"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Zəngəzur dəhlizi üzərində yalnız monitorinq funksiyasına malik ola bilər". Bu barədə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan "Sülhün kəsişmə nöqtəsi: Təhlükəsizlik və Demokratiyanı bir araya gətirmək" konfransında bildirib. Baş nazir 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə istinad edərək, "Nəqliyyat əlaqələrinə nəzarət Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları həyata keçirir" cümləsinə diqqət çəkib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı gündə bir fikir ifadə edir. Bu da onun dəqiq mövqeyinin olmadığının göstəricisidir. İrəvanda keçirilən "Sülhün kəsişmə nöqtəsi: Təhlükəsizlik və Demokratiyanı bir araya gətirmək" konfransında çıxışı zamanı Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirləri də onun qərarsızlığın göstəricisidir.

“Paşinyan Rusiya FTX-sı Zəngəzur dəhlizində yalnız monitorinq funksiyasına malik ola biləcəyini deyir. Amma Rusiyaya səfər edənə qədər ümumiyyətlə, Rusiya FTX-nın Zəngəzur dəhlizində olmağının yolverilməz olduğunu bildirirdi. Moskvaya səfərindən sonra monitorinq apara biləcəyini ifadə edir. Bilirik ki, Zəngəzur dəhlizi açılanda bu dəhlizdə hərəkətə Rusiya FTX-sı təhlükəsizliyi təmin edəcəkdir. Paşinyanın bu məsələni sadəcə indidən tam şəkildə ictimailəşdirmədiyini hesab edirəm”-deyən deputat vurğulayıb ki, Paşinyan bütün məsələləri indidən açıqlasa, ona qarşı olan qüvvələrin əlinə fürsət vermiş olacaq deyə düşünür. Amma 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində bütün məsələlər açıq şəkildə yazılmışdır. Rusiya Paşinyandan həmin bəndin icrasını tələb edəcək və Zəngəzur dəhlizinə nəzarətini də əlinə alacaq. Paşinyanın da buna razı olmaqdan başqa bir yolu yoxdur.
İradə Cəlil, Bizimyol.info