Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhlükəli oyunlar: uduzan kim olacaq?
Təhlükəli oyunlar:  uduzan kim olacaq?

Oktyabrın əvvəlində müdafiə naziri Zakir Həsənov Türkiyəyə getmişdi. Səfərin adı “TEKNOFEST-2024” festivalında iştirak olsa da, əsl məqsəd Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüş və danışıqlar idi. Nazir səfərdən qayıtdıqdan bir həftə sonra xüsusi müşavirə keçirdi. Müşavirəyə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları və müavinləri, Əlahiddə Ümumqoşun Ordunun rəhbər heyəti, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri, həmçinin Milli Müdafiə Universitetinin və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları cəlb olunmuşdu. Müşavirənin vidoebağlantı formatında keçirilməsinin özü də bir növ təlim xarakteri daşıyır; buna ekstaordinar və ekstremal situasiyalarda koordinasiyanın məşqi də demək olar.

Müşavirədə şərti sərhəddəki vəziyyətlə bağlı məruzələr dinlənilmiş, müzakirələr aparılmışdı və “revanşist qüvvələrin şərti sərhəddə ehtimal olunan bütün təxribatlarına qarşı preventiv tədbirlərin görülməsinə hazır olmaqla bağlı” tapşırıqlar verilmişdi. Eyni zamanda yeni döyüş texnikasının və silahların istifadəsi ilə bağlı təlimlərin keçirilməsi tapşırılmışdı. Həmin müşavirədən bir neçə gün keçib. Yenidən bu məsələyə qayıtmağımız səbəbsiz deyil. Çünki COP 29 iqlim konfransı ərəfəsində Azərbaycanla Ermənistan arasında şərti sərhəddə təxribatlar gözlənilir. Ermənistanın şərti sərhədlərə qoşun yığdığı müşahidə olunur. Amma təxribatı ordunun "adından" deyil, heç bir formal rəsmi bağlantısı olmayan ultramillətçi, radikal ünsürlərlə pərdələnərək də edə bilərlər.

Yadınızdadırsa, ilk dəfə Avropa Komissiyasının prezidenti Uirsula fon der Lyayen COP 29 iqlim konfransına qədər sülh müqaviləsi imzalamağa dair Azərbaycana və Ermənistana çağırış etdi. Ermənistan bu çağırışın olacağı haqda əvvəldən xəbərdar idi. Heç təsadüfi deyil ki, bu bəyanatın ardınca Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi mətninin 80 faizinin hazır olduğunu deyərək, razılaşdırılmış bəndlərin saziş kimi imzalanmasını təklif etdi. Razılaşdırılmış bəndlər tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınmasını, diplomatik münasibətlərin qurulmasını, qarşılıqlı hücum etməmək haqqında öhdəliyi və sair nəzərdə tutur.

Stop! Bir-birinə hücum etməmək haqqında! Ermənistan hətta daha əvvəl bunu ayrıca pakt kimi imzalamağı təklif etmişdi. O zaman da Azərbaycan hərtərəfli və dayanıqlı sülh sazişi üzərində israr etmişdi. Çünki əvvəla, tərəflər arasında belə bir razılıq var idi ki, əgər sazişdə hətta bircə bənd razılaşdırılmamış qalıbsa, bütün bəndlər razılaşdırılmamış hesab olunsun. Buna rəğmən Ermənistan tərəfi ayrıca bir bəndi götürüb bir-birinə hücum etməmək haqqında pakt olaraq imzalamağı təklif etmişdi. İndi isə eynisini bütün razılaşdırılmış bəndlərə aid edir.

Bu, əslində, Azərbaycanın sayıqlığını azaltmaqla yanaşı, presedent yaratmağa hesablanmışdı: tərəflər nəyə razılaşa bilirsə, barışıq o qədərdir. Bu, Azərbaycan üçün prinsipial olan məsələlərdə güzəştə getməməyi legitimləşdirmək məqsədi daşıyırdı. Azərbaycan buna, təbii ki, getmədi və getməzdi.

Ümumən götürəndə, qarşılıqlı hücum etməmək paktı elə də əhəmiyyət daşımırdı. Rusiya ilə Ukrayna arasında da oxşar razılaşmalar, sazişlər vardı, ancaq bunlar Rusiyanın Ukraynaya hücum etməsinə mane olmadı. Bu səbəbdən, Azərbaycan bütün məsələlər üzrə birdəfəlik razılaşma gözləyir və istəyir.

İkinci tərəfdən, Ermənistan Azərbaycana ərazi iddialarını öz Konstitusiyasında saxladığı halda, ərazi bütövlüyünün tanınması, yaxud hücum etməmək haqda razılaşmalar nəyə dəyir və nəyi dəyişir?! Əgər bir ölkə başqa ölkənin ərazisinin bir hissəsini özününkü sayırsa və bu iddiasını hətta Konstitusion haqqı hesab edirsə, deməli, nə zamansa hücum etmək niyyəti və bəlkə də artıq planı var.

COP 29 iqlim konfransına qədər sülh bağlamaq çağırışlarının da arxasında duran məsələ bu idi. Azərbaycanın qəbul etməyəcəyi təklifi irəli sürmək, özünü "sülh göyərçini" obrazında göstərmək, sonra "zərurət" yarandıqda, şərti sərhəddə təxribat törədərkən, məsuliyyəti Azərbaycanın üzərinə atmaq, beynəlxalq qınağın və təzyiqin Azərbaycana yönəlməsinə nail olmaq. Ermənistanın qəbul etdiyi, yaxud Ermənistana qəbul etdirilmiş strategiya bundan ibarətdir.

Şərti sərhəddə təxribatlar üçün "zərurət"ə gəlincə, burda məsələ daha da mürəkkəbləşir. Eyni zamanda daha da aydınlaşır. Norveçin baş nazirinin nümunəsi də bunu göstərdi. Təbiətə ən çox zərər verən ölkələrdən biri imiş! Əlbəttə, COP 29-a gəlib, buna cavab vermək lazımdır. Qlobal iqlim dəyişikliklərinə daha çox səbəb olan bəzi böyük dövlətlər COP 29 iqlim konfransında təmsilçilik səviyyəsini aşağı salmaq və ya iştirakdan qaçmaq üçün Ermənistanın Azərbaycana qarşı şərti sərhəddində silahlı münaqişə yaratmaqda maraqlı ola bilərlər. Bu, Ermənistanı silahlandıran dövlətlər arasında ola bilər. Məsələn, Fransa. Qlobal iqlim konfransı onun üçündür ki, dünyanın böyük, zəngin ölkələri yığışıb, Planeti, bəşəriyyətin gələcəyini xilas etməyin yolunu axtarsınlar, fond yaratsınlar, nisbətən zəif, yoxsul ölkələrə yardım edilsin və sair. Təbiət bir yoxsul ölkədə korlanırsa, bunun zərərini zəngin ölkələr də görür. Çünki o yoxsul ölkələrdə təbiətin korlanması da zənginlərin, transmilli korporasiyaların əməllərindən qaynaqlanır. Nəticədə iqlim dəyişikliyi, təbii kataklizmlər dünyada hamının qapısını döyür; varlı, kasıb deyə seçmir. Qlobal istiləşmənin qarşısında heç bir sərhəd çəpəri, heç bir gömrük postu yoxdur. Buna görə də COP 29 kimi qlobal müzakirə platformasına dövlətlər hamılıqla və yüksək səviyyəli təmsilçilərlə, yüksək qərarverici personalarla qatılmalıdır. Nə fərqi var, bu konfrans harda keçirilir?! Nə fərqi var, kimin kimdən xoşu gəlir, ya gəlmir?! Azərbaycan konfransın sahibi deyil, konfrans üçün ev sahibidir. Dövlətsənsə (həm də böyük, zəngin dövlətsənsə), üzərinə düşən məsuliyyətdən qaçmaq üçün Azərbaycanda və ya Azərbaycanla olan hansısa problemlər, mövzular üzərindən COP 29 iqlim konfransını siyasiləşdirməyəcəksən. Bunu əvəzinə, əlini daşın altına qoyacaqsan.

Başlıcası konfransın harada keçiriləcəyi deyil, necə keçiriləcəyi və hansı qərarların qəbul olunacağıdır.

Amma yox! Dünyaya lazım olan qərarlar qəbul olunmasın deyə, qlobal problemlər həll olunmasın deyə, Cənubi Qafqazda yeni münaqişə yaratmaq, bunu bəhanə edib iştirakdan və məsuliyyətdən qaçmaq qlobal miqyasda fərarilikdən başqa bir şey deyil. Bu, təhlükəli və rüsvayçı oyun olardı.

Azərbaycan müdafiə nazirinin keçirdiyi müşavirə də bu baxımdan qarşı qabaqlayıcı addım idi. Azərbaycan rəsmiləri: "Ermənistan başından böyük oyunlara qoşulub" deyəndə, məhz bu baş verənlər də nəzərdə tutulur. Rəsmi İrəvan anlamır ki, bu cür təhlükəli şahmatda o, sadəcə, piyada fiqurdur. Piyada fiqur isə, çox asanlıqla qurban verilir...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »