Cəbrayıl və Zəngilan, Güney Azərbaycan və Quzey Azərbaycanın sərhəd bölgələrindən ermənilər qovulduğu zaman İran bu sərhəd dəyişikliyini "qırmızı xətt" adlandırdı. Belə ki, İran işğal olunmuş torpaqlarımızdan ermənilərin qovulmasını və azərbaycanlıların öz torpaqlarına qayıtmasını "qırmızı xətt" olaraq elan etmişdi.
Bu barədə Bizimyol.info xəbər portalına Güneyli fəal, siyasi şərhçi Mehsa Mehdili danışıb. Siyasi şərhçi İranın Araz sahilində həyata keçirdiyi “hərbi təlimdən” də söz açıb.
“Yadınızdadırsa, bir neçə dəfə Arazın sahilinə öz köhnə silah-sursatlarını yığdılar və orada özlərini "göstərdilər". Unutmayaq ki, torpaqlarımız erməni işğalında olanda İran heç vaxt bunu qırmızı xətti olaraq görmədi və Ermənistanın bölgədəki izolyasiyadan qurtarılması üçün çalışdı, tək nəfəs borusu olaraq hər zaman Ermənistana dəstək verdi. İran bu gün də eyni cizgidən davam edir”.
Güneyli fəal, siyasi şərhçi Mehsa Mehdili qeyd edib ki, Pezeşkian və ya hər hansısa bir prezident İranın siyasi sistemində və xarici siyasətində ana xətləri seçəcək birisi deyil, belə bir ixtiyarı yoxdur. Şərhçi hesab edir ki, İran hökuməti, Tehran rejimi özünü siyasi "qəfəs"dən qurtarmaq üçün bu səfər Məsud Pezeşkianı istifadə etdi: “Pezeşkianın azərbaycanlı və yaxşı bir keçmişi olduğu bilinirdi. Pezeşkian çıxışlarında İranda yaşayan bütün xalqlara və dinlərə vədlər verdi. Xarici siyasətdə Tehran hökumətinin daha yumşaq bir üz göstərməyə ehtiyacı var idi. Məsud Pezeşkiandan da bunun üçün istifadə edildi. Nə daxili siyasətdə, nə xarici siyasətdə İran prezidentinin bir ixtiyarı yoxdur. İran siyasətini daxildə və xaricdə idarə edən tək şəxs, dini lider Əli Xameneyidir. Dini lider nə desə, Pezeşkian sadəcə onu edə bilər”.
Mehsa Mehdili vurğulayıb ki, Məsud Pezeşkian idarəsində xarici siyasətdə bir dəyişiklik olacağı gözlənilmir. Çünki, Pezeşkianın elə bir səlahiyyəti yoxdur: “Bütün idarələrin başında duran şəxs, dini lider dediyimiz Əli Xameneyidir. İran konstitusiyasına görə onun dərəcəsinin üstündə heç kimsə yoxdur və prezident kim olsa, onun siyasətini həyata keçirmək üçün gəlir. Bu səbəbdən də, Pezeşkiandan da bir şey gözlənilməməlidir”.
İradə Cəlil, Bizimyol.info