Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistandan tələblərimiz imzalanan müqavilə və bəyanatlara əsaslanır, İranın müdaxilə haqqı yoxdur"
"Ermənistandan tələblərimiz imzalanan müqavilə və bəyanatlara əsaslanır, İranın müdaxilə haqqı yoxdur"

İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşündə İran İslam Respublikasının beynəlxalq sərhədlərin toxunulmazlığı, istənilən geosiyasi dəyişikliyə qarşı çıxması və qonşularının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini açıqlayıb. Qriqoryan isə, İranın mövqeyinə görə təşəkkür edib və “Ermənistanın İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini və heç bir qüvvənin İran və Ermənistan arasındakı ərazi əlaqəsini qıra bilməyəcəyini” vurğulayıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü səs-küylü olub. Belə ki, səfir bəzi məqamlardan danışarkən ikibaşlı cümlələr qurub.

Müşfiq Cəfərov Müşfiq Cəfərov

“İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, İran Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün dəyişdirilməsinə qarşıdır. Təbii ki, Azərbaycanın da heç bir dövlətin ərazi bütövlüyünə iddiası yoxdur. Həmçinin, Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü dedikdə, Qarabağ və ətraf ərazilər nəzərdə tutulmayıb. Əgər Mehdi Sübhani sərhədlərin dəyişdirilməsi dedikdə əvvəllər erməni işğalı altında olmuş Azərbaycan torpaqlarını qeyd edirsə, bu böyük siyasi səhv olmaqla yanaşı, BMT kimi beynəlxalq səviyyəli birliklərin qərar və prinsiplərinə hörmətsizlik deməkdir. Onun özünün də qeyd etdiyi kimi hər kəs beynəlxalq qanunlara hörmət etməlidir. Hətta o, bu açıqlamasını “Azatutyun”-a eksklüziv müsahibəsində də qeyd etmişdi. Cəmi iki ay fasiləylə Ermənistandakı İran səfiri öz dediklərini təkzib edir”-deyən deputat vurğulayıb ki, səfirlərin təmsil etdikləri ölkələrin auditoriyasına hesablanmış fikirlər səsləndirmələri gözləniləndir. Xüsusilə, indiki halda, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin, eyni zamanda, öz ölkəsinin maraqları çərçivəsində erməni cəmiyyətinə "oynaması" da təbii haldır.

Deputat bildirib ki, artıq neçənci dəfədir Sübhaninin siyasi etikadan kənar davaranışını görürük. Bu, birbaşa ermənipərəst mövqedən irəli gəlir: “Hər kəsə məlumdur ki, Ermənistan İran üçün çox vacibdir və ona görə də otuz ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğalda saxlamasına göz yumdu. İran cənub qonşumuzdur, hər bir halda bu regionda birgə yaşamaq üçün ortaq məxrəcə gəlinməlidir. Digər tərəfdən İran böyük türk kəsimi olan soydaşlarımızın vətənidir. Dövlətimiz hər zaman xarici məsələlərdə milli maraqları daxilində irəliləyib. Bütün Qərbin, beynəlxalq aləmin, yəni Ermənistanın dostlarının İrana qarşı birləşdiyi vaxtda belə, dövlətimiz qonşuluq münasibətlərinə xələl gətirəcək heç bir addım atmayıb”.

Müşfiq Cəfərov deyir ki, Azərbaycan bundan sonra da bilavasitə özünün milli maraqları kontekstindən kənar addımlar atmayacaq. Ancaq Naxçıvana maneəsiz quru yol ölkəmizin mənafeyi baxımından mühüm yer tutur: “İkinci Qarabağ müharibəsi bitən kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atanlardan biri isə erməni baş nazir Nikol Paşinyandır. Bəyanatda hansısa İran rəsmisinin imzası yer almır. Deməli, prinsip etibarilə hazırda Naxçıvana yol xüsusunda rəsmi İrəvana yönəlmiş tələbimizin Tehrana heç bir aidiyyatı yoxdur”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »