Şri-Lankada Yala Milli Parkında 92 qorunan kəpənək növü də daxil olmaqla yüzlərlə həşəratla tutulan iki İtaliya vətəndaşı 200 min dollar cərimə olunub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, italiyalı 68 yaşlı ata Luici Ferrari və onun 28 yaşlı oğlu Mattia Ferrari mayın 8-də safari parkından yüzlərlə endemik böcəyi qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərkən park rəsmiləri tərəfindən saxlanılıb.
Aparılan araşdırmalara görə, ata və oğlu heyvanların diqqətini çəkən tələlərlə həşəratları tutub və onları kimyəvi maddələrlə mumlayaraq qorumağı planlaşdırıblar. 92 müxtəlif növ kəpənək də daxil olmaqla yüzlərlə böcəklə tutulan Ferrari ailəsi Şri-Lankada vəhşi təbiət cinayətlərinə görə ən yüksək cəzaya məhkum edilib.
Yala Milli Parkının gözətçisi K.Sujeeva Nishantha bildirib ki, hadisə baş verən gün safari cipinin sürücüsü meşə kənarında dayanmış "şübhəli avtomobil" barədə məlumat verib. Dayanacaq işçiləri avtomobili tapanda onun baqajında yüzlərlə bankada ölü həşərat aşkar ediblər.
"Bütün böcəklər ölüb, şüşələrə kimyəvi maddələr qoyublar", - deyə Nişanta qeyd edib.
Əvvəlcə 810 cinayət işi üzrə araşdırılan ata və oğula ittihamlar 304-ə endirildi. Əgər Ferrari ailəsi sentyabrın 24-dək cəriməni ödəyə bilməsə, onları iki il həbs cəzası gözləyir.
İtalyan xəbər mənbələrinə görə, Luici Ferrari ortoped cərrahdır və eyni zamanda Modenadakı entomoloji cəmiyyətin üzvüdür. İtaliyadakı dostları böcəklərin heç bir kommersiya dəyəri olmadığını iddia edərək onların bağışlanmalarını istəyiblər.
Qadir, Bizimyol.info