Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəb "diktator"ları
Məktəb "diktator"ları

Elm və Təhsil naziri Emin Əmrullayev deyir: "Məktəb direktorlarının qəbuluna düşmək mənim qəbuluma düşməkdən çətindir".

Sözün düzü, bilmirəm, nazirin özü hansısa məktəb direktorunun qəbuluna düşə bilməyib, ya yox. Amma dedikləri doğrudur. Məktəb direktorları artıq çoxdan məktəb "diktator"larına çevriliblər. Təhsil işçisindən bürokrat profilinə çevriliblər. Sözün ən bürokratik mənasında. Onların çoxu, ya da elə hamısı, doğrudan da, elə paralel olaraq bürokratdırlar; məntəqə seçki dairələrinin bir çoxuna baxsanız, məktəb direktorlarını görərsiniz. Seçki komissiyalarında iştirak direktorlarda siyasətçi maneraları formalaşdırıb. Ancaq onlar həqiqətən də siyasətçidirlər; hakim partiyanın və ya hakimiyyətyönlü partiyaların üzvləridirlər. Bir çoxlarının arxasında ayrı-ayrı dövlət məmurları, siyasi fiqurlar dayanıb. Hələ mənsub olduqları siyasi partiyanı demirəm. Bu üzdən, həm də bu üzdən, bəlkə də elə daha çox bu üzdən məktəbləri direktor kimi yox, mini-diktator kimi idarə edirlər. Arxalarındakılara arxayındırlar. Əlbəttə, söhbət bəlkə də hamısından getmir, istisnalar həmişə var.

Nazir Emin Əmrullayev, yəqin, çoxdan çalışır ki, bu problemi həll etsin. Əslində ondan əvvəlkilər - postMərdanov dövrünün bütün nazirləri bu problemdən "əziyyət çəkiblər". Amma vəziyyət, əsasən, dəyişməz qalıb.

Niyəsini də deyim...

Nazir, bəli, öz sahəsində birinci şəxsdir. Elm və Təhsil naziri də həmçinin. Ancaq Elm və Təhsil naziri birinci də olsa, bir şəxsdir; tabeliyinə minlərlə irili-xırdalı birinci şəxslər var. Ali məktəblərin, orta ixtisas məktəblərinin, orta məktəblərin, üstəgəl bağçaların birinci şəxsləri. Hərə özünü birinci sayır və sistemin daxili məntiqinə uyğunlaşmaq istəmir. Xüsusilə, hər hansı məktəb direktoru, hətta müəllim gedib seçkidə hansısa məntəqədə qutuya bülleten atırsa, yaxud protokollara barmaq uzadırsa, ona elə gəlir ki, ən birinci şəxsin ən birinci adamıdır. Bu hiss bir çoxlarında var; ierarxiyadakı yerlərini qarışıq salır, hər şey qarışır bir-birinə. Özlərini təhsil sisteminin deyil, siyasi sistemin vahidləri, vazkeçilməz sütunları saymağa başlayırlar. Bu minvalla seçkidən-seçkiyə daha da məmurlaşıb, kiçik monstrlara çevrilirlər.

Yenə də deyirəm: istisnalar həmişə var.

Bəli, ölkədə kütləvi "direktoriya" sindromu var. Mikayıl Cabbarovdan üzü bəri təhsil nazirləri bununla əlləşiblər. Nəticəsiz!

Bir çıxış yolu kimi məktəbdə direktorun sırf menecer funksiyası daşıması da düşünülüb. Yəni direktor heç müəllim olmaya da bilər (olmaması lazım) deyə. O, sırf məktəbin təsərrüfat fəaliyyətinə rəhbərlik etsin. Pedaqoji işləri isə müəllimə həvalə etmək olar. Buna ad da tapmaq olar. Bəlkə tibbdə olduğu kimi olsun: klinikanın direktoru var (o, heç həkim deyil, ya iqtisadçıdır, ya hüquqçu və sair), amma bir də baş həkim var. Onun da işi tibbi xidməti doğru-düzgün qurmaqdır. Bəlkə məktəbdə də belə olsun: direktor ayrı, baş müəllim ayrı. Yaxud "baş müəllim" demirsiniz, "tədris işləri müdiri" deyin. Məsələn, teatrlarda da belədir. Direktor da var, baş rejissor da. Mədəniyyət naziri hüquqşünas ola bilirsə, məktəb direktoru da elə olsun. Lap musiqi məktəbininki də.

Bilmirəm, bəlkə bu da çıxış yolu deyil. Amma, məncə, ən düzgün çıxış yolu məktəbi siyasətə qatmamaq olardı. Müəllim (məktəb direktoru oldu, olmadı), seçki proseslərindən uzaq tutulsun bəlkə, hə?! Hərbi qulluqçular, polis işçiləri... kimi bəlkə məktəb direktorlarına da, müəllimlərə də siyasi partiya üzvü olmaq qadağası qoyulsun.

Hüquq fakültələrində, İdarəçilik Akademiyasında və sair seçki menecerliyi ixtisası yaradılsın. Adı fərqli ola bilər. Sırf seçki texnoloqları, seçki idarəçiləri hazırlana bilər. Sonra komissiyalara cəlb etmək, yerləşdirmək. Onlara da partiyalılığın qadağan edilməsi şərtilə.

Düşünün: bir məntəqə komissiyasının sədri A partiyasının üzvüdürsə, o, B partiyasını qalib gəlməsini istəyərmi?! Əgər rəqib qələbə qazanırsa, bu komissiya sədri öz partiyası qarşısında günahkarlıq kompleksinə düşməzmi?! Düşər. Bir də var, heç bir partiyalılığı olmayan komissiya üzvləri. Onların siyasi simpatiyası-antipatiyası olmur.

Başqa çıxış yolları da düşünmək olar. Düşünmək də lazımdır. Qaçılmazdır. Çünki təhsili məktəb diktatorlarının caynağından qurtarmaq gərək.

Tədris ili başlayıb, cəmiyyət, gör, nəyi müzakirə edir?! Əsas müzakirə olunmalı məsələlər təhsilin özü ilə bağlı olmalıdır. Məsələn, niyə beynəlxalq riyaziyyat olimpiadasını uduzuruq?!

Yəqin burdan başlayır hər şey...

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »