Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Superkriminalitet və polis generaliteti...
Superkriminalitet və polis generaliteti...

Rəqəmsal dünyada yaşayırıq artıq. Hər şey rəqəmsallaşıb. Dövlətlərin əlaqələrindən tutmuş insanların münasibətlərinə qədər. Canlı ünsiyyətdən virtual kommunikasiyalara sürətli və kütləvi keçid var.

Ticarət də rəqəmsallaşır, siyasət də, məişət də. Hətta məhəbbət də. Artıq evlilik yaşlı cavanlar arasında ömür yoldaşını virtual aləmdə axtaranlar çoxalıb. Dünyanın harasında olursa-olsun. Azərbaycanda qohum evlilikləri qadağan edilərkən, cavanlarımız artıq öz "yad"larımızı bəyənmir; özgə "yadlara", əcnəbilərə meyl artıb.

Bəli, şəxsi həyatımıza, məişət mədəniyyətimizə qədər gəlib çatıb bu trend. Biz dünən elektron siqaret görəndə təəccüblənirdik, bu gün qazanılan və xərclənən pullar da elektronlaşır. Kriptovalyuta birjalarındakı rəqəmlərə baxsaq, dünyanın qısa müddətdə necə rəqəmsallaşdığını görə bilərik.

Bəli, ticarət də rəqəmsallaşıb, siyasət də, hətta məhəbbət də. Ancaq bu da son deyilmiş: cinayət də rəqəmsal platformalara dreyf edib. Deep veb - dərin internet çoxdan hər növ cinayətkar üçün əlverişli, sakit liman idi. İndi artıq sosial şəbəkələr də bu cür antiinsani və illeqal əməllər üçün rahat platformalara çevrilib. Dünya bundan əziyyət çəkir; dünənə qədər silahlanma yarışı, nüvə qarşıdurması ehtimalı, qlobal terrorizm, dini fundamentalizm və sair kimi meyllər Planeti daha çox hədələyirdisə, indi dövlətlər və fərdlər kibercinayətkarlıqla sınanır. Azərbaycan da bu bütün kəskinliyi ilə hiss olunur. Hər gün nə qədər vətəndaş kiberdələduzluğun qurbanı olur. Polis orqanları şikayətlərlə doludur. Ancaq itirilən pulları geri qaytarmaq ya çətin olur, ya da heç mümkün olmur. Çünki bunlar çox hallarda transmilli mütəşəkkil cinayətkarlıq əməlləridir. Həm də internet və sosial şəbəkələr üzərindən. Yaxud da, sadəcə, telefon zəngləri ilə adamları da aldada bilirlər.

İnsanlarımız çətin durumdadır. Pulu olan da, sözün birbaşa mənasında, pulunu qoymağa yer tapmır. Banka qoyur, bank çökür. İt də gedir, ip də. Biznesə qoyur, ağır vergi yükü, haqsız rəqabət, tənzimləyici rəsmi qurumların korrupsiyası bu sərmayəni də batırır. Ona görə də kimin imkanı var ölkədə və ya xaricdə əmlak alır, imkanı olmayan da qalır məətəl. Ona görə virtual aləmdən hər hansı qazanc təklifi gələndə, onu göydə qapırlar. Nəticədə çox zaman kiberdələduzun, ya da elə klassik dələduzun toruna düşürlər. Elə öz ətrafımızda bu tora düşüb başı bəla çəkmiş xeyli insan var. Bu bəla ilə baş etmək asan deyil. Adamlar əlləri ilə verdiyinin dalınca ayaqları ilə düşüb polisin qapılarında sürünür. Çox hallarda polis də heç nə edə bilmir. Çünki, dediyimiz kimi: bu, əksərən transmilli cinayətkarlıqdır. Üstəlik də virtual, rəqəmsal. İlleqal. Əldən gedən pullar isə böyük rəqəmlərlə ölçülür. Həm də bu, tək bizim başımızda görünməyib; Almaniyada qısa müddətdə kibercinayətkar şəbəkə müxtəlif şirkətlərin və şəxslərin üst-üstə 2,7 milyard avro pulunu ələ keçirib. Ağıllı telefon, məsələn, elə onu icad etmiş ağıllı insanın "öz başında çatlayır". Dünya rəqəmsallaşdığı dərəcədə ayıq deyilmiş. Hərənin əlində bir smartfon olmağına baxmayın, hərəni bir smartfon ələ keçirib. İnsan virtual platformaları, rəqəmsal proqramları yaradanda elə bilirdi ki, onları istədiyi kimi idarə edə biləcək. Əksinə olur, deyəsən. Artıq sanki özü virtual dünyanın əzib, büküb, özünə uyğun düzəltdiyi bir insandır.

Cinayət də, cinayətkarlıq da həmişə olub, var və olacaq da. Siz İsveçrədə hansısa həbsxananın bayırdan qıfıllandığına baxmayın. Bu, dünya zənginlərinin pullarını bu "maliyyə cənnəti"nə daha çox cəlb etmək üçün piar da ola bilər. Hətta lap həqiqətsə belə, xaricdən axan ucuz pulları bahalı investisiyalara çevirib asanca qazanan isveçrəli niyə gedib bank yarsın ki?! İnsanların çoxu cinayətə nədən əl atır?! Çıxılmazlıq hissindən. Oğurluq, quldurluq, dələduzluq kimi cinayətlər gəlirlərin ədalətsiz bölgüsünə insan psixikasının təhrifli - cinayətkarcasına reaksiyasıdır həm də. Özünə çatmayanı özgənin əlindən zorla, ya da hiylə işlədərək alır.

Gəlirlərin ədalətli bölündüyü ölkədə, əlbəttə, həbsxana bayırdan qıfıllanar. Ancaq bizim reallığımız hələ bundan çox uzaqdır. Varlıların getdikcə daha da varlandığı, yoxsulların hər gün daha da yoxsullaşdığı cəmiyyətlərdə, təbii ki, həbsxanalar hələ uzun zaman içəridən qıfıllanacaq. İstənilən ictimai xoşbəxtliyin qapılarının açarı əslində o cəmiyyətdəki insanların öz əlindədir.

Baxın, bizi təhdid edən, açıq-aşkar yağmalayan bir kiberdələduzluğun kütləvi qurbanlarıyıq artıq. Bu da cinayətdir, bəli. Həm də, dediyimiz kimi, transmilli, mütəşəkkil kriminal. Ancaq qəribəsi odur ki, biz təkcə zərərçəkənlər deyilik, həm də cinayətin iştirakçısı oluruq. Öz əlimizlə öz pullarımızı kiberdələduzlara peşkəş etmiş oluruq. Bilmədən, istəmədən. İstəsək qoruna bilərik. Bunun üçün özümüzü birinci elə özümüzdən qorumalıyıq. Biz kart hesablarımızdakı pulumuzu qorumağı öyrənməliyik. Öz şəxsi məlumatlarımızın qayğısına qalmağı bacarmalıyıq. Bank kartlarımızın, şəxsiyyətimizi təsdiq edən sənədlərin şəkillərini çəkib, sağa-sola göndərmək olmaz. Xaricdən gələn şübhəli zənglərə, asan və tez qazanc təkliflərinə uymaq olmaz. Sosial şəbəkələrdə dövlət başçılarının, nəhəng şirkət rəhbərlərinin şəkilləri altında paylaşılan feyklər sosial şəbəkələri başına götürüb, aldanmaq olmaz. İndi süni intellektlə insanların səsi kopyalanır, real insanın virtual nüsxəsi yaradılır və kiberkriminal məqsədlərlə istifadə olunur. Diqqətli olmaq gərəkdir.

Diqqətimiz dağılan kimi, varımız-varidatımız dağılıb əldən gedə bilir. Biz yeni çağın coğrafi sərhəd tanımayan ən yeni kriminaliteti ilə üzbəüzük. Bundan bizi heç superprofessional polis generaliteti də qoruya bilmir. İstəsə də, qoruya bilmir. Ağlımızda olsun...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »