Birləşmiş Ştatlar miqrasiya böhranı ilə üzləşib və hazırkı hakimiyyət dövründə vəziyyət daha da pisləşib. Bunu Harrisburqda (Pensilvaniya) seçicilərlə görüşündə çıxış edən sabiq dövlət başçısı, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib. “İndi bizim əsas problemimiz ölkəyə buraxılan 21 milyon insandır. Dövlətimizi zəhərlədilər. Buraya həbsxanalardan, psixiatriya xəstəxanalarından gəlirlər. Onların arasında terrorçular da var. Bu, indiyədək üzləşdiyimiz ən çətin problemdir”, - Tramp bildirib.
Maraqlıdır ki, miqrasiya böhranı ABŞ-da cari seçki kampaniyasının əsas mövzularından birinə çevrilib. Respublikaçılar böhranın kəskinləşməsində demokratları günahlandırırlar. Tramp söz verir ki, seçkidə qalib gəlsə, ABŞ tarixində ən böyük miqrant deportasiyasını təşkil edəcək. Trampın bu çıxışı onun səs faizinə təsir edəcək, bəs hansı istiqamətdə?
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, son illərdə Amerikaya çoxlu miqrant axını var. Bu, əsasən iqtisadi vəziyyəti çətin olan ölkələrin vətəndaşlarıdır. Onlar da kütləvi şəkildə Meksika və Amerika sərhədlərindən keçirlər. Nə qədər qadağalar qoyulsa da. yenə də keçirlər, böyük problem yaranır.
Politoloq hesab edir ki, Trampın belə bir çıxışı ancaq onun özünə zərərdir: “Amerika özü elə miqrantlardan təşkil olmuş bir ölkədir. Yerli hindular demək olar ki, qalmayıb. Ora gələn xalqlar bütün dünyanın hər yerindən ora gəliblər və orada yerləşiblər. Bu gün də Amerikaya axın var. Təkcə iş üçün deyil, beyin axını da var. Son dövrlər Rusiyada, Ukraynada baş verən hadisələrlə bağlı çoxlu gənclər, alimlər, iş adamları Amerikaya miqrasiya ediblər.
Elşad Həsənov hesab edir ki, bu gün Amerikanın belə güclü iqtisadiyyatının, güclü siyasətinin olmasına səbəb, məhz dünyada yaşayan xalqların təhsil almaq və işləmək üçün ora getməsi və orda özlərini ifadə edə bilmələrinin nəticəsində olub.
“Trampın bu çıxışı isə hesab edirəm ki, onun özünə ziyandır. Onsuz da artıq onun Amerikanın layiqli prezidenti ola biləcəyi ilə bağlı xülyalar alt-üst olub. Kamala Harris irəliləyir. Bu irəliləmə davam edəcək. Çünki Tramp artıq həm də Baydenlə olanda ona ironiya ilə deyir ki, “qocadır, yaşlıdır”. Əgər Tramp seçilsə, o da ən yaşlı prezidentlərdən olacaq. Bu səbəbdən də, onun seçilmə şansı getdikcə azalacaq. Baxmayaraq ki, Tramp bəzi şüarları ilə seçiciləri özünə cəlb etmək istəyir. Hesab edirəm ki, Kamala Harris daha çox səs toplayacaq və onun seçilmə şansı daha çox olacaq”-deyə politoq bildirib.
Elşad Həsənov qeyd edib ki, “Respublikaçılar”-ın daxilində olan Dik Çeyninin qızı bu gün “Respublikaçılar”ın partiyasında nüfuz sahibidir. O da, Trampa səs verməməyə çağırır.
Politoloqun fikrincə, Tramp seçkilərdə uduzacaq.
“Trampı Rusiyanın adamı hesab edirlər. Tramp deyib ki, “mən hakimiyyətə gələn kimi Rusiya-Ukrayna müharibəsini dayandıracam”. Ancaq Putinə Vladivaskovda sual verdilər ki, “sizin üçün favorit kimdir?” Putin bildirdi ki, “mənim üçün favorit Bayden idi, Bayden getdi, indi onun yerinə favorit Kamala Harrisdir”. Və bu gün isə Tramp çıxışında bildirdi ki, “Putinin mövqeyini başa düşmədim. Bu, mənə təhqir sayılır, yoxsa nədir? Mən Putinin belə mövqeyini anlaya bilmədim”. Yəni artıq Putin də ondan imtina edir. Çünki Putin də dəqiq bilir ki, Tramp prezident seçiləsi deyil”-deyə politoloq vurğulayıb.
Elşad Həsənov bildirib ki, Amerika iqtisadiyyatı bu gün dünyanın ən güclü iqtisadiyyatıdır. Bu səbəbdən də, miqrantlar gedib orada ağır işlərdə işlərdə işləyir və ailələrini dolandırırlar.
“Onların kütləvi şəkildə, yəni 21 milyonu çıxarmaq Tramp prezident seçilsə də etmək mümkün olmayacaq”-deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info