Ermənistan Baş Prokurorluğu keçmiş prezident Serj Sarkisyana bəraət hökmündən Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına idarənin mətbuat xidmətindən məlumat verilib.
Mayın 31-də Serj Sarkisyan “dizel işi”ndə cinayət sübutu olmadığına görə bəraət alıb. Məhkəmə digər təqsirləndirilən şəxslərə - Barseq Beqlaryan və Gevork Arutyunyana da bəraət verib.
Serj Sarkisyana qarşı irəli sürülən ittihamların məğzi ondan ibarət idi ki, o, neft məhsulları idxalçısı olan “Flash” şirkətinə 2013-cü ildə fermerlərə güzəştli dizel yanacağının tədarükü üzrə tenderdə qalib gəlməyə kömək edib. Eyni zamanda, “Flash” rəqiblərindən bir milyon dollar yüksək qiymət təklif edib, lakin yenə də müqaviləni alıb.
“Flash” şirkətinin sahibi Barseq Beqlaryan və 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində bitkiçilik idarəsinə rəhbərlik etmiş Gevork Arutyunyan da bu işlə məşğul olub. Prokuror daha əvvəl Sarkisyanın təqsirli bilinməsini, lakin iddia müddətinin başa çatması ilə əlaqədar onun cinayət məsuliyyətindən azad edilməsini təklif edib. Müdafiə tərəfi bununla razılaşmayıb və Sarkisyan özü də günahını inkar edib.
Bu işdə keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan və onun müavini Samvel Qalstyan da iştirak edib, lakin onların vəfatı ilə əlaqədar onlara qarşı icraata xitam verilib.
Qadir, Bizimyol.info