İçərişəhərin bulvar tərəfdəki çıxışına yaxın dördmərtəbəli bina memarlıq üslubu baxımdan xüsusilə seçilir, göz oxşayır. Binanın tarixini çox adam bilmir. Hətta söhbətləşdiyimiz mühafizəçi də bunu etiraf edir, amma deyir ki, memarın alman olduğunu eşidib.
Bizimyol.info sizə “Ramazanovların evi”ndən danışacaq. Həmin dördmərtəbəli bina daha çox belə tanınır. Bakılı tacir Məmmədkərim Ramazanov ailəsi ilə məhz burada yaşayıb.
Binanın 1895-ci ildə inşa olduğu məlumdur. Tikintidə milli-romantik üsluba üstünlük verilib. Taxtalı eyvanın, günbəzin, müxtəlif bədii oyma nümunələrinin, naxışların binaya xüsusi estetik sima bəxş etdiyini qeyd edə bilərik.
Hacı Məmmədkərim Ramazanov yetərincə uğurlu iş adamı kimi tanınıb. Onun şəhərin müxtəlif yerlərində təsərrüfat dükanları olub. Onlardan biri də binanın birinci mərtəbəsində, indi “Old city” restoranı olan hissədə yerləşirmiş. Aşağıda həm də Ramazanovların “Ermes” adlı kinoteatrı fəaliyyət göstərirmiş. İkinci, üçüncü mərtəbədəki otaqlar icarəyə verilirmiş. Hacı Məmmədkərim Ramazanov ailəsi ilə dördüncü mərtəbədə yaşayırmış.
Tacir daha çox naxışlı eyvanda əyləşməyi sevirmiş. Taxtalı eyvana xanəndələr dəvət olunar, muğam axşamları təşkil edilərmiş. Camaat muğama qulaq asmaq üçün eyvanın aşağısında toplaşarmış.
Bolşeviklər Bakını ələ keçirəndən sonra bina Ramazanovların əlindən alınıb, ailəyə dördüncü mərtəbədə iki otaq verilib. Hətta evdə ailə üzvlərinin sayı qədər boşqab, qaşıq, çəngəl saxlanılıb. Evin qalan hissəsi sovet dövründə bir neçə mənzilə ayrılaraq müxtəlif şəxslərə paylanılıb.
Hacı Məmmədkərim Ramazanovun uzun illər övladı olmayıb. Bir dəfə camaatın qarşısında əhd edib ki, övladı olsa, Məşhədə körpənin çəkisi qədər qızıl göndərəcək. Hacı qızı Hökumə doğulanda vədinə əməl etməyi unutmayıb. Hətta pulu çatmayanda tərəziyə qızılla bəzənmiş kəmərini qoyub.
Hökumənin 14 yaşı olanda onun üçün evə şəhərin tanınmış qoçularından biri elçi gəlib. Hacı Məmmədkərin Ramazanov izdivaca razı olmayıb, qoçunu evindən qovub. Bundan qəzəblənən həmin şəxs Hacının Osmanlı sultanının şərəfinə adlandırdığı oğlu Abdulhəmidi öldürüb. Ramazanov ailənin qalan üzvlərinin təhlükə yaşamaması üçün qisas almamaq qərarına gəlib.
Hacı Məmmədkərim Ramazanov 1921-ci ildə vəfat edib. Deyilənə görə, ötən əsrin 50-ci illərində qatil Hacının həyat yoldaşı Ümbulbanu xanımdan üzr istəməyə gəlib, amma qadın onu bağışlamayıb. Hökumə qardaşının ölümündən sonra heç vaxt ailə həyatı qurmayıb. O, ölkənin ən yaxşı pediatrlarından biri olmağı bacarıb.
İndi dördüncü mərtəbədə məhz Ramazanovlar nəslinin nümayəndələrinin yaşadığı bildirilir. Tacirin nəvəsinin bir neçə il əvvəl həyatdan köçdüyü məlumdur.
Aytən, Bizimyol.info