Oktyabrın 11-13-də İspaniyanın Madrid şəhərində WPRF versiyası üzrə “Arnold klassik” Avropa çempionatı keçirilib. Pauerliftinq yarışında ölkəmizi WRPF-Azərbaycanın prezidenti Vüqar Namazovun başçılığı ilə 5 idmançımız layiqincə təmsil edib.
Bizimyol.info xəbər verir ki, Vüqar Namazov 140+ çəki dərəcəsində “deadlift” hərəkətində 343 kq nəticə ilə qızıl medal qazanmaqla yanaşı, Avropa və dünya rekordlarını yeniləyib. Gənclər arasında keçirilən yarışda İlkin Namazov junior kateqoriyasında pauerliftinq (üçnövçülük) hərəkətində ümumilikdə 660 kq, “bench-press” (ştanqı sinədən sıxma) hərəkətində 180 kq, “deadlift” (yerdən ştanqı dartma) hərəkətində isə 280 kq-ın öhdəsindən gələrək üç qızıl medal qazanıb. Həmyerlimiz açıq yaş kateqoriyası üzrə 60-dan çox idmançı arasında 7-ci yerdə qərarlaşaraq ən yaxşı 10 idmançı arasında yer alıb.
Kamran Lazımov 90 kq çəki dərəcəsində “deadlift” hərəkətində 320 kq nəticə ilə 1-ci yer ve mütləq çempionlar arasında 3-cü yer sahibi olub. Bəxtiyar Quliyev 100 kq çəki dərəcəsində “deadlift” hərəkətində çoxqat təchizatla 300.5 kq nəticə ilə həm 1-ci yer sahibi olub, həm də yeni Avropa rekorduna imza atıb. Ramil Əhmədov 110 kq çəki dərəcəsində “deadlift” hərəkətində çoxqat təchizatda 325 kq nəticə ilə 1-ci yer olub. İdmançımız üçüncü yanaşmada 340 kq-lıq Avropa və dünya rekordunu təzələmək üçün 342.5 kq sifariş versə də, çəkinin öhdəsindən son anda gələ bilməyib.
İdmançımız bir gün əvvəl təchizatsız pauerliftinq növündə 797.5 kq qaldırmaqla gərgin mübarizədən sonra 2-ci yerə sahib çıxıb. Ramil ştanq beldə oturub durma hərəkətində 285 kq çəkidən sonra Vüsal Ağalarovun adına yazılmış 311 kq azərbaycan rekordunu təzələmək üçün 312.5 kq sifariş versə də, çəki son anda idmançımızı zədələyib.
Ümumilikdə, komandamız 7 qızıl və 1 gümüş medalla yarışmanı uğurla tamamlayıb.
Aytən, Bizimyol.info