İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Erakçi İraqın xarici işlər naziri Fuad Hüseynlə Bağdadda görüşü və çıxışından sonra keçirilən birgə mətbuat konfransında deyib ki, "regionumuz hazırda çox təhlükəli çağırışlarla üz-üzədir və bir vəziyyətdədir. Buna görə də biz İraqdakı dostlarımızla xüsusilə yaxınıq". İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, İran İslam Respublikası gərginlik, münaqişə və müharibəni artırmaq istəmir, lakin istənilən vəziyyətə hazırdır və İran həm müharibəyə, həm də sülhə hazırdır və bu münasibət İran İslam Respublikasının qətiyyətli mövqeyidir. Erakçi, həmçinin müharibə vəziyyətinə tam hazır olduqlarını, müharibədən qorxmadıqlarını, lakin müharibə istəmədiklərini, Qəzza və Livanda ədalətli sülh üçün səy göstərəcəklərini bildirib.
Bəs İsrail hansı varianta meyillidir?
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu variantların hansısa birinin reallıqla əksini görmək üçün biz həm də elə İsrailin davranışlarına və mövcud siyasətinə diqqət yetirməliyik.
“Görünən odur ki, İsrail bölgədə sülh olmasını istəmir, hər vəchlə İranın müharibəyə girməsini və paralel olaraq da, Amerikanın və daha bir neçə Qərb ölkəsinin də bu münaqişəyə cəlb olunmasını istəyir. Bununla da fürsətdən istifadə edərək, İrana qarşı zərbələr endirir. İranın istər hərbi, istər iqtisadi, istər texniki, istər atom silahı əldə etmək və yaxud atom enerjisi əldə etməklə bağlı çalışmalarını darmadağın etmək istəyir, yəni bu məsələlərdən birdəfəlik qurtulmaq istəyir. Bu mənada İsrailin davranışları İranın bu iki versiyadan hansına yaxın olduğunu göstərəcək”-deyən politoloqun fikrincə, hələ sülhdən söhbət getmir. Yəni tərəflər anlaşa bilmirlər, anlaşmaq da istəmirlər və görünən budur ki, xüsusən də İsrail anlaşmaya qətiyyən meylli deyil.
“Başqa bir ölkənin ərazisində siyasi diplomatik rütbə daşıyan şəxsləri ictimai, siyasi liderləri öldürmək savaş səbəbidir və bu anlaşma istəyini göstərmir”-deyən Mübariz Göyüşlü hesab edir ki, İran da bölgədə müharibəyə daha yaxındır.
Politoloqun sözlərinə görə, İsrailin “Həmas” gərginliyi də 1 ildən artıqdır ki, davam edir və düzələcəyi ilə bağlı da bir işıq ucu görünmür.
“Bu mənada müharibə daha potensial məsələ kimi görünür. Əgər Qərb ölkələri qətiyyətli şəkildə prosesə müdaxilə edərlərsə, sülh əldə etmək mümkün ola bilər”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info