Ermənistan Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) təyyarə istehsalı korporasiyası ilə arsenalında olan "Su-30" qırıcılarının modernləşdirilməsi ilə bağlı danışıqlar aparır.
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Ovannes Vardanyan məlumat verib.
"Hindistanın "Hindustan Aeronautics Limited" bu sahədə böyük təcrübəyə malik olduğu üçün biz "Su-30" qırıcı təyyarələrimizi təkmilləşdirmək imkanını nəzərdən keçiririk", - deyə "Hindustan Times" qəzeti Vardanyana istinadən bildirib. O qeyd edib ki, bu barədə Hindistanın Müdafiə Qərargah rəisi general Anil Çauhan ilə mümkün əməkdaşlıq sahələrini artıq müzakirə edib.
Qəzetin adını açıqlamadığı Hindistan rəsmisi Ermənistanın "Su-30"un "HAL" tərəfindən modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib. "Bu məsələ ilə bağlı danışıqlar davam edir, lakin bu danışıqlar hələ ilkin mərhələdədir", - deyə o bildirib. Eyni zamanda, nəşrin həmsöhbəti qeyd edib ki, Ermənistanın idarə etdiyi "Su-30" variantı Hindistan Hərbi Hava Qüvvələrində xidmətdə olan "Su-30MKI"dən fərqlənir.
"HAL" Rusiya lisenziyası əsasında Hindistanda "Su-30MKI" çoxməqsədli qırıcı təyyarələr istehsal edir. Hazırda Cənubi Asiya respublikası Rusiyadan gətirilənlər də daxil olmaqla 270-ə yaxın belə hərbi hava maşını ilə silahlanıb.
Qadir, Bizimyol.info