmə prosesi davam edir.

Bizimyol.info xəbər verir ki, Zahid Niftəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə prosesində ifadə vermişdi. Noyabrın 6-da isə o, məhkəmədə tərəflərin suallarına cavab verib.

İttihama əsasən, Zahid Niftəliyev 2016-cı ildən “Ata Bank” ASC-yə saxta məlumatlar təqdim edərək, oradan 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit götürüb. Götürülmüş kredit təyinatı üzrə istifadə olunmayıb və nəticədə banka külli miqdarda ziyan dəyib. Kreditin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət olunub və “Şlyapa Zahid”in üzərinə pulu ödəmək öhdəliyi qoyulub. Lakin məhkəmə qərarı icra olunmayaraq, kredit ödənilməyib.

2023-cü ildə “Atabank” ASC-dən götürülmüş kreditin mənimsənilməsilə bağlı cinayət işi başlanıb və o, cinayət məsuliyyətinə cəlb olunub.

Zahid Niftəliyev ötən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, kredit onun adına götürülsə də, puldan xəbəri olmayıb. Onun bildirdiyinə görə, adına olan şirkət üçün kredit rəsmiləşdirmək barədə göstərişi keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovdan almışdı.

“Şlyapa Zahid” budəfəki məhkəmə prosesində vəkili Əli Adıgözəlovun sualına cavab verəndə də eyni fikri təkrarlayaraq bildirib ki, bankdan pul götürülüb-götürülmədiyini bilmir: “Kimsə vicdansızlıq edib, kredit adı ilə imzamdan istifadə edərək, pulu yeyibsə...”

Məhkəmə prosesinə sədrlik edən hakim Novruz Kərimov ona tövsiyə edib ki, məhkəmədə belə ifadələr işlətməsin.

O bildirib ki, mərhum Vergilər naziri Fazil Məmmədovun ölümündən iki ay sonra çağırılıb və banka külli miqdarda kredit borcu olduğu barədə məlumat verilib.

Zahid Niftəliyev ötən məhkəmədə olduğu kimi, yenə də təkrar edib ki, Nəcməddin Sadıkov onu yanına çağıraraq, Fazil Məmmədovun müəyyən məsələlərdə dövlətə, orduya yardım etmək istədiyini, bunun üçün şirkət lazım olduğunu deyib. Ona öz adına olan şirkətdən istifadə olunmasını təklif edib. O da razılaşıb: “Mən də başa düşürəm, sənədi imzalayanda baxmaq lazımdır. Amma mən kim idim ki, mənə o qədər kredit verilsin?”

Zahid Niftəliyev ötən məhkəmə prosesində Nəcməddin Sadıkovun məhkəməyə gəlməsini, baş verənlərə aydınlıq gətirməsini tələb etmişdi.

Zahid Niftəliyevin işi üzrə növbəti məhkəmə prosesi noyabrın 27-nə təyin edilib.

Zahid Niftəliyev 2022-ci ildə rüşvət alma ittihamı ilə həbs olunsa da, Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ittiham rüşvət verməyə təhriklə əvəzlənmiş və ona 10 min manat cərimə cəzası verilmişdi. Dövlət ittihamçısının protesti ilə apellyasiya məhkəməsi bu hökmü ləğv edərək, onun 8 il 6 ay azadlıqdan məhrum edilməsi barədə yeni hökm çıxarmışdı.

“Atabank” ASC-dən götürülmüş kreditin mənimsənilməsilə bağlı araşdırmalar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamlarından biri hesab olunurdu. Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »