Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yarasaların sayının azalması uşaq ölümlərini artırır
Yarasaların sayının azalması uşaq ölümlərini artırır

ABŞ-da yarasaların azalmasının uşaq ölümlərini artırdığı müəyyən edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, yeni araşdırma ekosistemin deqradasiyasının insan sağlamlığına dolayı təsirini göstərən tapıntıları əlavə edir.

Yarasalar çoxları tərəfindən qaçınılması lazım olan qorxulu canlılar kimi görünsə də, ekosistemlərin tarazlığının qorunmasında böyük əhəmiyyət kəsb edir. Xüsusilə, hər gecə minlərlə həşərat yeyərək əkinçilik ərazilərində pestisidlərin istifadəsini xeyli azaldırlar.

Bununla belə, ABŞ-da yarasa populyasiyası son 20 ildə ciddi təhlükə altındadır. 2006-cı ildə Avropa və ya Asiyadan Şimali Amerikaya gətirildiyi güman edilən Pseudogymnoascus destructans göbələyinin yaratdığı ağ burun sindromu yarasaların populyasiyasını ciddi şəkildə azaldır. İnsanlara heç bir təsiri olmayan bu göbələk yarasaları öldürə bilir və yoluxduğu bütün koloniyaları məhv edəcək qədər güclüdür. Hazırda bu xəstəlik ABŞ-ın 40 ştatında və Kanadanın 9 əyalətində müşahidə olunur.

Çikaqo Universitetinin ekoloji iqtisadçısı Dr.Eyal Frank təəccüblü bir nəticə çıxardı və yarasa populyasiyasının azalmasının körpə ölümü ilə əlaqəli olduğunu ortaya qoydu. "Science" jurnalında dərc edilən araşdırmaya görə, 2006-2017-ci illər arasında yarasa populyasiyasının azaldığı bölgələrdə pestisidlərdən istifadə 31 faiz artıb.

Pestisidlərin hava və su ilə qarışaraq insan sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirən Frank, bu maddələrin çox istifadə edildiyi bölgələrdə uşaq ölümlərini araşdırıb. Tədqiqat göstərdi ki, ağ burun sindromunun yarasa populyasiyasını azaltdığı bölgələrdə körpə ölümləri 8 faiz artıb.

Dr. Frank hesab edir ki, 2006-2017-ci illər arasında 1334 körpə bu səbəbdən ölüb. Tədqiqatçılar həmçinin narkotik istifadəsi, valideyn işsizliyi, geni dəyişdirilmiş bitkilər və hava şəraiti kimi faktorları təhlil edərək bu ölümlərin başqa bir səbəbdən baş vermədiyinə əmin olublar. Lakin o, ölümləri yarasa populyasiyasının azalmasından başqa heç bir səbəblə əlaqələndirə bilməyiblər.

Doktor Frank "Washington Post"a deyib ki, yarasalar ekosistemlərdə mühüm rol oynayır: "Yarasalar uzaq durmağı üstün tutduğumuz, lakin ekosistemlərdə həqiqətən təsirli rol oynayan növlərin gözəl nümunəsidir", - deyib.

Dr.Frankın daha əvvəl Hindistanda apardığı başqa bir araşdırmada, qarğaların sayının azalmasının su ehtiyatlarını çirkləndirən çürüyən heyvan cəsədləri və quduzluğun yayılması kimi ciddi problemlərə səbəb olduğu müəyyən edilmişdir. Bu proses yarım milyondan çox insanın ölümünə səbəb oldu.

Beynəlxalq Yarasaların Mühafizəsi Təşkilatından Dr. Vinifred Frick araşdırmanın məlumatlarını görüncə təəccübünü gizlədə bilmədiyini söyləyib. "Biz yarasaların ekosistem xidmətlərini düzgün qiymətləndirmirik, çünki onların əhəmiyyətini tez-tez ölçə bilmirik", - deyə o, "New York Times"a bildirib.

Tədqiqatda iştirak etməyən elm adamları da tapıntıların etibarlı olduğunu, lakin bəzi çatışmazlıqların olduğunu bildirdilər. British Columbia Universitetinin ekoloji iqtisadçısı Dr. Frederik Noack, pestisidlərin körpələrə təsirini tam başa düşmək üçün daha çox sualın cavablandırılmasının lazım olduğunu söylədi. Bard Kollecindən Dr. Felicia Keesing birbaşa məlumat əldə etmək üçün sahə tədqiqatlarına ehtiyac olduğunu müdafiə etdi.

Dr Keesing bu tapıntıların yarasaların qorunması səylərini sürətləndirməsi lazım olduğunu vurğulayır: "Bu araşdırma yarasaların nəslinin kəsilməsinin bəzi nəticələrini göstərir və yarasalar itirdiyimiz növlərdən yalnız biridir", - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »