Bakının azad olunması, doğrusu, bir az qəribə səslənir, həm də necə bir həqiqətiin ifadəsidir: Bakı işğal olunubmuş!
Bəli, Bakının işğal olunması dəhşətli tarixi həqiqətdir. Millətin "bioqrafiya"sında bədbəxt hadisədir. Ancaq ondan da böyük həqiqət, möhtəşəm həqiqət var: Bakı erməni-rus hərbi birləşmələrinin işğalından azad olunub. 1918-ci il sentyabrın 15-də. Kim azad edib?! Qafqaz İslam Ordusu.
Biz indi Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad olunmasını bayram edirik. Amma, təsəvvür edin, 106 il qabaq Bakını da azad etmək lazım gəlibmiş! Elə Qarabağı da. Bakıdan sonra - 1919-cu ildə Qarabağı azad etmişik. Deməli, artıq ikinci dəfədir, Qarabağ azad olunub. Kimlərdən? Yenə də erməni-rus hərbi birləşmələrindən. Hər dəfə Bakını, Qarabağı - Azərbaycanı işğaldan azad edəndə yanımızda kim olub?! Əlbəttə, türk qardaşlarımız. Onda Osmanlı dövləti, indi isə varisi - Türkiyə Cümhuriyyəti.
Əlbəttə, dövlətinin adı nə olur-olsun, onda da, indi də köməyimizə yetişən türk qardaşlarımızın xidməti, fədakarlığı, qəhrəmanlığı danılmazdır. Biz bu yaxşılığı unutmuruq. Ancaq 106 il əvvəl Bakının, az sonra Qarabağın azad olunmasında öz əsgərimizin, öz liderlərimizin də rolu danılmazdır.
Bilirsiniz, milli lider Məhəmməd Əmin Rəsulzadənin tənqidçiləri, təftişçiləri çoxdur. İndi bir dəstə adam var, Rəsulzadənin inkarını özünə peşə seçib, bundan pul qazanır, evinə çörək aparır. Onun əleyhinə yazır, danışır.
Belə yazıların birində isə bir fikir vardı (əgər buna "fikir" demək olarsa). Müəllif yazırdı: "Məhəmməd Əmin Rəsulzadə ömrü boyu bir manqaya belə əmr verməyib, o hardan dövlət başçısı oldu?"
Doğrudur, Rəsulzadə bir manqaya belə əmr verməmiş ola bilər. Ancaq bu, onun 1918-ci ildə Azərbaycanın, Bakının işğaldan azad olunmasına liderlik etmədiyi anlamına gəlmir.
O "fikri" yazan şəxsin ya məlumatı yoxdur, ya da unudub ki, Məhəmməd Əmin Rəsulzadə manqaya, bölməyə, bölüyə, taqıma, tabora, alaya-filana, hətta orduya belə əmr verən mövqedə deyildi. O, tarixə yön verən və milləti yönləndirən məqamda idi. Dövlət başçısı əmr verən deyil, qərar verəndir. Şəxsiyyətin böyüklüyü manqaya, ya da hətta bütöv orduya əmr verib-verməməklə ölçülmür. Tarixi istiqamətləndirə bilməklə ölçülür. Demokratik quruluşda, parlament respublikasında kollegial qərarlar verilir. O cür sistemdə qərar çıxarmaq asan olmur; daha zəngin erudisiya, daha möhkəm iradə tələb olunur. Dövlət xadiminin böyüklüyü ondadır ki, öz ideyalarını müzakirəyə çıxarır, qərar verən şəxsləri, qurumları öz mövqeyinin doğruluğuna razı salır. İcraçı funksiyalar - əmr vermək səlahiyyəti baş nazirdə, hərbi nazirdə, bir sözlə, hökumətdə idi, bəli. Ancaq o əmrlər də siyasi qərarlar əsasında verilirdi, kim necə istəyirdisə, elə yox! Bəs bu siyasi qərarların qəbul olunmasında üstün rol kimə məxsus olur?! Əsas sual budur.
Gərək sən səs verəcək adamlardan talant, erudisiya, arqumentasiya, düşüncə keyfiyyəti, nitq qabiliyyəti, inandırma bacarığı və sair bu kimi məziyyətlər baxımından bir addım öndə olasan ki, millətə faydalı olacaq və sənin doğru bildiyin qərarı qəbul etdirəsən. Rəsulzadə manqa başçısı deyildi, bəli, dövlət başçısıydı. Çünki müstəqil dövlətin baş ideoloqu idi. İdeoloqun məqamı isə hər zaman siyasətçidən bir baş yüksəkdir.
Rəsulzadəni aşağılamaq, tarixi rolunu azaltmaq üçün onu dövləti quranlardan, sadəcə, biri kimi təqdim etməyə cəhdlər var. Dövlətin ideoloji sütunu olan bir şəxsi sıradan birinə "çevirmək" istəyirlər. Ancaq bu, düzgün də deyil, mümkün də deyil. Məsələn, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün də ətrafında 142 ən yaxın silahdaşı vardı. Bu, o deməkdir ki, Mustafa Kamal Atatürk lider yox, sadəcə, o 142 nəfərdən biri idi?! Absurddur axı. Yaxud Azərbaycanın milli-azadlıq hərəkatının önündə onlarla aparıcı siyasi sima, yüzlərlə nüfuzlu ziyalı, ictimai xadim, minlərlə fədakar fəal vardı. Yoxsa onların hamısı Əbülfəz Elçibəy idi?! Başqa nümunələr də gətirə bilərəm. Eləcə də, başqa ölkələrdən.
Bəli, bu gün Bakının azad olunmasından 106 il keçir. Bu, qürurverici tarixdir. Tarixlə fəxr etmək öz yerində, bir də bu gün cəhd etmək lazımdır. Natamamlıq kompleksindən, ifrat inkarçılıq mərəzindən, aşırı, gərəksiz təftişçilik xəstəliyindən qurtulmaq üçün cəhd etməliyik. Dəyərlərimizi dəyərsizləşdirməyə yönəlmiş çürük siyasi fəlsəfələrdən və yersiz, bezdirici səfsəfələrdən xilas olmağa cəhd etməliyik. Bu anlamda da qurtuluşa ehtiyacı var bu gözəlim şəhərimizin. Və hamımızın.
Bahəddin Həzi, Bizimyol.info