"Avropa İttifaqı Ermənistanla viza rejiminin liberallaşdırılması haqda danışıqlara başlayıb". Bunu İrəvanda Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas bəyan edib.
Məsələnin mahiyyəti nə imiş?! Ermənistan vətəndaşları Avropa İttifaqına üzv ölkələrə daha asan viza alacaq.
Ermənistanın öz mətbuatı, öz ekspertləri belə bunun çox da ciddi bir güzəşt olmadığını yazır. Avropaya getmək istəyən, buna imkanı çatan Ermənistan vətəndaşı onsuz da bunu edə bilir. Bu danışıqlar nəticə versə, daha asan gedəcəklər. Hərçənd bunun yaxın zamanda reallaşacağı da sualdır; hələ danışıqlar indi başlayıb.
Bu, əslində bir tərəfdən də Ermənistan üçün arzuolunmaz nəticələr verəcək; ermənilər miqrasiyaya daha meylli toplumdur. Onlar hər nə qədər öz ölkəsinə bağlı olduğunu desə də, günü harda xoş keçirsə, oranı özünə Vətən seçir.
Ermənistanın öz mediasında da buna skeptik yanaşanlar var: "Ermənistandan "beyin axını" sürətlənəcək" deyirlər.
Eyni zamanda bundan əvvəl başqa ölkələrin nümunələri də Ermənistan cəmiyyətinə bədbinlik hissləri aşılayır. Avropa İttifaqı qonşu Gürcüstanla da viza rejimini yumşaltmışdı. Ukrayna və Moldova ilə həmçinin belə güzəştli qərarlar verilmişdi. Nəticədə bu ölkələrdən Avropaya əmək miqrantlarının sayı artdı. Avropaya vizasız gedə bilmək ölkənin inkişafına real olaraq nə qata bilər?! Bu, sadəcə, siyasi jestdir.
Adını çəkdiyimiz ölkələrin vətəndaşları Avropaya daha yumşaq viza şərtləri ilə gedir, amma Azərbaycan yox. Azərbaycan vətəndaşları Avropa, Amerika vizaları onsuz da çətinliklə alırdı. Üstəlik, əlavə bürokratik əngəllərlə də qarşılaşırlar. Ancaq bu, Azərbaycanın inkişafına, dövlət və ictimai həyatına hansısa maneələr yaratmır. Avropa ilə siyasi yaxınlaşmaq nə Gürcüstana, nə Moldovaya, nə də Ukraynaya öz əsas problemlərini həll etməyə şərait yaratmadı. Ərazi bütövlüyünü təmin edə bilmədi heç biri. Əksinə bu gün, məsələn, Ukrayna bunun ən çox əziyyətini çəkən ölkədir.
Avropada artıq bu cür ölkələrdən gəlmiş qaçqınların, miqrantların kütləvi deportasiyası gündəmə gətirilib. Almaniya öz daxili sərhədlərində altı ay müddətinə xüsusi nəzarət tətbiq edib. Bu ölkənin parlamentində və başqa siyasi qərarverici mərkəzlərdə miqrantlara ödənilən müavinətlərin kəsilməsi, onlara pulsuz hüquqi yardımın dayandırılması müzakirə olunur. Avropa İttifaqı Orta Şərqdən, Yaxın Şərqdən, Şimali Afrikadan, eləcə də, postsovet məkanından gələn miqrantların yaratdığı problemlərlə əlləşir. Bu vəziyyətdə yeni miqrant axınını stimullaşdırmağa çox da həvəsli deyil. Sadəcə, Ermənistanı Rusiyadan qoparmaq üçün viza güzəşti gündəmə gəlib. Bununla Ermənistan cəmiyyətində Avropaya inteqrasiya meylini gücləndirmək, hökuməti qəti addımlara həvəsləndirmək məqsədini reallaşdırmağa çalışırlar. Hələ müharibədən də əvvəl ukraynalı ali səviyyəli həkimlər Almaniya xəstəxanalarında sanitar işləyirdilər. Nə qədər təhsilli, öz ölkəsində sayılıb-seçilən ukraynalı, moldovan İtaliyanın kəndlərində tarlalarda bir qarın çörəyə çalışır. Bu ölkələrdən olan qadınların Fransada və Belçikada intim xidmətlər köləsi vəziyyətinə düşməsi haqda faktlar var. Bunu avropalılar heç gizlətmir də. Belə olan halda Ermənistan vətəndaşlarını da eyni aqibət gözləyir.
Seyid Əhmədli, Bizimyol.info