Hindistanda "dost xarici" ölkəyə Pralay kvaziballistik raketlərinin satışına icazə verilib. Bu barədə Azərbaycan mediası Alpha Defense portallna istinadla məlumat yayıb. Xəbərdə o da deyilir ki, daha əvvəl Indian Defence Research Wing Hindistan Pralay raketlərini tez bir zamanda Ermənistana satmaq niyyətində olduğunu yazıb. "Yer-yer" tipli, yaxın mənzilli Pralay raketləri 150-500 kilometr məsafədə hədəfləri vura bilir.
Bu, Hindistanın Ermənistana silah ixracına dair yeganə fakt deyil. Ermənistana silah satan təkcə Hindistan da deyil. Söhbət tək silahla da bitmir: Ermənistanın militaristləşdirilməsində iştitak edən dövlətlərin sayı artır. Məqsəd iki ölkəni yenidən toqquşdurub, yeni münaqişə yaratmaq və İran, Rusiya və Türkiyə arasında möhkəmlənməkdir. Diqqəti yayındırmaq üçün ortaya belə fikirlər atılır ki, guya Rusiya Cənubi Qafqazdan sıxışdırılıb çıxarılsa, onun yerini ABŞ və ya Fransa deyil, Türkiyə tutacaq. Bu, əlbəttə, regionun üç böyük ölkəsini bir-birinə qarşı qoymaq üçün informasiya hazırlıq atəşləridir. Çünki Cənubi Qafqaz elə bir subregiondur ki, Türkiyə, Rusiya və İran bu nöqtədə birləşə də bilər, toqquşa da. Azərbaycan, Türkiyə, eləcə də, Rusiya "3+3" formatını məhz ona görə irəli sürmüşlər ki, bölgənin böyüklü-kiçikli bütün dövlətləri birləşib tərəfdaşlıq edə bilsin. Hələlik bu təşəbbüsü irəlilətmək o qədər də uğurlu alınmır. Əlbəttə, əsasən, Ermənistanın, eləcə də, qismən İranın və Gürcüstanın mövqeləri imkan verməyib. Ancaq Azərbaycan bu format, eləcə də, Cənubi Qafqaz triosu formatında tərəfdaşlığın qurulması üçün çabalarını dayandırmayıb.
İndiyədək və hazırda Azərbaycanın müəllifi və ya mərkəzi həlqələrindən biri olduğu bütün təşəbbüslər ona yönəlib ki, Cənubi Qafqaz münaqişəli bölgə deyil, sülh və sabitlik regionu olsun. Ancaq hələlik əsasən Ermənistanın mövqeyi buna imkan vermir.
İndiyədək Qafqazda münaqişələr öz içindən yetişirdi. Amma indi Ermənistanın üzərindən bölgəyə müharibə perspektivi və xaos təhlükəsi xaricdən ixrac olunur. Ən qəribəsi də odur ki, öz aralarında dil tapa bilməyən, qarşıdurma vəziyyətində olan ölkələr belə Ermənistana hər cür maliyyə yardımı, siyasi dəstək və silah-sursat verməkdə həmrəylik göstərirlər.
ABŞ, Avropa İttifaqı sanki Rusiyaya qarşı iqtisadi, ticari, maliyyə sanksiyaları qoyub. Ancaq Rusiyanı bu embarqolardan yayındıran dövlətlərdən biri də Ermənistandır. Rusiya prezidenti Putinin dəfələrlə anons etdiyinə görə, cari ildə Ermənistanla Rusiya arasında xarici ticarət dövriyyəsi 14-16 milyard ABŞ dollarına çata bilər. Nəyin hesabına?! Əlbəttə, Rusiyanı Qərbin sanksiyalarından yan keçirmək hesabına.
Rusiya ilə artan bu ticarətdən gələn qazancın bir hissəsi Ermənistanın silahlanmasına gedir. Qərb Ermənistanı Rusiyanın siyasi və təhlükəsizlik məkanından ayırmaq üçün öz sanksiyalarının elə Ermənistan üzərindən pozulmasına da razıdır, ya da razı görünür. ABŞ Rusiyanı öz düşməni sayır, onu "iqtisadi cəhətdən boğmaq" üçün embarqoları bir-birinə calayır, ancaq bir yandan da bu embarqoların pozulmasına göz yumur. Bu embarqoları pozan Ermənistanı nəinki cəzalandırır, əksinə Ermənistana hər cür siyasi, maliyyə, hərbi və hərbi-texniki yardım göstərir. Ermənistanla münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmaqdan danışır. Bəs harda qaldı ABŞ-Rusiya qarşıdurması?!
Yaxud götürək, Hindistanla Kanadanı. Bu iki ölkə arasında əsl diplomatik müharibə gedir. Kanada Hindistanın Ottavadakı səfiri Sancay Kumar Bermanı və daha bir neçə Hindistan diplomatını Kanada vətəndaşlarına qarşı cinayətlərdə günahlandırır. Kanada hökuməti Şimali Amerika ölkələrindəki Sinkh icması liderlərindən sayılan Hardip Sinqh Nicara sui-qəsd planına görə Hindistan diplomatlarından şübhələnir. Hindistan isə Nicarı "terrorist" hesab edir və onun Hindistanın Pəncab ştatında Halistan dövləti yaratmağa çağırdığını, ölkəni parçalamağa çağırış etdiyini deyir. Hər iki ölkə qarşılıqlı olaraq bir-birinin diplomatlarını qovur. Ancaq hər ikisi Ermənistanı dəstəkləmək nöqtəsində birləşiblər. Hindistan illərdir özünün Pəncab ştatında sikhlərin, Kanada Kvebek əyalətində fransızların separatçı hərəkatlarından zərər çəkib. Amma Qarabağda erməni separatizmindən 30 il əziyyət çəkmiş Azərbaycanın deyil, bu separatizmin arxasında durub, üstəlik bölgəni 30 il işğalda saxlamış Ermənistanın yanındadırlar.
Nə hikmətdir, nə sirrdir bu, görəsən?! Başqa vaxt bir-birinə düşmən kəsilənlər əl-ələ verib Ermənistanı silahlandırır, Azərbaycana qarşı revanşa həvəsləndirirlər. İran Amerikanın nəinki Qafqazda, hətta Yer üzündə varlığına dözə bilməzkən, Pentaqon əsgərlərinin Ermənistanda yerli hərbçilərlə birgə təlimlər keçirməsinə susub oturur. Avropa İttifaqı bir yandan Azərbaycanla Ermənistan arasında sülh gündəliyini dəstəklədiyini deyir, o biri yandan öz bayrağı və "müşahidə missiyası" adı altında NATO kontingentinin Ermənistan-Azərbaycan sərhəddində qalma müddətini uzatmağa çalışır. Brüssel bir tərəfdən, mümkün qədər qısa müddətdə sülh müqaviləsini imzalamağa çağırır, o biri yandan məlum və məşum "binokl diplomatiyası"nı davam etdirir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın enerji daşıyıcılarına ehtiyacı artan Avropa İttifaqı Bakıdan daha çox qaz aldığı halda, İrəvanı daha çox "qaza gətirib", Azərbaycana qarşı qısqırdır. Buna görə də, Prezident İlham Əliyev Belçika Krallığının səfirinin etimadnaməsini qəbul edərkən dedi ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərə görə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər zərər görsə, çox heyf olacaq. Başqa sözlə, Azərbaycan prezidenti Brüsseli ikili oyunlar oynamaqdan çəkinməyə çağırdı. Ancaq görünən odur ki, Qərb dövlətləri, eləcə də, Hindistan, Rusiya, İran və sair aktorlar Cənubi Qafqazda çoxtərəfli oyun oynamaqda davam edir və edəcək. Azərbaycana qarşı işğalçılığa görə Ermənistanı cəzalandırmaq əvəzinə, işğala məruz qalmış Azərbaycanı Ermənistanla cəzalandırırlar. Həm də təkcə Azərbaycanı yox, bütün bölgəni. Budur beynəlxalq hüquq, beynəlxalq siyasət?!
Bu yerdə Amerika Birləşmiş Ştatlarının 40-cı prezidenti Ronald Reyqanın bir sözü yada düşür: "Deyirlər, siyasət ikinci qədim peşədir. Ancaq mən bu nəticəyə gəlmişəm ki, birincidən o, çox şeylər əxz eləyib".
Necə deyərlər: "no comment!"

Bahəddin Həzi, Bizimyol.info